Həyat yolu Şuşadan başlayıb. Xalq rəssamı Cəlal Qaryağdı 1914-cü il iyulun 17-də bu şəhərdə dünyaya göz açıb. Atası Məhərrəmin, anası Həcərin sevgisi və qayğısı ilə doğma şəhərində, isti ocağında keçən uşaqlığından onu məkrli ermənilərin saldığı qovğa ayırıb. Azərbaycanın bir çox yerində olduğu kimi, Şuşada da ağır günlər başlayıb.
Çox da uzaq olmayan keçmişdə bu yerlərə gəlib, qonaqpərvər, mehriban sakinlərinə sığınan ermənilər vaxt keçdikcə əsl simalarını, xislətlərini göstərirdilər. Əllərinə fürsət düşən kimi ermənilər yaxşılıq gördükləri azərbaycanlılara hücum edir, qətllər, qarətlər törədirdilər.
Yenə azğınlaşmış ermənilərin gətirdiyi bəlalardan baş götürüb qaçmaqdan başqa çarələri qalmayıb. Cəlalın Qaryagində (indiki Füzuli rayonu) yaşayan əmisi onları öz yanlarına çağırıb. Atası onları Qaryaginə aparıb. Ara sakitləşəndən sonra Şuşaya qayıdıblar. Sonralar Ağcabədiyə gediblər.
Cəlalın atası Məhərrəm ticarətçi olub. Əslində, o da qardaşı Cabbar Qaryağdıoğlu kimi məşhur xanəndə ola bilərmiş. Məhərrəmin bənzərsiz, qeyri-adi səsi olduğunu Şuşada bilməyən yox imiş. Ancaq o, xanəndəlik yolunu seçməyib. Ticarətlə məşğul olub. Məhərrəm Ağcabədidə dükan açıb. Ailəsini korluq çəkməyə qoymayıb.
Cəlal beş, qardaşı Camal isə dörd yaşına çatıb. Məhərrəmlə Həcər iki oğlunun böyüməsindən fərəhləniblar. Və üçüncü övladlarının dünyaya gəlməsini ümidlə gözləyiblər. Amma bədbəxlik bir-birinin ardınca gəlib. Ana da, uşaq da vəfat edib. İki körpə oğlan anasız qalıb. Həcərin anası nəvələrini özü böyüdəcəyini, nakam qızının ətrini onlardan alacağını söyləyib. Uşaqları Şuşaya aparıb. Cəlalın on bir yaşı olanda atası Məhərrəm də dünyadan köçüb.
Cəlal orta məktəbdə oxuyanda nənəsigil görüblər ki, onun ən sevimli məşğuliyyəti şəkil çəkməkdir. Qabiliyyətini görüb əvvəlcə sevinsələr də, sonralar gileylənməli olublar. Çünki Cəlalın kömürlə şəkil çəkmədiyi daş-divar qalmamışdı. Nənəsinin tacir qardaşları İrana alış-verişə gedəndə Cəlala bir-birindən gözəl rəngli karandaşlar, albomlar alıb gətirərdilər. Cəlal daha da həvəslənərdi.
Əmisi Cabbar bir gün yenə Şuşaya gəlib. Qardaşı oğlunun çəkdiyi şəkilləri ona da göstəriblər. Əmisi şəkilləri bəyənib və Cəlalı tərifləyib. Yeddinci sinfi bitirən kimi onu Bakıya gətirib. 1928-ci ildə Cəlal Qaryağdı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub.
Məktəbin axırıncı kursunda oxuyanda "Gənc işçi", "Yeni yol" qəzetlərində rəssam işləyib. 1932-ci ildə Rəssamlıq Məktəbini bitirib. O vaxtlar həmin məktəbin müəllimlərinin əksəriyyəti qeyri-millətlərin nümayəndələri idi. On səkkiz yaşlı Cəlal Qaryağdı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin ilk azərbaycanlı müəllimlərindən biri olub.
İki il sonra - 1934-cü ildə o, təhsilini davam etdirmək üçün Tiflisə yollanıb. Rəssamlıq Akademiyasına qəbul edilib. Maddi çətinliklərlə üzləşsə də, həvəsdən düşməyib, həm oxuyub, həm işləyib. Əziyyətlərə qatlaşıb, ancaq məktəbi başa vura bilməyib. Üç il oxuduqdan sonra Rəssamlıq Akademiyasını yarımçıq qoyub Bakıya qayıdıb.
Alman faşist ordusu 1941-ci ilin yayında Sovet İttifaqı ilə müharibəyə başlayanda Cəlal Qaryağdını da cəbhəyə aparıblar. Onu rəssam olduğu üçün ordudan tərxis ediblər. Gənc, istedadlı rəssam geri döndükdən sonra həvəslə fəaliyyətini davam etdirib. Oktyabr inqilabının ildönümü münasibətilə müsabiqə elan ediləndə Cəlal da çəkdiyi plakatı göndərib və qalib seçilib.
Cəlal Qaryağdı bir çox heykəli müsabiqə yolu ilə qalib gələrək hazırlayıb. 1950-ci illərin əvvəllərində Sovet İttifaqında proletariatın dahi rəhbəri sayılan Vladimir İliç Leninin heykəlinin hazırlanması üçün müsabiqə elan edilib. Müsabiqənin şərtinə əsasən, əsərlər müəlliflərin adları qeyd edilmədən təqdim olunub. Münsiflər heyəti əsərləri bu yolla dəyərləndirib. Onların əksəriyyəti Cəlal Qaryağdının düzəltdiyi heykəlin maketini bəyəniblər. Heykəltaraşa yaxşı mükafat verilib. Əsər gözlənildiyindən də uğurlu alınıb və sonralar SSRİ məkanında Leninin heykəlləri arasında ikinci yerə layiq görülüb.
O, artıq respublika qəzetlərində barəsində tərifdolu məqalələr dərc olunan, adı dillərə düşən istedadlı rəssam kimi tanınırdı.
Rəssamlıq Məktəbində müəllimlik fəaliyyətini dayandırıb yalnız sənətlə məşğul olan Cəlal Qaryağdı bir çox əsərlər yaradıb. 1939-1940-cı illərdə Molla Pənah Vaqifin heykəlini, 1947-ci ildə Nizaminin "Xosrov və Şirin" əsərinin motivləri əsasında "Fərhad Bisütun dağını yarır" barelyefini, 1949-cu ildə Həzi Aslanovun və Natəvanın büstünü, 1958-ci ildə Mirzə Ələkbər Sabirin, 1966-1968-ci illərdə Nəriman Nərimanovun heykəlini və başqa əsərlərini meydana qoyub.
Yalnız heykəltaraş kimi istedadlı deyildi. O, bir çox musiqi alətində çalmağı da bacarırdı. Olduqca məlahətli səsi, gözəl avazı vardı. Oxuyanda hamı heyran qalırdı.
1990-cı ildə baş verən siyasi hadisələrdən, sovet hakimiyyətinin dağılmasından, dövlət quruluşunun dəyişməsindən sonra Bakının baş meydanından Leninin heykəlinin götürülməsi barədə verilən qərardan hər bir azərbaycanlı kimi, o da razı qalıb. Ancaq necə gəldi parçalanan həmin heykəl Cəlal Qaryağdının böyük zəhmətinin və istedadının bəhrəsi idi. Sonra onun düzəltdiyi Bünyad Sərdarov büstü götürülüb. Bəlkə də "ölü heykəllər" qəbiristanlığı düzəldib bu cür abidələri ora qoymaq olardı. O zaman Cəlal Qaryağdıya deyiblər ki, müraciət elə, heykəlləri bir yerə yığıb saxlasınlar, onları necə gəldi parçalamasınlar. Heykəltaraş bunu etməyib.
Mövzusundan asılı olmayaraq, bütün əsərləri onun istedadının nişanələri idi. Və müəllif kimi Cəlal Qaryağdı üçün də onların hər biri doğma idi. Odur ki, əsərlərini itirəndə həyatının ən böyük kədərini yaşayıb. Şair Natəvanın büstünün oğurlanması heykəltaraş üçün çox ağır itki olub. Büst Moskvada keçirilən sərgidə nümayiş olunandan sonra "yoxa çıxıb". Müəllifin gözləri ömrünün sonunadək həmin əsəri axtarıb.
Onu bir yandan da qüssələndirən Nəriman Nərimanovun başıbəlalı heykəli olub. Abidənin açılışına az qalmış Moskvaya məktubla xəbər göndəriblər ki, azərbaycanlılar Bakıda Kirovun heykəlindən hündür heykəl ucaltmaq istəyirlər. Nəriman Nərimanovun heykəli artıq hazır idi. Tuncdan tökülmüş abidəni kiçiltmək mümkün deyildi. Nəriman Nərimanovun öz xalqına Kirovdan uca nöqtədən baxmasına yol verməmək üçün qərara gəliblər ki, heykəlin kürsüsü kiçildilsin. Müəllif bundan çox narazı qalıb.
Əməkdar incəsənət xadimi, Xalq rəssamı Cəlal Qaryağdı səksən yeddi illik ömrünün böyük hissəsini emalatxanada keçirmişdi. O, Montindəki emalatxanasından çıxmırdı. Qocalıq nə onun ürəyindəki həyat eşqinə, nə də yaradıcılıq istəyinə toxuna bilirdi. Cavanlarla dostluq edirdi. Planlar qururdu. "Ana" heykəli üzərində işləyirdi. Fərdi sifariş idi. Qocaman heykəltaraş deyirdi ki, bu heykəl bütün analara layiq olmalıdır. Əsəri hazırlaya-hazırlaya heykələ elə bağlandı ki, "Ana" aparılanda sarsıldı. Tezliklə infarkt oldu. Xəstəxanaya düşdü. 2001-ci il yanvarın 1-i görkəmli heykəltaraş Cəlal Qaryağdı həyatla vidalaşdı.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"