Akrobatların, əhliləşdirilmiş heyvanların, kəndirbazların, sehrbazların, musiqiçilərin müşayiəti ilə hazırlanan şouların nümayiş etdirildiyi məkan əsasən sirklərdir. Sirk sözü latın dilində (Circus) dairə mənasını verir. Təsadüfi deyil ki, sirk məkanları da məhz dairəvi formada tikilir.
Tarixi mənbələr sirkin qədim Romada yarandığını bildirir. Lakin qədim Roma dövründə keçirilən at və araba yarışlarını, qladiator döyüşlərini və təlim keçmiş heyvanlarla hazırlanan nümayişləri indiki sirk tamaşaları ilə eyniləşdirmək olmaz. Dünyada belə tədbirlərin keçirildiyi ən erkən yer isə Roma şəhərindəki “Circus Maximus”dur.
Sirk İngiltərədə keçmiş süvari zabiti, “sirkin atası” sayılan Filip Astli tərəfindən yaradılıb. 1768-ci ildə ordudan tərxis olunduqdan sonra Londonda yaşamağa başlayan Astli Vestminster körpüsü yaxınlığında atçılıq məktəbi açıb. O, səhərlər atçılıq məharəti barədə dərs deyib, günortadan sonra isə atçılıq şücaətlərini göstərib. Məktəbdə dairəvi arena olub. Buna görə də tamaşa yeri dairə (circle), ümumi məkan isə sirk (circus) adlandırılıb. O, iki mövsüm keçirilən tamaşalarla şöhrət qazanmağa və varlanmağa başlayıb. Daha sonra isə tamaşalara yenilik gətirmək üçün başqa atçılar, musiqiçilər, kəndirbazlar, iplə rəqs edənləri cəlb edib. Beləliklə də, müasir sirkin ilk ənənələri formalaşmağa başlayıb.
Astlinin fikrincə, yaratdığı yeni tamaşaların auditoriyası genişlənməli və başqa dövlətlərə, xalqlara da tanıdılmalı idi. Bu məqsədlə Astli yaz və yay aylarında şoularını göstərmək üçün xarici səfərlərə çıxmağa başladı. Tamaşaların təşkili nəzərdə tutulan ölkələrdə isə taxta amfiteatrların tikilməsi vacib idi. İlk belə yer 1773-cü ildə İrlandiyanın paytaxtı Dublin şəhərində tikilmişdi. Lakin taxta sirklər tez alışıb yandığından məqsədəuyğun hesab edilmədi və onun yerinə yanğına davamlı materiallardan tamaşalar üçün uyğun məkanların inşasına başlanıldı.
1782-ci ilə qədər Astli dünyada bənzərsiz sirk tamaşalarını təqdim edən yeganə şəxs idi. Həmin ərəfədə onun komandasında işləyən Çarlz Hughens mahnı müəllifi, pantomim aktyoru Çarlz Dibdin ilə birlikdə Londonda atçılıq məktəbi və kral sirki açdı. Bununla da sirklərin sayı artmağa başladı.
Sirk tamaşaları XIX əsrdən etibarən ABŞ-da da geniş yayıldı. Hətta burada təşkil olunan tamaşaların məzmununa yenilik də gətirildi. Məsələn, Purdi Braun adlı sirk təşkilatçısının sirk proqramlarına fil cəlb etməsi belə tamaşaların göstərilməsində yeni mərhələnin əsasını qoydu. Bu, sonralar sirk tamaşalarına digər heyvanların da cəlb edilməsinə səbəb oldu. Purdi Braun həmçinin ABŞ-da taxta konstruksiyaları sirk məkanlarını kətan çadırlarla əvəz edən ilk şəxsdir. Beləliklə, onun sayəsində Amerikada sirklərin yeni formaları, o cümlədən səyyar çadırlarda heyvanlarla göstərilən şoular meydana çıxdı. Təkmilləşmiş komandalarla təşkil edilən sirk tamaşalarına insanlar böyük maraq göstərirdilər.
Hazırkı sirk tamaşaları Astlidən bəri çox dəyişib. Pantomimanın, müasir avadanlıqların və ən əsası, peşəkar ssenarilərin əsasında ərsəyə gətirilən əyləncəli çıxışlar üçün böyük zəhmət ortaya qoyulub. İnsanların daim artan marağı isə dünyanın hər yerində peşəkar sirklərin yaradılmasına səbəb olub. Azərbaycanda isə əsası 1945-ci ildə qoyulan, hazırda da fəaliyyətini davam etdirən Bakı Dövlət Sirki truppası ilə tamaşaçılara bənzərsiz çıxışlar təqdim edir.