Azadlığına qovuşdurduğu ölkəsinin beynəlxalq
münasibətlərinin qurulması, istiqlalının qəbul edilməsi Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin qarşısında duran ən vacib və təxirəsalınmaz vəzifələrdən biri idi. Paris
Sülh Konfransında iştirak bu istiqamətdə mühüm addım olacaqdı. Odur ki, Azərbaycan
parlamenti konfransa tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar
qəbul etdi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov rəhbər təyin olundu. Nümayəndə
heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əkbər Şeyxülislamov,
Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər.
Azərbaycan nümayəndə heyəti əvvəlcə İstanbula
getdi. Onlar həmin şəhərdə ikən - 1919-cu il yanvarın 18-də Paris Sülh Konfransı
açıldı. Konfrans tarixi bir gündə işə başladı. Belə ki, 1871-ci ilin həmin günü
alman imperatoru l Vilhelm Versalda "Güzgülü zalda” Fransa-Prussiya müharibəsindən
qısa müddət sonra öz hakimiyyətini elan etmişdi. 1701-ci ilin 18 yanvarında isə
Prussiya krallığı yaranmışdı.
Məğlub ölkələr və bolşevik Rusiyası Paris
Sülh Konfransına dəvət edilmədi. "Böyük dördlük” - ABŞ prezidenti Vudro Vilson,
Böyük Britaniyanın baş naziri Lloyd Corc, Fransanın baş naziri Jorj Klemanso və
İtaliyanın baş naziri Vittorio Orlando konfransda aparıcı yer tuturdu.
Paris Sülh Konfransının başlıca məqsədi Almaniya
və onun müttəfiqləri ilə sülh müqaviləsi bağlamaq idi. Müqavilənin əsasını Vudro
Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Həmin maddələrin məğzi dünyanın
ədalətli şəkildə yenidən qurulması - gizli diplomatiyadan imtina, azad ticarət,
silahlanmanın azaldılması, xalqlara öz müqəddaratını təyin etmək hüququnun verilməsi
və digər prinsiplərdən ibarət idi.
Azərbaycan nümayəndə heyəti Parisdə...
Üç ay İstanbulda gözləməli olan, müttəfiq
dövlətlərin təmsilçiləri ilə yazışmalar aparan Azərbaycan nümayəndə heyəti, nəhayət,
aprelin 22-də İtaliya gəmisi ilə Fransaya yollandı. Onlar Parisə mayın 7-də yetişdilər.
Amma nümayəndə heyəti vəzifələrin icrasına artıq İstanbulda başlamış, Əlimərdan
bəy Topçubaşov, Əhməd bəy Ağayev və Ceyhun bəy Hacıbəyli tərəfindən hazırlanmış
"Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” adlı sənəd
üzərində yenidən işləyərək onu daha da təkmilləşdirmişdi. Məqsəd memorandumu Paris
Sülh Konfransının keçirildiyi ingilis və fransız dillərində kitabça şəklində hazırlayıb
konfrans iştirakçılarına paylamaq idi.
Onlar Parisdə bir neçə istiqamətdə fəaliyyət
göstərir, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi beynəlxalq miqyasda
tanıdılması yönündə çalışır, həm çar Rusiyasının süqutundan sonra yaranan Gürcüstan,
Ukrayna və digər yeni, müstəqil dövlətlərin, həm də Qərb dövlətlərinin təmsilçiləri
ilə danışıqlar aparırdılar.
Azərbaycan hökumətinin on dörd bölmədən ibarət
"Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” kitabça
kimi çap edilməzdən qabaq ingilis və fransız dillərində əlyazma şəklində konfransın
katibliyinə təqdim edildi.
1919-cu il mayın 28-də, İstiqlal günü Azərbaycan
nümayəndə heyətini Vudro Vilson qəbul etdi. Ona təqdim olunan memorandumda Azərbaycan
Xalq Cümhuriyyətinin yaranma tarixi, bir illik fəaliyyəti, istiqlal yolunda verdiyi
qurbanlar barədə məlumat yer alır, Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin
Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər liqasına qəbulu, ABŞ-ın Azərbaycana
hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş edilirdi. Vilson Azərbaycanın
və Rusiya əsarətindən qurtulub öz milli dövlətlərini qurmuş digər xalqların gələcəyi
ilə bağlı öhdəlik götürməyərək Sülh Konfransının dünyanı kiçik hissələrə parçalamaq
istəmədiyini, Azərbaycan məsələsinin rus məsələsindən əvvəl həll edilə bilməyəcəyini
söyləsə də, bu görüş uğura doğru atılan addım oldu.
Gerçəkləşən arzular...
Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məktublarda nümayəndə heyətinin
fəaliyyətindən bəhs edirdi. O, eyni zamanda, əməl dostlarına - Cümhuriyyət qurucularına
Sülh Konfransının təcrübəsi, Paris mühiti barədə gərəkli məlumatlar verirdi.
Əlimərdan bəy və onun rəhbərlik etdiyi Azərbaycan
nümayəndələri özlərini proseslərə dərindən bələd olan, savadlı, hazırlıqlı siyasətçilər
kimi göstərir, yeni qurulmuş dövlətlərini Avropa miqyasında layiqincə təmsil edirdilər.
Onlar öz ölkələrinin siyasi və iqtisadi maraqlarından çıxış edirdilər. Nümayəndələrimizin
səyi ilə Paris Sülh Konfransına hazırlıq mərhələsində ABŞ, Böyük Britaniya, Fransa,
İtaliya, İran və digər ölkələrlə qarşılıqlı münasibətlərin qurulması və inkişafı
sahəsində bir sıra işlər həyata keçirildi.
Nümayəndə heyətinin məqsədyönlü fəaliyyəti
nəticəsində Azərbaycanın tarixi, zəngin təbii sərvətləri, rus istilası, Qafqazda
qonşularla münasibət, erməni-azərbaycanlı münaqişəsinin səbəbləri, azərbaycanlılara
qarşı erməni işgəncələri, 1918-ci ilin dəhşətli mart soyqırımı və başqa məsələlər
barəsində Avropa ölkələrində məlumatlar yayıldı.
Azərbaycan nümayəndə heyəti yalnız öz ölkəsinin
deyil, bütün Qafqazın müstəqilliyi və əməkdaşlığı yolunda mübarizə aparırdı. Onlar
Ümumqafqaz maraqlarını əsas götürərək Gürcüstanın və Dağlı Respublikasının təmsilçiləri
ilə əlbir çalışırdılar. Ermənistan nümayəndələri isə bu birliyə qoşulmur, fitnəkarlıqla
Azərbaycanın və Osmanlı dövlətinin əleyhinə iş aparırdılar.
Ölkəmizin müstəqilliyinin tanınması ilə bağlı
Müttəfiq Dövlətlərin nümayəndələrinə müraciətlər edən Azərbaycan nümayəndə heyətinin
Parisdəki səkkiz aylıq gərgin fəaliyyəti bəhrəsini verdi. 1920-ci il yanvarın
11-də Lord Kerzonun təklifi ilə Paris Konfransının Ali Şurasında Azərbaycanın və
Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu.
Üç gün sonra bu tarixi
xəbəri alan Azərbaycan bayram etdi.
Azərbaycan
nümayəndə heyətinin məsləhətçisi Miryaqub Mirmehdiyev o tarixi günü belə təsvir
edirdi: "Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları rəsmi
olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə müstəqil dövlətlər kimi tanınmışlar.
Bu andan başlayaraq hər iki ölkə rəsmi şəkildə Ali Şura ilə əlaqəyə girə bilər,
öz ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqlarını,
bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kambon bildirdi
ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda, onların Rusiyadan
ayrılmalarının tanınması ilə müşayiət olunmalıdır. Buradan çıxış edərək demək olar
ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər
hesab ediləcək”. Yanvarın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə keçirilən
iclasında bu qərar bir daha təsdiqləndi. İclasda çıxış edən Əlimərdan bəy Topçubaşov
və Məhəmməd Məhərrəmov diqqətə çatdırdılar ki, Avropanın müəyyən hərbi və iqtisadi
yardım göstərəcəyi təqdirdə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini qoruyub
saxlamağa qadirdir.
Azərbaycanın
müstəqilliyinə aparan yolun yolçuları
Yüz illik
imperiya əsarətindən qurtulan Azərbaycan xalqı böyük çətinliklərlə müstəqilliyinə
qovuşmuşdu. Ancaq bu dəfə də bolşevizm bəlası yaxındaydı. Cümhuriyyət qurucuları
qarşılaşdıqları problemləri dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırırdılar. Əlimərdan bəy Topçubaşov Parisdən yazırdı: "Getdiyimiz hər yerdə
hamıya artıq il yarımdan çox dövlət kimi faktiki mövcud olduğumuzu bildirir, öz
parlamenti, hökuməti, inzibati sistemi, məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın
müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab
gətirib. Deməli, azərbaycanlılar siyasi həyat qabiliyyətinə malikdirlər və özlərinin
müstəqil dövlətini qura bilərlər. Gücümüz
çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi
mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi müstəqil ictimai-siyasi
həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün.
İnanırıq ki, buna gücümüz çatacaq. ...Qarşımızda yalnız bir yol var - bu da Azərbaycanın
müstəqilliyinə aparan yoldur”. Həmin yolun ilk yolçuları, ilk bələdçiləri sırasında
Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisdə, Sülh Konfransında Azərbaycanın
azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan nümayəndə heyətinin üzvləri də
vardı.
Bütün səylərə
baxmayaraq, Azərbaycan xalqını öz dövlətində müstəqil yaşamağa qoymadılar. Bolşeviklər
1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər. Bir ildən artıq Parisdə Azərbaycanın
müqəddəratı yolunda mübarizə aparan nümayəndə heyəti vətənə dönə bilmədi. Onlar
son nəfəslərinədək Azərbaycandan kənarda Azərbaycan üçün yaşayıb, mücadilə etdilər.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”