18 Yanvar 2019 00:31
1014
SİYASƏT
A- A+
Cümhuriyyətin sülh elçiləri

Cümhuriyyətin sülh elçiləri


Azadlığına qovuşdurduğu ölkəsinin beynəlxalq münasibətlərinin qurulması, istiqlalının qəbul edilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qarşısında duran ən vacib və təxirəsalınmaz vəzifələrdən biri idi. Paris Sülh Konfransında iştirak bu istiqamətdə mühüm addım olacaqdı. Odur ki, Azərbaycan parlamenti konfransa tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov rəhbər təyin olundu. Nümayəndə heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əkbər Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər.

Azərbaycan nümayəndə heyəti əvvəlcə İstanbula getdi. Onlar həmin şəhərdə ikən - 1919-cu il yanvarın 18-də Paris Sülh Konfransı açıldı. Konfrans tarixi bir gündə işə başladı. Belə ki, 1871-ci ilin həmin günü alman imperatoru l Vilhelm Versalda "Güzgülü zalda” Fransa-Prussiya müharibəsindən qısa müddət sonra öz hakimiyyətini elan etmişdi. 1701-ci ilin 18 yanvarında isə Prussiya krallığı yaranmışdı.

Məğlub ölkələr və bolşevik Rusiyası Paris Sülh Konfransına dəvət edilmədi. "Böyük dördlük” - ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniyanın baş naziri Lloyd Corc, Fransanın baş naziri Jorj Klemanso və İtaliyanın baş naziri Vittorio Orlando konfransda aparıcı yer tuturdu.

Paris Sülh Konfransının başlıca məqsədi Almaniya və onun müttəfiqləri ilə sülh müqaviləsi bağlamaq idi. Müqavilənin əsasını Vudro Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Həmin maddələrin məğzi dünyanın ədalətli şəkildə yenidən qurulması - gizli diplomatiyadan imtina, azad ticarət, silahlanmanın azaldılması, xalqlara öz müqəddaratını təyin etmək hüququnun verilməsi və digər prinsiplərdən ibarət idi.


Azərbaycan nümayəndə heyəti Parisdə...


Üç ay İstanbulda gözləməli olan, müttəfiq dövlətlərin təmsilçiləri ilə yazışmalar aparan Azərbaycan nümayəndə heyəti, nəhayət, aprelin 22-də İtaliya gəmisi ilə Fransaya yollandı. Onlar Parisə mayın 7-də yetişdilər. Amma nümayəndə heyəti vəzifələrin icrasına artıq İstanbulda başlamış, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Ceyhun bəy Hacıbəyli tərəfindən hazırlanmış "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” adlı sənəd üzərində yenidən işləyərək onu daha da təkmilləşdirmişdi. Məqsəd memorandumu Paris Sülh Konfransının keçirildiyi ingilis və fransız dillərində kitabça şəklində hazırlayıb konfrans iştirakçılarına paylamaq idi.

Onlar Parisdə bir neçə istiqamətdə fəaliyyət göstərir, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi beynəlxalq miqyasda tanıdılması yönündə çalışır, həm çar Rusiyasının süqutundan sonra yaranan Gürcüstan, Ukrayna və digər yeni, müstəqil dövlətlərin, həm də Qərb dövlətlərinin təmsilçiləri ilə danışıqlar aparırdılar.

Azərbaycan hökumətinin on dörd bölmədən ibarət "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” kitabça kimi çap edilməzdən qabaq ingilis və fransız dillərində əlyazma şəklində konfransın katibliyinə təqdim edildi.

1919-cu il mayın 28-də, İstiqlal günü Azərbaycan nümayəndə heyətini Vudro Vilson qəbul etdi. Ona təqdim olunan memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bir illik fəaliyyəti, istiqlal yolunda verdiyi qurbanlar barədə məlumat yer alır, Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər liqasına qəbulu, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş edilirdi. Vilson Azərbaycanın və Rusiya əsarətindən qurtulub öz milli dövlətlərini qurmuş digər xalqların gələcəyi ilə bağlı öhdəlik götürməyərək Sülh Konfransının dünyanı kiçik hissələrə parçalamaq istəmədiyini, Azərbaycan məsələsinin rus məsələsindən əvvəl həll edilə bilməyəcəyini söyləsə də, bu görüş uğura doğru atılan addım oldu.


Gerçəkləşən arzular...


Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məktublarda nümayəndə heyətinin fəaliyyətindən bəhs edirdi. O, eyni zamanda, əməl dostlarına - Cümhuriyyət qurucularına Sülh Konfransının təcrübəsi, Paris mühiti barədə gərəkli məlumatlar verirdi.

Əlimərdan bəy və onun rəhbərlik etdiyi Azərbaycan nümayəndələri özlərini proseslərə dərindən bələd olan, savadlı, hazırlıqlı siyasətçilər kimi göstərir, yeni qurulmuş dövlətlərini Avropa miqyasında layiqincə təmsil edirdilər. Onlar öz ölkələrinin siyasi və iqtisadi maraqlarından çıxış edirdilər. Nümayəndələrimizin səyi ilə Paris Sülh Konfransına hazırlıq mərhələsində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İran və digər ölkələrlə qarşılıqlı münasibətlərin qurulması və inkişafı sahəsində bir sıra işlər həyata keçirildi.

Nümayəndə heyətinin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın tarixi, zəngin təbii sərvətləri, rus istilası, Qafqazda qonşularla münasibət, erməni-azərbaycanlı münaqişəsinin səbəbləri, azərbaycanlılara qarşı erməni işgəncələri, 1918-ci ilin dəhşətli mart soyqırımı və başqa məsələlər barəsində Avropa ölkələrində məlumatlar yayıldı.

Azərbaycan nümayəndə heyəti yalnız öz ölkəsinin deyil, bütün Qafqazın müstəqilliyi və əməkdaşlığı yolunda mübarizə aparırdı. Onlar Ümumqafqaz maraqlarını əsas götürərək Gürcüstanın və Dağlı Respublikasının təmsilçiləri ilə əlbir çalışırdılar. Ermənistan nümayəndələri isə bu birliyə qoşulmur, fitnəkarlıqla Azərbaycanın və Osmanlı dövlətinin əleyhinə iş aparırdılar.

Ölkəmizin müstəqilliyinin tanınması ilə bağlı Müttəfiq Dövlətlərin nümayəndələrinə müraciətlər edən Azərbaycan nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərgin fəaliyyəti bəhrəsini verdi. 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris Konfransının Ali Şurasında Azərbaycanın və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. Üç gün sonra bu tarixi xəbəri alan Azərbaycan bayram etdi.

Azərbaycan nümayəndə heyətinin məsləhətçisi Miryaqub Mirmehdiyev o tarixi günü belə təsvir edirdi: "Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları rəsmi olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə müstəqil dövlətlər kimi tanınmışlar. Bu andan başlayaraq hər iki ölkə rəsmi şəkildə Ali Şura ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqlarını, bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kambon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda, onların Rusiyadan ayrılmalarının tanınması ilə müşayiət olunmalıdır. Buradan çıxış edərək demək olar ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər hesab ediləcək”. Yanvarın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasında bu qərar bir daha təsdiqləndi. İclasda çıxış edən Əlimərdan bəy Topçubaşov və Məhəmməd Məhərrəmov diqqətə çatdırdılar ki, Avropanın müəyyən hərbi və iqtisadi yardım göstərəcəyi təqdirdə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini qoruyub saxlamağa qadirdir.


Azərbaycanın müstəqilliyinə aparan yolun yolçuları


Yüz illik imperiya əsarətindən qurtulan Azərbaycan xalqı böyük çətinliklərlə müstəqilliyinə qovuşmuşdu. Ancaq bu dəfə də bolşevizm bəlası yaxındaydı. Cümhuriyyət qurucuları qarşılaşdıqları problemləri dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdılar. Əlimərdan bəy Topçubaşov Parisdən yazırdı: "Getdiyimiz hər yerdə hamıya artıq il yarımdan çox dövlət kimi faktiki mövcud olduğumuzu bildirir, öz parlamenti, hökuməti, inzibati sistemi, məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar siyasi həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi müstəqil ictimai-siyasi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanırıq ki, buna gücümüz çatacaq. ...Qarşımızda yalnız bir yol var - bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur”. Həmin yolun ilk yolçuları, ilk bələdçiləri sırasında Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisdə, Sülh Konfransında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan nümayəndə heyətinin üzvləri də vardı.

Bütün səylərə baxmayaraq, Azərbaycan xalqını öz dövlətində müstəqil yaşamağa qoymadılar. Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər. Bir ildən artıq Parisdə Azərbaycanın müqəddəratı yolunda mübarizə aparan nümayəndə heyəti vətənə dönə bilmədi. Onlar son nəfəslərinədək Azərbaycandan kənarda Azərbaycan üçün yaşayıb, mücadilə etdilər.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!