04 İyul 2025 08:55
951
Mədəniyyət
A- A+
Cümhuriyyət "İstiqlal"ı

Cümhuriyyət "İstiqlal"ı


Azərbaycan milli mətbuatının mədəni-mənəvi düşüncə daşıyıcılarından, ədəbi-bədii, ictimai-siyasi hadisələr qovşağından, xəbər axınından önəmli, diqqətçəkən materialları yüksək zövqlə seçərək zamanın salnaməsinə çevirən azad, dövri mətbuat orqanlarından biri də Cümhuriyyət dövründə yaranan və fəaliyyət göstərən, xalqa və dövlətçiliyə ləyaqətlə xidmət edən "İstiqlal" qəzetidir. 

"İstiqlal"ı "Açıq söz" məsləkinin mənəvi davamı, ideya sələfi də adlandırmaq olar. Müstəqilliyinə qovuşmuş, istiqlalını qazanmış Xalq Cümhuriyyətinin "İstiqlal" yolu asan və hamar olmadı... 1918-ci ilin mart soyqırımında dağıdılmış, yandırılmış, məhv edilmiş çoxsaylı çapxanadan biri də "Açıq söz" qəzetinin mətbəəsi olmuşdur. Sələfinin texnoloji mirasından faydalanmaq mümkün olmasa da, ədəbi qüvvələrin eyni düşüncə və mübarizə mərkəzində toplanması müşkülə çevrilmədi. "İstiqlal"ın ilk sayı 1919-cu il fevralın 5-də "Novruz" elektrik mətbəəsindən intişar taparaq oxucu çöhrəsinin nuruna boyandı. Qəzet "Müsavat" Firqəsi Mərkəzi Komitəsinin nəşriyyatında A-2 formatda, səkkiz səhifə həcmində hazırlanmış, "Heyəti-təhririyyə" (redaksiya heyəti) tərəfindən buraxılmışdır. "İstiqlal"ın birinci və bütün saylarının ilk səhifəsində böyük türk mütəfəkkiri, şair, pedaqoq Tofiq Fikrətin "Millət şərqisi"ndən bir beyt: - "Millət yoludur, həqq yoludur tutduğumuz yol, Ey həqq, yaşa, ey sevgili millət, yaşa, var ol!" - şah misraları, zərb-məsəli epiqraf olaraq verilmişdir. Qəzetin baş məqaləsi və ilk səhifəsi istiqlal məfkurəsinin ideoloqu, Cümhuriyyətin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin "İstiqlal" adlı poetik essesi ilə açılır. Cümhuriyyətin və "İstiqlal"ın bu günü, ümidləri rövnəqləndirən gələcəyi haqqında proqram xarakterli tezislərində istiqlal yolçusu M.Ə.Rəsulzadə yazırdı: "İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyəsinə istiqlal deyilir. Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə şəxslərin məcmusu olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir. Demokratik firqə proqramlarının hamısında hürriyyəti-şəxsiyyə əsas olduğu kimi, millətlərin istiqlalı da əsldir... Bizim mənəvi zəfərimiz ruhani qələbəmizdir. Bu qələbəyə biz... az bir zaman içərisində gəldik, fəqət, bu az zaman içərisində çox böhranlar keçirdik...

Bakı - Azərbaycan atəşkədəsinin (məbədinin) ocağı olduğu kimi, Azərbaycan fikrinin də mənbəyi idi. "İstiqlal" firqənin əvvəlcə nəşr etmiş olduğu mətbuatın getdiyi yolu təqib edərək hökumətimizi xalqın ehtiyacını anlamaya, xalqımızı da hökumətin müşkilatını da dərk etməyə çağırmaqla istiqlalımızın beynəlmiləl bir təsdiqə müvafiq olmasını hazırlıyacaqdır" ("İstiqlal" qəzeti, Bakı, 1919, 5 fevral, ¹1, s.1-2).

Bu bir neçə cümlədə uzaqgörənliklə Cümhuriyyətin və "İstiqlal"ın yol xəritəsi, görüləcək ictimai-siyasi işlərin konturları aydın, müdrik ideoloji prinsiplər müstəvisində cızılmışdır. M.Ə.Rəsulzadə millətlərin istiqlalını və müstəqilliyini qazanmış insanların şəxsiyyət azadlığını müqəddəs adlandırırdı. Onun 1919-cu ilin əvvəllərində bəyan etdiyi "İstiqlalımızın beynəlmiləl bir təsdiqə" ehtiyacını, möhtaclığını vurğulaması, müqəddəs arzusunu dilə gətirməsi müstəcəb olmuş, bir ildən də az bir müddət ərzində gerçəkliyə çevrilmişdir. Dünyanın Müttəfiq Dövlətlər Birliyi tərəfindən Azərbaycan Cümhuriyyətinin istiqlalı 1920-ci ilin yanvar ayında de-fakto tanınmış, gənc və demokratik ölkənin beynəlxalq əlaqələri genişləndirilmişdir. Söz, mətbuat azadlığı hüquqi bazaya, mötəbər təmələ söykəndi...

"İstiqlal" qəzetinin 1919-1920-ci illər dəstini nəzərdən keçirdikdə məlum olur ki, bu mətbuat orqanının baş məqalələrini yalnız M.Ə.Rəsulzadə yazmamış, onun qələmdaşlarından Seyid Hüseyn Sadıq, Əli Yusif , Mirzə Bala Məhəmmədzadə, Əbdül Vahab Məhəmmədzadə (Yurdsevər), Əhməd Həmidi Qaraağazadə və b. eyni missiyanı böyük sevgi ilə həyata keçirənlərdən olmuşlar. "İstiqlal"da adları vurğulanan daimi müəlliflər dövrün, zamanın qabarıq, narahat mövzularına daha çox meyilli olmuş, siyasi icmal xarakterli düşüncələrini publisistik intonasiyada şərh etmiş, hər zaman doğrunu söyləməyə, həqiqətlərdən bəhs etməyə çalışmışlar. Mirzə Balanın "İstiqlalımız və istiqbalımız", "Tutduğumuz yol", "Yeni həyata doğru", Əli Yusifin "Qarabağ məsələsi", Əbdül Vahab Məhəmmədzadənin "Azərbaycan Cümhuriyyəti və İran", "Azərbaycan istiqlalı və Türkiyə" və s. məqalələrinin yüksək peşəkarlıqla qələmə alınması, mövzuların bu günümüzlə səsləşməsi, aktuallıq kəsb etməsi xüsusilə diqqət çəkir. 

Mirzə Bala qəzetin 1919-cu il iyul sayında dərc etdirdiyi "İstiqlalımız və istiqbalımız" adlı məqaləsində Cümhuriyyətimizin siyasi-iqtisadi durumuna, dostlarına və düşmənlərinə nəzər salaraq yazırdı: "Şərq, islam aləmində birinci olaraq Xəlq Cümhuriyyəti üsulilə vücudə gəlmiş və az bir zaman içərisində bir çox siyasi və mədəni iqdamatə (təşəbbüslərə) buluna bilmiş Azərbaycan dövlətinin istiqlalı və istiqbalı həm dostlarımızı və həmi düşmənlərimizi həqiqətən düşündürür...

Mədəni millətlər təbiidir ki, bir istiqlalı təsdiq və qəbul üçün ilk əvvəl o istiqlaliyyəti tələb edən millətin istedad və tərbiyəyi-siyasiyyəsinə diqqət edirlər. Bu tərəfdən baxılarsa, istiqlalımızın parlaq bir istiqbala malik olduğunu indidən söyləmək çətin deyildir.

Bu gün bir millətin, bir məmləkətin taleyü istidası (yalvarmaqla) həll olunarkən Versal masası önündə haqq, ədalət və istedadi-siyasiyyə deyil, xüsusi mənfəət nəzərə alınır. Baxılır ki, bu məmləkətdən nə qədər nəf ola bilər, bu məmləkətdən nə qədər istifadə etmək mümkündür. Bu məsələ aydın olandan sonra hakimlər məsələsinin süni, texniki cəhətinə keçirlər" ("İstiqlal" qəz., 1919, 2 iyul, ¹21, s.4).

Bakı Sənaye Məktəbinin tələbəsi, iyirmi bir yaşlı gənc Mirzə Balanın Versal sülh konfransında iştirak edən dövlətlərin kulisarxası oyunlarından xəbərdar olması, milləti və istiqlalı naminə araşdırmalar apararaq həqiqətləri açıq bəyan etməsi, doğrunu söyləməsi müəllifin istedadının və cəsarətinin nümunəvi keyfiyyət göstəricisidir. Bir əsr öncə Müttəfiq Dövlətlər Birliyinin ali konfransında baş verən korrupsiya sövdələşmələri, problemə təmənnalı yanaşmalar təəssüf ki, bu gün Avropa Birliyinə, Avropa Şurasına sirayət etmişdir. Adlar dəyişsə də, mahiyyətdə ərpimiş dəyərləndirmə üsulları toxunulmaz olaraq qalmaqdadır.

"İstiqlal" qəzetinin fəal yazarlarından və baş məqalə müəlliflərindən biri də Əli Yusifdir. Onun atası Mirzə Cəlal Yusifzadə Şuşanın tanınmış ziyalılarından biri, Bakıda "Həqiqəti-əfkar" qəzetinin (1911-1912) naşiri və redaktoru, tacik milli mətbuatının banisi, "Buxarayi-Şərif", "Turan" (1912-1913) qəzetlərinin redaktoru, Zaqafqaziya Seyminin (1918) üzvü olmuşdur. İstiqlal şairi Əli Yusifin "Qarabağ məsələsi"ndən yazması, ölkənin bu ağrılı problemi ilə bağlı düşüncələrini oxucularla bölüşməsi təbii və təqdirəlayiqdir. Ə.Yusif "İstiqlal"ın baş məqalə yerində doğma vətəni Qarabağla bağlı yazır: "Azərbaycan dövlətinin əsasi məsələlərindən birisi, bəlkə də ən mühümü Qarabağ məsələsidir. Ermənistan ilə bizim aramızda davalı olan bu məsələ yalnız ərazi məsələsi deyildir. Yəni Azərbaycan Cümhuriyyəti Qarabağa həqqi-məşruni (qanuni haqqı) isbatə qalxışırkən yalnız tövsiyeyi-ərazi fikrində deyildir...

Qarabağın əzəmətli dağlarını, sərt qayalıqlarını, keçilməz keçidlərini görənlər bu ölkənin nə qədər əhəmiyyətli, coğrafi və strateji bir vəziyyətdə olduğunu etiraf edər. Zəngəzur dağlarının hər ufacıq bir qayası, hər təpəsi oxdur, mətin və əlverişli səngərlər, sipərlərdir. O qədər möhkəm qalalardır ki, hətta şərqin məşhur cahangirləri belə bütün İranı, Türküstanı, Qafqasiyanı, bilməm daha nereleri zəbt etdiklərində buranın bir çox nöqtələrinə gəlib çatamadılar... Qarabağ silsiləsi Azərbaycanın təbii hasarı və qapısıdır" ("İstiqlal" qəz., 1919, 19 iyul, ¹24, s.1).

Şuşanın hər dağına, daşına, qayasına, qalasına bələd olan Əli Yusif Ermənistanın əsassız iddialarına qarşı çıxaraq yalnız Qarabağın deyil, Zəngəzurun da Azərbaycanın ayrılmaz bölgəsi, parçası olduğunu tarixi, coğrafi və strateji baxımdan əsaslandırmış və isbatlamışdır. Cümhuriyyət dövründə Əli Yusifin xaricdə ali təhsil almaq arzusu dəyərləndirilərək, o, 1920-ci ilin yanvar ayında oxumaq üçün Parisə göndərilən tələbələr arasında olub. Bakıdan ayrılarkən yazdığı "Əlvida" şeirini sevdiyi və çalışdığı "İstiqlal qəzetində nəşr etdirmişdir. "Əlvida" əsərinin sonunda müəllifin "Ə.Y." imzası ilə şeirini Bakıda, 14 yanvar 1920-ci ildə yazılmış olduğu qeyd edilmiş və redaksiyadan bildirilirdi: "Cavan türkçü şairimiz tələbələrimizin və kəndisinin əcnəbi məmləkətlərə getməsi münasibətilə yazmış olduğu bir şeirdir": 

Ey müqəddəs, şanlı, sevimli ölkə,

Haqqını halal et, biz gedər olduq.

Kim bilir qəzayı?... dönmədiz bəlkə,

Haqqını halal et, biz gedər olduq.


Ey qara ormanlar, ey qarlı dağlar,

Çiçəkli baxçalar, meyvəli bağlar,

İştə bir həyəcan, hər qəlbi dağlar,

Haqqını halal et, biz gedər olduq. ("İstiqlal" qəz., 1920, 30 yanvar, ¹3, s.3)

Əli Yusif sevimli vətənindən, doğma ölkəsindən ayrılarkən qəlbinin dərinliyindən qopub gələn halallıq duyğularını, könül duasını qoşma biçimində dilə gətirməklə yüksək vətənpərvərlik hissinə, mənəvi-əxlaqi məziyyətlərə malik olduğunu bir daha təsdiqləmişdir.

"İstiqlal" qəzetinin ilk sayından bədii ədəbiyyat nümunələrinə, şeir və nəsr parçalarına səxavətlə, geniş yer ayrılmışdır. Görkəmli tənqidçi və nasir Seyid Hüseynin 1918-ci il mart soyqırımından bəhs edən "İsmailiyyə" xatirə-hekayəsi həzin, kədərli notlar üzərində köklənərək qəddarlıqla sənətin üz-üzə qaldığı məşum faciəni yaddaşlarda təzələyir. "İsmailiyyə" insanları sənətin, gözəlliyin, mənəvi dəyərlərin göz bəbəyi kimi qorunmasına çağırışdır, hayqırtıdır, yaddaş dərsliyidir.

Şair, pedaqoq Abdulla Şaiq Talıbzadənin "İstiqlal" qəzetinin ilk sayında çap olunan "Vətənin yanıq səsi" adlı lirik poemasında ölkənin qədim tarixi, keçdiyi şərəfli yollar, mübarizə əhvali-ruhiyyəsi ön plana çəkilmişdir:

O gün tufan kibi Elxan ordusu,

Ki, "Güc" - deyə qımıldandı yerindən.

O tufanı salamlamaq doğrusu,

Əksilməyir, azalmayırdı məndən. ("İstiqlal" qəz., 1919, 4 fevral, ¹1, s.4)

"Vətənin yanıq səsi" Abdulla Şaiqin türkçülük, turançılıq ruhunda qələmə aldığı, istiqlalçı gənclərin auditoriyası və dərs vəsaitləri üçün nəzərdə tutulmuş, yüksək poetik düşüncəni özündə əks etdirən sənət nümunəsidir. "Türk çələngi" (1919) kitabına daxil edilmiş bu irihəcmli əsər aktuallığını, bədii-estetik dəyərini indi də qoruyub saxlamaqdadır.

"İstiqlal" qəzetinin səhifələrində dövrünün tanınmış şairlərindən Əhməd Cavadın "İstanbul", Cəfər Cabbarlının "Salam" (Turan ellərinə salam söyləyin), Məhəmməd Əmin bəyin "Ya qazi ol, ya şəhid", Ümgülsümün "Yollarını bəklərdim", Dərdli şairin "Ürəklərə", imzasız yazılmış "Bir nəfər azərbaycanlı qadının uşağına laylay deməsi" və b. əsərlərdə vətənpərvərlik hissiyyatı, dövrün, zamanın sevincini, sevgisini və eləcə də kədərini, qüssəsini, ümidsizliyini ruhuna hopduran misralar, beytlər milli istiqlalımızın bədii salnaməsidir. Dərdli şairin "Ürəklərə" müraciəti, düşüncə adamlarına xitabı siyasi durumun obrazlı mənzərəsinin real cizgilərlə canlandırılmasıdır.

Bağladınsa könlünü, 

Sevdiginin telinə.

Qoyma bir yad sarılsın,

Onun incə belinə...


Unutma ki, ötərgidir,

Dənizdəki fırtına.

Sahillərlə çarpışan,

Dalğalardan sorsana?! 

("İstiqlal" qəz., 1920, 17 fevral, ¹6, s.3)

Dərdli şairin "Ürəklərə" səslənişi, nigarançılığı təsadüfi deyildir. O, "sevdigin" deyəndə şübhəsiz ki, sevgili vətəni, müstəqil Cümhuriyyəti və ay-ulduzlu, üçrəngli istiqlalı nəzərdə tutmuşdur. Dəniz obrazında isə zaman simvollaşır, yaxınlaşan fırtına isə "ötərgi"dir. Ən doğru xəbər isə "Sahillərlə çarpışan", azadlığa, istiqlala, hüdudsuzluğa can atan dalğalardadır. Fırtına nə qədər güclü olsa da, ötərgidir... Fırtınaöncəsi Dərdli şairin "Ürəklərə" ünvanladığı "sos" xəbərdarlığı özünü çox gözlətmədi. 1920-ci il 23 aprel, 15-ci nömrə Cümhuriyyət "İstiqlalı"nın oxucularla sonuncu görüşü oldu. Qəzetin birinci səhifəsi vətəndaşlara müraciətlə açılırdı. İyirmi yaşından yuxarı olan vətəndaşlar Cümhuriyyəti, istiqlalı qorumaq üçün Milli Məclisdə siyahıya alınmağa dəvət edilirdi... Bütün fövqəladə tədbirlər ötərgi fırtınanın, işğalın, təcavüzün qarşısını almaqda acizlik, ümidsizlik sindromuna yoluxmuşdu. Nə yaxşı ki Cümhuriyyətimizin, istiqlalımızın, azadlığımızın üzərinə atılan "qırmızı" fırtınalar ötərgi oldu... Nə yaxşı ki Azərbaycanımızı, Cümhuriyyətimizi, "İstiqlal"ımızı, milli-mənəvi dəyərlərimizi hifz edən, qoruyan qüdrətli istiqlalçılarımız var... 


Asif RÜSTƏMLİ,

filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!