Prezident İlham Əliyevin apardığı uğurlu çoxvektorlu xarici siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirir. Azərbaycanın Qlobal Cənubun flaqmanlarından biri olması, bu coğrafiyanı təmsil edən dövlətlərin ölkəmizə marağını və etimadını artırıb. Azərbaycanın son illərdə beynəlxalq siyasətdə oynadığı aktiv rol ölkəmizin bu boşluğu doldurmağa və Şimalla Cənub arasında körpü rolunu üzərinə götürməyə hazır olduğunu sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən Prezident İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırıb və inkişafına böyük töhfə verib. Eyni zamanda, ölkəmiz Qlobal Cənubla əməkdaşlığını müxtəlif platformalar vasitəsilə də davam etdirir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Qlobal Cənub ölkələrini, bir sıra inkişaf etmiş və mühüm regional gücləri bir araya gətirən, təhlükəsizlik, dayanıqlı inkişaf və regional əməkdaşlıq üzrə mühüm dialoq platformasıdır. AQEM Nazirlər Şurasının qərarı ilə 2024-2026-cı illər üzrə Müşavirəyə sədrlik ölkəmizə keçib.
Deputat qeyd edib ki, müasir dünya siyasətində Qlobal Şimal və Qlobal Cənub arasında qərarvermə, təmsilçilik və resursların paylaşılması baxımından ciddi disbalans müşahidə olunur. Qlobal Şimal daha çox qərar qəbul edən, Cənub isə icra edən mövqeyində qalır. Bu vəziyyət çoxtərəfli diplomatiyanın böhran yaşadığı bir dövrdə, xüsusilə Qlobal Cənubun öz sözünü deməsi üçün yeni təşəbbüslərə və platformalara ehtiyac olduğunu göstərir. Ölkəmizin Qlobal Cənubla əməkdaşlığının tərkib hissələrindən biri neokolonializmlə mübarizədir. Bu kontekstdə Bakı Təşəbbüs Qrupunun qlobal fəaliyyəti xüsusilə, diqqət çəkir. Dövlətimizin başçısı neokolonializmlə mübarizənin vacibliyinə daim diqqət çəkir və beynəlxalq ictimaiyyətin və xarici medianın diqqətini dünyanın müxtəlif regionlarında faktiki mövcud olan köləlik-müstəmləkəçilik probleminə cəlb etmək lazım olduğunu bildirir.
“Qlobal Cənubu təmsil edən vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq miqyasda bir platforma ətrafında birləşməsi, eləcə də Qlobal Cənub Gənclər Platformasının yaradılması mühüm strateji addımdır. Belə bir platforma yalnız lokal problemləri deyil, Qlobal Cənubun struktur problemlərini, institusional zəifliklərini və beynəlxalq sistemdəki təmsilçilik boşluqlarını da gündəmə gətirmək üçün mühüm alətə çevrilə bilər. Azərbaycanın həm regional, həm də qlobal təşkilatlarda təmsilçiliyə açıq yanaşması, beynəlxalq vasitəçilik təşəbbüsləri və çoxtərəfli əməkdaşlığa verdiyi önəm onu yeni beynəlxalq nizamda mühüm oyunçulardan birinə çevirir”, - deyə P.Vəliyeva əlavə edib.