Qəhrəmanlıq haqqında çox deyilib, çox yazılıb. Həmin yazılarda qəhrəmanlıq böyük qürur və məhəbbətlə tərənnüm olunub. Bu da təbiidir. Çünki qəhrəmanlıq ucalıq, rəşadət və ülviyyətlə dolu bir hissdir. İnsan qəlbində dolaşan hisslərin ən alisi və yüksəyidir.
Adına, şərəfinə dastanlar qoşulmuş qəhrəmanlıq hər kəsin qəlbində bir cür doğulur, bir cür formalaşır. Qəhrəmanlıq insan mənəviyyatını daim işıqlandıran və heç vaxt sönməyən əbədi məşələ bənzəyir. Yandıqca tarixin qəhrəmanlıqlarla dolu səhifələrini nura boyayır, dünyaya yenicə göz açmış nəsillərə yol göstərir. Cəsurlar isə zaman-zaman bu məşəldən od götürərək onu daha da gur şölələndirirlər.
Döyüşçünün qəhrəmanlıq göstərdiyi məqam onun hiss və duyğularının vulkan kimi qəflətən püskürdüyü andır. Həmin anın qarşısını alıb saxlamaq qeyri-mümkündür. Çünki o, bir göz qırpımındaca daşıb kükrəyərək sədləri aşır. Bu elə bir coşqu, elə bir yüksəliş, elə bir əzəmətdir ki, insana adi vaxtlardakından on qat artıq güc verib onu uğura kökləyir. Qollarında dolaşan bu qeyri-adi güc və bacarıq döyüşçünün ürəyini cəsarətlə, hünər və fədakarlıqla dolduraraq, qələbə qazanacağına böyük ümid və inam verir. İnsan bu coşqunun ağuşunda çoxlarının bacara bilməyəcəyi bir addımı ataraq, qəhrəmanlıq zirvəsinə yüksəlir. Cəsarəti və hünəri ilə tarix yazaraq gələcək nəsillər üçün fəxr ediləsi, qürur duyulası bir örnək qoyub gedir.
Dünya binə olandan qəhrəmanlıq canında və qanında cəsurluq gəzdirən insanları təsir dairəsində saxlayıb, onları özünə çəkib. Qəhrəmancasına vuruşmağa can atan insanlar seçilənlərdən olub, tarixdə pozulmaz izlər qoymağa çalışıblar. Onlar qəhrəmanlıq məqamında hətta ölümü də göz altına almadan cəsarətli addım atıb, düşmən üstünə şığıyıblar. Sözün bu yerində Şeyx Şamilin söylədiyi bir fikir yada düşür: "Aqibətini düşünən heç vaxt qəhrəman ola bilməz". Qəhrəmanlıq yolunun yolçuları yalnız cəsur insanlardır. Onlar bu yollarda ürəklərində döyüş ruhu qorxuya meydan oxuya-oxuya daim irəli - zəfərlərə doğru addımlayırlar.
Bütün elmlər tədris olunur, öyrədilir və bir müddətdən sonra müxtəlif variantlarda hazırlanmış testlərlə sınaqdan keçirilir. Sonda bilik və bacarığın göstəricisi olan ballar üst-üstə toplanaraq cəmlənib qiymətləndirilir. Qəhrəmanlıq dərsləri isə tədris olunmur. Onu insanlara həyat özü öyrədir, yaxud insanlar onu həyatdan özləri öyrənirlər. Qəhrəmanlar üçün test və sınaq imtahanının əbədi məkanı yalnız hərb meydanlarında gedən qanlı döyüşlərdir.
Yaşanmış və artıq bizim üçün keçmişin bir parçasına çevrilmiş tariximizin səhifələrində elə qəhrəmanlar olub ki, onlar igidlikləri ilə daim bizi heyrətləndiriblər. Əlimizdən tutaraq bizi öz arxalarınca qəhrəmanlıq məkanına çəkib aparıblar. Heç tarixin çox dərinliklərinə getməyək. 44 gün davam edən İkinci Qarabağ müharibəsində zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Məhz gənclərimizin igidliyi və qəhrəmanlığı sayəsində torpaqlarımız 30 ilə yaxın davam edən erməni işğalından azad olundu. Bu cəsur oğulların savaş meydanlarında göstərdikləri igidlik və cəsarət heç vaxt unudulmayacaq. Təbiidir ki, döyüşlər zamanı zabit və əsgərlərimizə güc verən, qəhrəmanlığa kökləyən yurd təəssübkeşliyi, Vətən sevgisi, doğma el-obanın hər tərəfini azad görmək arzuları və istəyi idi. Bu istəyin, bu amalın bətnində, mayasında daim ölməyən bir yüksəliş, qürur və məğlubedilməzlik ruhu yaşayır.
Qoy gələcək nəsillər bu qəhrəmanların igidliyi və cəsarəti qarşısında baş əyib adlarını hörmətlə çəksinlər, xatirələrini ehtiramla ansınlar. Sabahımızın gəncləri igidliyi və cəsarəti bu qəhrəmanlardan öyrənsinlər, onlardan örnək götürsünlər. Bünövrəsi şərəf və cəsarətlə qoyulmuş qəhrəmanlıq yolunu elə şərəflə də davam etdirsinlər. Qəhrəmanlıq tariximizə daha möhtəşəm, daha önəmli səhifələr yazsınlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"