Atalarımız "Çörək itirən çörək tapmaz" deyiblər. Səməd Vurğunun da bununla bağlı dillər əzbəri olan bir misrası var: "Çörək bol olarsa, basılmaz Vətən".
Hər ikisi həqiqətdir. Çörək bizim and yerimiz, qüdrətimiz, qüvvətimizdir. Bizdə dostluq, qardaşlıq, kişilik çörəklə sınağa çəkilir. Yerə düşən çörəyi götürərək öpüb gözümüzün üstünə qoyuruq. Çörəyi həm də halallıq, bolluq rəmzi sayırıq.
Təbii ki, bütün bunlar çörəyə mənəvi münasibətimizdir. Amma çörək həm də əvəzolunmaz qida məhsuludur. Mayası sayılan buğdanın tərkibindəki karbohidratlar, zülalllar, vitaminlər, minerallar insan orqanizmi üçün ən vacib maddələrdir.
Amma gəlin görək bu nadir nemətin qədrini qədərincə bilirikmi? Yaxud çörəyə dildə verdiyimiz dəyər əməldə təsdiqini tapırmı? Təəssüf ki, bu suallara birmənalı cavab verə bilmirik.
Azərbaycanda istənilən qədər zörək zavodu və sexləri var. Həmin zavodlar və sexlərdə bişirilən çörəyin çeşidləri də az deyil. İlk baxışda bu, yaxşıdır, yəni seçim var. Amma bu seçim imkanı heç də hər zaman keyfiyyətlə müşayiət olunmur. Yumşaq desək, cürbəcür adlarla satışa çıxarılan çörəklərin dadı-duzu istehlakçıları heç də həmişə qane etmir. Hələ onu demirik ki, standartlara uyğun gəlməyən çörəklərin çoxu qida kimi sağlamlığımıza ziyan vurur. Halbuki süfrəmizin dəyişməz neməti olan çörək gündəlik enerji tələbatımızın 44 faizini ödəyir.
Söz ki keyfiyyətdən düşdü, bir neçə məsələyə diqqət çəkmək istərdik. Eşitdiyimizə görə, bu sahədə çalışan bəzi sahibkarlar satılmamış çörəkləri bəzən təkrar emal edib bişirərək dükanlara göndərirlər. Elə "qara" çörəklərə rəng qatılması da təzə söhbət deyil. Tibb mütəxəssisləri isə deyirlər ki, çörəyin istehsalında istifadə edilən bir çox qeyri-təbii qatqılar müxtəlif xəstəliklərə yol açır.
Bütün bunlara baxmayaraq, bir çox başqa xalqlardan fərqli olaraq bizim masamızda çörək əsas məhsul olmaqda davam edir. Deməli, qida xərclərimizdə də çörək və çörək məhsullarının payı az olmur. Elə isə çörəyin qiyməti barədə, həm də müqayisəli formada.
Avropa İttifaqının Statistika Mərkəzinin son məlumatına görə, avrozonada çörəyin orta qiyməti 18 faiz bahalaşıb. Ancaq elə ölkələr var ki, inflyasiya çörəyin qiymətinə o qədər də ciddi təsir etməyib. Məsələn, Azərbaycandakı kimi. Ölkəmiz bu gün çörəyin ucuzluğuna görə dünyada yeddinci yerdədir - 0,39 dollar. Başqa sözlə desək, bizdə çörək, bəzilərinin dediyi kimi, heç də baha deyil. Bunu çörəyə münasibətdə israfçılığımız da təsdiqləyir. Heç kəs sübut edə bilməz ki, çörəyi köhnədir deyib torba-torba atmağımızın tək səbəbi keyfiyyətsizliyidir. İnanmırıq ki, dünyada çörəyi ən baha qiymətə satan (3,28 dollar) İsveçrədə, yaxud ABŞ-də (3.27 dollar), İslandiyada (3,15 dollar), Norveçdə (2,88 dollar) və Danimarkada (2,87 dollar) bizdəki qədər çörək atıla.
Lakin ona da inanmırıq ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz ölkələrin xalqları bizim kimi çörəyin haqqını bilə, hətta müqəddəs bilib and içdiyimiz bu əvəzsiz nemətə münasibətdə qeyd etdiyimiz bəzi hallara baxmayaraq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"