08 Yanvar 2022 00:30
1544
İQTİSADİYYAT
A- A+
Çörək halal olmalıdır

Çörək halal olmalıdır

 

Dünya taxıl birjalarındakı bahalaşma fonunda Azərbaycan hökuməti unun və çörəyin qiymətini  nəzarətə götürüb

 

Dünya əhalisi sürətlə artır və bu, ərzağa olan tələbatın yüksəlməsinə səbəb olur.  Digər tərəfdən bir çox kənd təsərrüfatı məhsulunun istehsalı havaların çox isti keçməsi və quraqlıq üzündən azalır. Son dövr bəzi ölkələrdə müşahidə edilən sel və subasmalar da əkin sahələrinə ciddi ziyan vurur. Bütün bunlar istehsalın azalmasına, tələbatın isə çoxalmasına gətirib çıxarır.

Bu səbəblərdən məhsul istehsalının artması istiqamətində dünya ölkələrində bir çox işlər görülür. İlk növbədə, aqrar sektorda ciddi elmi araşdırmalar aparılır. Məqsəd az ərazidən çox bəhrə götürməklə, istehsalın maya dəyərini aşağı salmaqla məhsuldarlığı artırmaqdır. Müasir texnika və texnologiyalardan, həmçinin yeni becərmə üsullarından istifadə sayəsində dünyanın inkişaf etmiş ölkələri taxıl zəmilərinin hər hektarından 80 sentner və hətta daha çox məhsul götürülməsinə nail olublar.

Bütün növ kənd təsərrüfatı məhsullarının, o cümlədən buğda istehsalının artırılmasında ən önəmlisi keyfiyyətli toxumun olmasıdır. Hazırda dünyada bu amilə xüsusi diqqət yetirilir. Hələlik ölkəmizdə bu sahədə böyük uğurların qazanılması barədə danışmaq tezdir. Sadəcə bir fakt: taxılçılıqda ölkə üzrə orta məhsuldarlıq 30-32 sentnerdir. Bu isə inkişaf etmiş ölkələrlə müqayisədə aşağı göstəricidir. Həm də bu səbəb üzündən hazırda ölkəmizin buğdaya olan tələbatı 59-60 faiz civarında daxili istehsal hesabına təmin edilir.

Buğda dünyada strateji məhsul sayılır. Ona olan tələbatın artması isə şübhəsiz ki, bahalaşmaya, qiymət artımına səbəb olur. Belə halda istehsalçılar qazanır, istehlakçılar itirir. Son bir neçə ildə iri taxıl istehsalçısı olan ölkələr bu fürsətdən istifadə edib daha çox gəlir əldə etməyə çalışırlar. Bazarın qaydası belədir ki, tələbat çoxalırsa, qiymət artmalıdır. Bu üzdən son dövrlər dünya bazarında taxılın satış qiyməti sürətlə bahalaşır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) apardığı hesablamalara görə, taxılın qiyməti dünya bazarında 30-50 faiz arasında artıb.

Azərbaycanın buğdaya olan illik tələbatı təxminən 3,1 milyon tondur. Lakin statistik məlumata görə, ölkəmizdə son 3 ildir ki, ildə təxminən 2 milyon tona yaxın buğda istehsal olunur. Bu miqdarda buğda daxili tələbatı ödəmədiyi üçün 1 milyon 300 min və ya  1 milyon 400 min ton civarında taxıl idxal etməyə məcburuq. 2020-ci ilin 11 ayında ölkədə 262 milyon 497 min dollar dəyərində 1 milyon 225 min 586 ton buğda idxal edilib və bir ton buğdanın orta qiyməti 214 dollar olub. Keçən ilin eyni dövründə 287 milyon 557 min dollarlıq 1 milyon 17 min 503 ton buğda idxal edilib və  bir ton buğdanın orta qiyməti 283 dollara çatıb. Statistik rəqəmlərdən  də aydın olur ki, son bir il ərzində buğda idxalında qiymət təxminən 70 dollar civarında artıb.

İdxal olunan məhsul kimi, yerli buğdanın da qiyməti artıb. Ölkəmizdə istehsal edilən buğdanın qiyməti Rusiyadan idxal edilən qiymətə bərabər səviyyəyə çatıb.  Hazırda yerli bazarda buğdanın bir kiloqramı 50-60 qəpik arasında satılır. Bu, son illərin ən yüksək qiymətidir. Yəqin ki, belə hal növbəti ildə fermerləri daha çox buğda əkməyə həvəsləndirəcək.

Bütün bunlar, yəni buğdanın bahalaşması sözsüz ki, un və un məmulatlarının, ilk növbədə çörəyin qiymətinin qalxmasına səbəb olur. Amma ölkəmizdə hökumət səviyyəsində çörəyin qiymətini tənzimləmək və bahalaşmasının qarşısını almaq üçün zəruri olan bütün tədbirlər görülür. Məlumdur ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün buğda tədarükünü həyata keçirir. Bu məqsədlə yerli fermerlərdən yüksək keyfiyyətli ərzaqlıq buğdanın hər tonunu 400 manatdan alır. Bununla yanaşı, 2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb. Bu subsidiyaya 58,2 milyon manat həcmində kredit də əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaqdır.

Ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti də 12 aydan 24 aya qədər artırılıb. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində daha 7,3 milyon manatın ayrılmasına qərar verilib. Bunlardan əlavə, qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadılıb, ölkəmizdən ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edilib. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır.

Lakin hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmasının qarşısını almaq üçün kifayət etmir. Bəs çıxış yolu nədədir? Bu suala cavab tapmaq üçün ölkəmizdə taxıl istehsalının imkan və vəziyyətinə nəzər yetirmək lazımdır. Öncə qeyd edək ki, Azərbaycanın torpaq resursları və su ilə təminat daxili tələbatın tam ödənilməsinə imkan vermir. Lakin bu o demək deyil ki,  ölkəmizdə buğda istehsalını artırmaqla idxalı azaltmaq mümkün deyil. İlk növbədə, mövcud imkanlardan səmərəli istifadə etməklə, o cümlədən ölkədə yerli şəraitə uyğun yüksək keyfiyyətli toxum növələrini yetişdirməklə istehsalı artırmaq mümkündür. Bunun üçün aqrar sahədə çalışan alimlər quraqlığa dözümlü və yüksək məhsuldar buğda toxumu yetişdirməklə məhsuldarlığı dünya standartları səviyyəsinə çatdırmalıdır. Təkrar edirik: hazırda dünyada hər hektardan 80 sentner və daha çox məhsul istehsal edən ölkələr var. İkincisi isə, məhsulun yetişdirilməsi standartlarını yüksəltməklə istehsalı artırmaq lazımdır. Əgər biz müasir əkinçilik üsularından istifadə edib məhsuldarlığı artırsaq, idxaldan bir o qədər asılılığımız azalar, qiymətlərin sabitliyi müəyyən qədər təmin olunar.

Belə tədbirlər ona görə vacibdir ki, son dövr dünyada baş verən iqtisadi proseslərin, eləcə də COVID-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq üçün həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artmışdır. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58 faiz bahalaşmışdır.

Sonda bir daha qeyd edək ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması üçün hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil. Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Satış bazarında qiymət manipulyasiyalarına yol verilməməsi məqsədilə preventiv tədbir olaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb, bununla prosesin nəzarətdə saxlanılması təmin edilib. Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik. Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!