10 May 2024 10:45
273
İQTİSADİYYAT
A- A+

COP29-un şüarı: "Yaşıl dünya naminə həmrəy olaq!" 

 

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması təkcə ölkəmizə deyil, əslində, bütün dünyaya qlobal çağırışdır. Çünki məqsəd gələcəkdə iqtisadi və demoqrafik artımdan  ətraf mühitə dəyə biləcək zərərlərin azaldılması və sağlam həyat konsepsiyasının yaradılmasıdır. Ətraf mühitin çirklənməsinin  qarşısını  almağın  yolları isə əsasən, dünyanın  "yaşıllaşdırılması"ndan keçir. 
Bəşəriyyəti təhdid edən iqlim dəyişikliyi həm ekosistemi çökdürür, həm də insanın sonunu yaxınlaşdırır. Elə bir gün yoxdur ki, dünyanın hansısa yerində  insanları vahiməyə salan, qorxudan, ağır fəsadlar verən təbii fəlakət baş verməsin. Dəhşətli  faciələrə yol açan kataklizmlər problemə daha ciddi yanaşmağı tələb edir. Qasırğaların, daşqınların, zəlzələlərin az qala adi hal aldığı bir zamanda təbii ki, dünya ölkələri, beynəlxalq qurumlar və ictimai təşkilatlar qollarını çırmayıb əməli işə keçməlidirlər. 1994-cü ildən fəaliyyətə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası  (COP) hər il bu kataklizmlərin qarşısını almağın yollarını müzakirə edir. COP üzvləri olan ölkələrin hər biri həmin istiqamətdə  "yaşıl dünya"ya öz  töhfəsini verməyə çalışır.  Bu baxımdan, Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas şəkildə yanaşan azsaylı ölkələrdəndir.  
Ona görə azsaylı deyirik ki, ölkəmiz COP səviyyəsində, eləcə də  qlobal müstəvidə ekosistemi əhatə edən  digər müzakirələrdəki çağırışlara öz əməli işi ilə cavab verir. Bu, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirdiyi rəsmi səviyyədə qəbul olunub. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb.  Təkcə "Yaşıl dünya naminə həmrəylik ili"ndə deyil, ötən illərdən üzübəri iqlim dəyişmələrinin  fəsadları ilə mübarizədə öz hədəflərini müəyyənləşdirib. Dünyanın bir parçası olan Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi, əsasən, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfə alıb.  Bundan başqa, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzuru, eləcə də Naxçıvan Muxtar Respublikasını "yaşıl enerji zonası" elan edib.
Azərbaycanın xüsusilə son 30 ildə işğal altında olan torpaqlarında ekosistem dağıdılmış, ətraf mühit müxtəlif  çirklənmələrə məruz qalmışdır. İşğal dövründə həmin ərazilərdə su mənbələrindən kortəbii istifadə, meşə və qiymətli ağac növlərinin kütləvi məhv edilməsi, fauna-flora balansının pozulması  ölkəmizə yüz milyonlarla dollar həcmində ekoloji ziyan vurub. Hələ onu demirik ki, Qarabağ və Şərqi Zəngəzurda mina təhdidi davam edir. Bütün bunlara görə Azərbaycan ətraf mühitin  həddən çox çirklənməyə məruz qalan  azsaylı ölkələrdən sayılır. Odur ki, sadalanan və sadalanmayan fəsadları aradan qaldırmaq üçün "yaşıl enerji"yə keçid "yaşıl iqtisadiyyat"ın gündəliyində dayanan vacib faktor kimi dünyanın diqqətini cəlb edir. "Yaşıl enerji"nin işığını artırmaq üçün  COP29-a hazırlıq prosesində  "yaşıl dünya"ya açılacaq qapının şüarı  "Yaşıl dünya naminə həmrəy olaq!" seçilib. 
Qeyd edək ki, bu fakt COP29-un  keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin  bir neçə gün əvvəl keçirilən üçüncü iclasında açıqlanıb. Əvvəlki iki iclasda olduğu kimi, bu yığıncaqda da Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-un və Liderlər Sammitinin Bakı Olimpiya Stadionunda  keçiriləcəyini, hazırda stadionda və ətrafında layihələndirmə və digər hazırlıq işlərinin aparıldığını vurğulayıb. Tədbirdə iştirakla bağlı  Prezident İlham Əliyevin adından BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət və hökumət başçılarına dəvət məktublarının göndərildiyini qeyd edib. Dövlət başçısının "COP29 və Azərbaycan üçün yaşıl baxış" adlı beynəlxalq forumda, Petersberq İqlim Dialoqunda və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda COP29 və iqlim dəyişikliyi məsələləri ilə bağlı ölkəmizin mövqeyini əks etdirən əsas istiqamətlərə dair məlumat verdiyini bildirib. "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Azərbaycanda görülmüş işlər barədə məlumat verən Təşkilat Komitəsinin sədri ölkəmizin Dünya Bankının Vaşinqton yaz sessiyası və Petersberq İqlim Dialoqu da daxil olmaqla iqlim dəyişmələri sahəsində təşkil edilən mühüm beynəlxalq tədbirlərdə fəal surətdə iştirak etdiyini bildirib və iyun ayında keçiriləcək Bonn iqlim dəyişikliyi konfransına ciddi hazırlıq işlərinin aparılmasının vacibliyini söyləyib. Yığıncaqda COP29 komandasının xarici ölkələrə səfərləri çərçivəsində keçirilən görüşlər,  hazırlıq prosesində təşkilati-logistika sahəsində görülən işlərdən söz açılıb. İqlim dəyişmələrinə qarşı fəaliyyət zamanı innovasiya və smart texnologiyalara geniş yer verilməsi, COP29-da iştirak edəcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, vətəndaş cəmiyyətinin rolu və ekologiya ilə bağlı QHT-lərin tədbirdə iştirakının təmin olunması da diqqətə çatdırılıb. 
COP29-un hazırlıq prosesi onu deməyə əsas verir ki, qarşıdakı illərdə yaradılacaq "yaşıl dünya"ya Azərbaycan özünün möhürünü vuracaq. Bunu  Prezident İlham Əliyevin çıxışlarının birində  söylədiyi  fikrə söykənərək yazırıq: "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video