“Böyük Qayıdış”ın ilk ünvanına - Cocuq Mərcanlıya səfərimin təəssüratlarını şeirə çevirdim...
Böyük Qələbəyə gedən yolun ilk dayanacağında yaşadığım hisslər, duyğular safdır, səmimidir, qürurludur...
Cocuq Mərcanlı həyatımızın da, ruhumuzun da, elə sözümüzün də baş mövzusudur...
Aprel şəhidləri
Bizi ilk qarşılayan
Aprel şəhidləriydi,
Bu Cocuq Mərcanlının
Ən müqəddəs yeriydi.
Ayağına gül qoyduq
Şəklinə baş əydik.
Ay oğul, təki belə
Toyunuza gələydik.
Daim gənc qalarsınız
Göz aydın, üzü gülər,
Daim ayağınızı
Öpəcək qızılgüllər.
Əsgər gedən oğullar
Burdan gedər döyüşə.
Sevən yaşıdlarınız
Bura gələr görüşə.
Gələnlər gedəcəklər
Kimi ucalacaqdı,
Kimi qocalacaqdı,
Kimi zəfər çalacaq!
Düşməndən intiqamı
Dönə-dönə alacaq!
Aprel döyüşçüləri
Belə cavan qalacaq.
Onlar zamandan güclü,
Dövrandan üstündülər.
Onlar gecə aydılar.
Gündüzlər də gündülər...
Eh... Bunlar hamısı sözdü,
Şəhidlər ölümsüzdü!
Şuşa məscidi
Cocuq Mərcanlıya
Şuşadan qonaq gəlib.
Cocuq Mərcanlının ağ gününə.
Geyinib dümağ gəlib.
Şuşanın məscidi namaza durub.
Əllərini Allah dərgahına qaldırıb.
Qarabağa azadlıq diləyir.
“Allahım, köməyimiz ol” - deyir.
Azanın səsi
Haqqın qapısını döyür.
Məscid onun üzüdü,
İçi insan içidi.
Bu, Şuşadakı məscidin özüdü,
Əsgərlərimizə gəlmiş elçidi.
Gəlin bizi alın! - deyir.
Gəlin zəfər çalın! - deyir.
Azərbaycanın ən uca Şuşa səhnəsindən,
“Qarabağ şikəstəsi”nin səsindən
Ən uca zənguləsindən
Yadları salın!
Qarabağı alın! - deyir.
Məsciddə görüş
Ruhu titrədən bir görüşdü.
Ordumuz ayağa qalxsa,
Şimşək kimi çaxsa,
Ordumuz üçün ən asan iş döyüşdü.
Qalanını tarix yazır.
Hər azərbaycanlının içində
Bir əsgər var
Döyüşə hazır!
Yaman olur
Havadan, sudan, çöldən
Gözəllik ətri gəlir.
Qızılgüllər titrəyir
Əlvan ləçəklər gülür.
Bu gözəllik qoynuna
Tanrı nuru tökülür...
Sevincdən gözüm dolur.
* * *
Şirin dil son hədd ola
İnsanlar arasında.
Ölkələr arasında
Qızılgül sərhəd ola...
Yar həsrəti-hicranı
Ən çəkilməz dərd ola...
İnsanlar mələk olur.
* * *
Beşiyim, məzarımsan,
Ana torpağım mənim.
Qəlbin qəlbimdə vurur,
Ay Qarabağım mənim.
Bülbüllər yetişdirən
Havam, bulağım mənim.
Görürəm rəngin solur.
* * *
Səni belə görəndə
Tufan olur, qan olur.
Hirsim qaynayıb daşır,
Səbrim ilə savaşır.
Bizə döyüş yaraşır,
Bizə zəfər yaraşır.
Hikkəm başımdan aşır
Ruhum dağa dırmaşır,
Varlığım tufan olur.
Xalq bu həddə gələndə
İntiqam yaman olur.
Biz Cocuq Mərcanlılıyıq
Dağlı, eniş-yoxuşlu,
Torpaqlı, daşlı, quşlu,
Ağaclı - vətəndaşlı
Hamımız bir canlıyıq.
Biz Cocuq Mərcanlılıyıq.
* * *
Yollar qəddi, ütülü,
Bulaq-sükut bülbülü,
Şehli bağların gülü -
- Qəlbi həyəcanlıyıq.
Biz Cocuq Mərcanlılıyıq.
* * *
Körpədən son yaşacan,
Lap ayaqdan-başacan.
Ey böyük Azərbaycan
Hamımız bir canlıyıq!
Biz Cocuq Mərcanlılıyıq.
Lələtəpə
Dədəm Qorqudun dövründə
Laləli bir təpə idim
Sonradan lələ olmuşam,
Bir Lələtəpə olmuşam.
Başımın üstündə Allah
Əlimdə üç rəngli bayraq.
Gecə, gündüz, axşam, sabah,
Ana yurda keşikçiyəm.
Xalqın dağ olmuş səsiyəm,
Mən igidlər nərəsiyəm.
Mən lələlər lələsiyəm.
Məktəblərin zəng səsiyəm.
Dağam, dağlar balasıyam.
Mərcanlılar qalasıyam
Hələ mənim çox işim var
Çox zəfərlər çalasıyam.
Yurdun Lələ dayağıyam
Elin Lələ bayrağıyam
Əsgərlərin səngəriyəm
Düşmənlərə göz dağıyam.
Birinci sinfə ikinci dəfə
Cocuq Mərcanlıda getdim
Birinci sinifdəyik
Mən və sinif yoldaşım.
Onun yeddi yaşı var,
Mənim səksən üç yaşım.
Onun ilə söhbətə
Bərk qarışmışdı başım.
Müəllimə dedi:
- Yaxşı!
Siz sakit olun bir az.
Dərsdə danışmaq olmaz.
Mən tez kəsdim sözümü,
Yığışdırdım özümü.
Sinif dostum soruşdu:
- Sən də qorxursan ondan?
- Mən qorxuram qanundan.
- Qanun kimdi, ay dayı?
- Hamı ona tabedi
Səndən, məndən savayı.
- Niyə o bizə dəymir?
- Sənin yaşın çox azdı,
- Mənim yaşım lap çoxdu.
Bizi əsgər qoruyur
Heç bir qorxumuz yoxdu...
* * *
Quliyeva Səidə Allahqulu qızı Bakıda rahat evini qoyub könüllü Cocuq Mərcanlıya gedib. Orta məktəbdə kitabxanada işləyir. O, ürəyinin çağırışına əməl edib. Hər ürəkdə belə çağırış olmur. Ürəkdə belə istək olsa da, hər adam cəsarət edib Bakıda rahat evini qoyub, düşməndən yeni alınıb, yeni salınmış Cocuq Mərcanlı qəsəbəsinə işləməyə, yaşamağa gedə bilməz. Bunun üçün ürəkdə istəkdən başqa qeyrət, təpər, alovlu vətənpərvərlik, vətəni əsl Leylinin Məcnuna olan məhəbbəti kimi bir İlahi məhəbbət olmalıdır. Səidə qızımızda o var. Qızın özü də bilmir ki, qəhrəmanlıq elə buna deyirlər.
Səidə qızıma
(Mahnı mətni)
Səni vətənin çağırdı.
Səs qəlbində ağrıdı.
A qeyrətli qızım mənim,
Şir ürəkli quzum mənim.
Qoy tanısın el səni də
Səidə, ay Səidə.
* * *
Kitabların sirdaşısan
Hamının qız qardaşısan.
Özündən xəbərin yoxdu
Sən özündən də yaxşısan.
Qəlbin günəşdir sinəndə
Səidə, ay Səidə.
* * *
Mərcanlıda cocuqlara
Şirin nağıl olacaqsan.
Evdə bacı olacaqsan
Çöldə oğul olacaqsan.
Adın nəğmədir sənin də
Səidə, ay Səidə.
* * *
Başdan ayağa hünərsən,
Odlar qızı igid ərsən.
İnanıram ilk imkanda
Şuşaya da sən gedərsən
Olacaqsan orda sən də
Səidə, ay Səidə.