"AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) lokomotiv parkının yenilənməsi və yükdaşıma imkanlarının artırılması istiqamətində işləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal olunan AC50 tipli 7 müasir yük lokomotivi Bakıya gətirilib.
Magistral teplovozlar qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz olunub. Yüksək dartı gücü və böyük yanacaq tutumu ilə seçilən lokomotivlər ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə edilməsinə imkan verir. Həmçinin lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Yeni lokomotivlərdə texniki xidmət dövriliyinin 90 gün müəyyənləşdirilməsi onların daha etibarlı və fasiləsiz istismarına şərait yaradır. Teplovozun əsas çəninin 2 min litr sıxılmış hava tutumuna malik olması və iki kompressorla təchiz edilməsi daha uzun tərkibli qatarların idarə olunmasına imkan verir.
Eyni zamanda, iki lokomotivin ardıcıl qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə edilməsi daha çox yükün daşınmasına, ağır tonnajlı qatarların idarə olunması zamanı əməliyyat səmərəliliyinin yüksəldilməsinə və lokomotivlərdən daha effektiv istifadəyə şərait yaradır.
AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) müəyyən etdiyi IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu xüsusiyyət lokomotivlərin xüsusi emissiya tələblərinin tətbiq olunduğu ərazilərdə istismarına imkan yaradır.
Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarda istifadə olunacaq.
ADY lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımalarında hərəkət tərkibinin texniki imkanlarının artırılması, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri üzrə artan yükdaşımalar fonunda çevik və təhlükəsiz xidmətlərin göstərilməsi istiqamətində işləri davam etdirir.
Hazırda növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır.