Çin sentyabrın 28-də bəyan edib ki, BMT-nin növbəti Baş katibi “səriştəli, qərəzsiz və dürüst” olmalı, həmçinin BMT Nizamnaməsinə riayət etməlidir.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekində jurnalistlərə açıqlamasında bildirib: “BMT Baş katibinin seçilməsi təşkilatın islahatı və inkişafı, eləcə də üzv dövlətlərin həyati maraqları ilə birbaşa bağlıdır”. O, davam edən seçki prosesi və Pekinin hansı namizədi dəstəkləyəcəyi barədə sualları cavablandırıb.
XİN sözçüsünə, həmçinin mediada yayılan məlumatlarla bağlı sual verilib. Həmin məlumatlarda Pekinin BMT-nin Ticarət və İnkişaf qurumuna rəhbərlik edən Kosta-Rika nümayəndəsi Rebeka Qrinspanı və ya Qayananın BMT-dəki səfiri Karolin Rodriges Birketti dəstəkləmək məsələsini nəzərdən keçirdiyi iddia edilirdi.
BMT-nin növbəti rəhbərinin seçilməsi prosesi davam edir və seçilən namizəd vəzifəsinin icrasına 2027-ci il yanvarın 1-də başlayacaq. Hazırda bu vəzifəyə yeddi namizəd qalıb.
Quo qeyd edib: “Çin BMT Nizamnaməsinin müddəalarına uyğun olaraq Nizamnaməyə riayət edən, yüksək səriştəyə malik, qərəzsiz, dürüst və öhdəliklərini fədakarlıqla yerinə yetirən yeni Baş katibin seçilməsini dəstəkləyir. Pekin Baş katib seçkisi prosesində bütün aidiyyəti tərəflərlə əməkdaşlıq edəcək”.
BMT ilə bağlı xəbərlər yayımlayan “PassBlue” saytının məlumatına görə, sentyabrın 18-də BMT Təhlükəsizlik Şurası tərəfindən keçirilən sonuncu gizli sınaq səsverməsində doqquz səslə Kosta-Rika təmsilçisi Qrinspan liderlik edib. Qayana təmsilçisi Rodriges Birkett isə səkkiz səslə ikinci yerdə olub.
Baş katib vəzifəsi uğrunda mübarizədə, həmçinin Olara Otunnu, Rafael Qrossi, Maki Sall, Mariya Fernanda Espinosa və İvonna A-Baki də iştirak edirlər.