"Yaşıl enerji" dəhlizimizinsə əhəmiyyəti bundan az olmayacaq
2015-ci ildən başlayaraq ildə bir dəfə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir. Bu toplantıların hamısına Bakı evsahibliyi edib. Yalnız 2021-ci ildə koronavirus pandemiyası səbəbindən tədbir videokonfrans şəklində təşkil olunub. Dünənki iclas sayca 11-ci idi. 2023-cü və 2024-cü illərdə olduğu kimi, bu il də sözügedən tədbirlə yanaşı, həmçinin "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirildi.
"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası hər dəfə bu nəhəng layihə ilə bağlı ötən il görülən işlərə yekun vuraraq cari və qarşıda duran məsələləri nəzərdən keçirir, əgər hər hansı bir problemlər varsa, onların həlli yollarını axtarır.
Builki görüşlər də enerji təhlükəsizliyi və davamlı inkişaf məsələlərinə həsr olunmuşdu. İclaslarda "Cənub qaz dəhlizi"nin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, Xəzər-Qara Dəniz-Avropa "Yaşıl enerji" dəhlizi layihəsinin həyata keçirilməsi məsələləri geniş müzakirə edildi. Tədbirə 24 ölkənin (o cümlədən Avropa İttifaqı ölkələri), 7 beynəlxalq maliyyə institutunun və 42 aparıcı enerji şirkətinin nümayəndələri qatılmışdı. İştirakçılar arasında enerji nazirləri, nazir müavinləri və sənaye ekspertləri yer almışdı.
Xatırladaq ki, "Cənub qaz dəhlizi"nin təməli 2014-cü ilin sentyabrında qoyulub, açılış mərasimi isə 2018-ci ilin mayında olub. Bu nəhəng layihə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsini, Azərbaycanın və Gürcüstanın ərazisindən keçən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsini, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu Qaz Boru Kəmərini (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) əhatə edir. Dəhlizin uzunluğu 3500 kilometrdir. Layihə getdikcə yeni interkonnektorlar vasitəsilə şaxələnir. Beləliklə də indi Azərbaycandan 12 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya qaz alır. Azərbaycan qazı Gürcüstana CQBK ilə 2006-cı, Türkiyəyə BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə 2007-ci və TANAP-la 2018-ci, Avropaya TAP-la 2020-ci il dekabrın 31-dən çatdırılır.
"Cənub qaz dəhlizi"nin nailiyyətlərində Məşvərət Şurasının da böyük rolu var. Hər il Prezident İlham Əliyevin Məşvərət Şurasının iclasında iştirak etməsi və çıxış etməsi bu tədbirin önəminə bir daha diqqət çəkir. Ümumiyyətlə, Prezident İlham Əliyev "Cənub qaz dəhlizi"nin həyata keçirilməsi işində liderlik edib və bu missiya davamlı xarakter daşıyır.
Dövlətimizin başçısı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında da çıxış edib. "Azəri-Çıraq-Günəşli", "Abşeron" və "Şahdəniz" yataqlarının bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edərək deyib: "Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq ki, onlarla bağlı müqavilələr artıq imzalanıb, işçi proqram həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənubi Qafqaz Boru Kəməri bütün iştirakçılarla birlikdə görülmüş işlərin nəticəsidir".
Prezident İlham Əliyev qarşıda duran vəzifələrə də toxunub: "Biz əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaqdır. Yəni biz əmin olmalıyıq ki, bir neçə il üçün bazar olacaq... Əgər bizdə belə bir təminat olmasa, onda investor sərmayə yatırmayacaq, ölkəyə sərmayə yatırmayacaq. Beləliklə, təbii qazın böyük bir qıtlığı yaranacaq. Bizim ehtiyatlar məlumdur. Biz yeni yerlərdən yeni hasilatın başlamasını gözləyirik".
Məlum olduğu kimi, hazırda "Cənub qaz dəhlizi" tam gücü ilə işləyir. Lakin zaman onun genişləndirilməsi zərurətini gündəmə gətirir və bunun üçün maliyyələşmə lazımdır. Odur ki, Prezidentimiz sözügedən tədbirdə deyib: "Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar".
Prezident İlham Əliyevin strateji baxışı çərçivəsində Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, həm də "yaşıl enerji" mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqelərini möhkəmləndirir. Azərbaycanın böyük "yaşıl enerji" potensialı var və "yaşıl gündəliyi"miz artıq hamıya bəllidir. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan MR "yaşıl enerji" zonaları elan edilib. "Yaşıl enerji" layihələri bu regionlarla yanaşı, digər şəhər və bölgələrimizə də addımlamaqdadır. Bu sahədə son dövrlər bir sıra yeni müqavilələr imzalanıb. Təbii ki, sözügedən tədbirdə bu barədə də geniş söhbət açıldı və müzakirələr aparıldı. Bununla bağlı dövlətimizin başçısı belə dedi: "Bu, günəş və külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 qiqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, bu, təbii qaza qənaət etmək imkanı yaradacaq. Biz onu məhz daxildə istehlak edirik və onlar ixraca yönəldiləcək. Biz, eyni zamanda öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Şərqi Zəngəzur və Qarabağ bölgələrində. Bu işi Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparırıq".
Xatırladaq ki, dövlətimizin başçısı Məşvərət Şurasının ötən illərdəki iclaslarından birində "Cənub qaz dəhlizi" layihəsinin yekunlaşdığını, lakin görəcəyimiz işlərin hələ çox olduğunu bəyan etmişdi. Göründüyü kimi, işlər davam edir. Azərbaycandan Avropaya uzanan qaz dəhlizi genişlənir və şaxələnir. İndi ölkəmiz Avropaya həm də "yaşıl enerji" dəhlizi açmağı hədəfləyib.
Flora SADIQLI,
"Azərbaycan"