11 May 2024 08:30
289
İQTİSADİYYAT
A- A+

"Cənub qaz dəhlizi" ilə inkişaf edən əməkdaşlıq

 

Azərbaycan-Bolqarıstan iqtisadi əlaqələri "yaşıl enerji"ni də əhatə edəcək

 

Azərbaycan və Bolqarıstan on ilə yaxındır strateji tərəfdaşdırlar. Ötən illər ərzində iki ölkə arasında əlaqələr uğurla inkişaf edib. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin daha da inkişafı və sürətlənməsi məqsədini daşıyır.
Son dövrlər ölkələrimiz arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Buna təkan verən isə əsasən enerji sektorundakı əməkdaşlıqdır. Bolqarıstan Azərbaycandan qaz idxal edən səkkiz ölkədən biridir. Mayın 8-də mətbuata bəyanatında dövlətimizin başçısı bununla bağlı rəqəmləri də açıqlayıb: "Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir".
Bolqarıstan, eyni zamanda mavi yanacağın nəqlində önəmli tranzit ölkədir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə onların sayı daha da artacaq. Xatırladaq ki, 2022-ci il oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) açılıb. IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdırır. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edir. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının xeyli hissəsini ödəyəcək.
Keçən il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru fəaliyyətə başladı. Bu layihələrin reallaşması TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) inkişafında mühüm bir mərhələnin başlanğıcı, "Cənub qaz dəhlizi"nin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilir. Bunların ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyət daşıdığı şəksizdir.
Azərbaycan-Bolqarıstan əməkdaşlığının əsas məqsədi daha yaxşı nəticələr əldə etməkdir və bunun üçün əsas şərtlərdən biri energetika sahəsindəki əlaqələrin genişlənməsidir. Nə xoş ki, bu əlaqələr daha geniş sahələri əhatə edir. Keçən ilin aprel ayında Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumunun imzalanmasını xatırlayaq. Bu sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükünün "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcəyi nəzərdə tutulur. Bolqarıstan Prezidenti Rumen Radev özünün mətbuata bəyanatında bütün bunların əhəmiyyətini vurğulayıb: "2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə də "Cənub qaz dəhlizi" Mərkəzi və Şərqi Avropaya birləşdi. Bu, əlbəttə, Avropa Komissiyasının siyasətinə uyğun idi ki, enerjinin şaxələndirilməsi və mənbələrin təhlükəsizliyi təmin edilsin. Çünki müvafiq Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bundan sonra cənab Prezident bir daha Bolqarıstana səfər etdi və orada bizim təşəbbüsümüzlə "Həmrəylik halqası" layihəsi ilə bağlı memorandum imzaladıq ki, burada səylərimizi birləşdirəcəyik və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və SOCAR-ın imkanları səfərbər edilsin ki, Azərbaycandan əlavə qaz həcmləri bizim istiqamətdə daxil ola bilsin. Bu da bütün regionun təhlükəsizliyi üçün vacib bir məsələdir. Biz, eyni zamanda Sofiyada SOCAR-ın ofisinin birlikdə açılışını etdik. Bu da onun göstəricisi idi ki, biz enerji sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindəyik".
Bir sözlə, əməkdaşlığın bugünkü səviyyəsi müsbət, perspektivləri isə böyükdür. Belə ki, Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində müzakirə edilən məsələlərdən biri də "yaşıl enerji" kabeli layihəsi olub. Məlumdur ki, Azərbaycan bərpaolunan enerji istehsalını getdikcə artırmağı qarşıya məqsəd qoyub və bunun böyük hissəsini ixrac etməyi planlaşdırır. Bunun üçün də 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş Avropanı "yaşıl enerji" ilə təmin edən əsas kanal kimi Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur. Yəni Azərbaycan Avropaya "yaşıl enerji" körpüsü salmağı hədəfləyib. Görülən işlər, keçirilən tədbirlər də ölkəmizin inamlı addımlarla bu məqsədə doğru irəlilədiyini göstərir. 
Əlbəttə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz, enerji təchizatçısı deyil. Əməkdaşlığın digər istiqamətləri də var. Məsələn, nəqliyyat, tarixi-mədəni abidələrin bərpası, ətraf mühitin qorunması və s. Enerji sahəsindəki uğurlu nəticələr göstərir ki, bu və digər istiqamətlərdə əlaqələri inkişaf etdirmək üçün imkan və təcrübə var. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video