Tohidə İbadova Dövlət Suverenliyi Gününü 53 il öncə təhsil aldığı Xankəndidə qeyd etdi
…Erməni qəsbkarları yeni ərazilərimizi ələ keçirmək üçün 27 sentyabr 2020-ci ildə mövqelərimiz üzərinə hücuma keçdilər. Bu hücum nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 44 gün ərzində torpaqlarımızın böyük hissəsini geri qaytardı.
Amma erməni separatçıları silahı yerə qoyub təslim olmadılar, Qarabağdan çıxmadılar. Buna görə də Azərbaycan ərazilərini separatçılardan təmizləmək məqsədilə ötən il 19-20 sentyabr tarixlərində Qarabağda antiterror tədbirləri keçirməyə məcbur oldu.
Ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu
Uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinə, erməni separatçılarına sarsıdıcı zərbələr endirildi. Bunun qarşısında bir sutka belə dayana bilməyən separatçılar ağ bayraq qaldırıb, silahlarını yerə qoyub təslim oldular, bölgəni tərk etdilər. 19-20 sentyabr antiterror əməliyyatında qazanılan qələbə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə nəticələndi.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə 20 sentyabrın Dövlət Suverenlik Günü kimi elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il ölkəmizdə Dövlət Suverenlik Günü böyük təntənə ilə qeyd olunacaq. Dövlətimizin başçısının bu sərəncamı tarixə böyük hörmət, yurdumuzun azadlığı uğrundan gedən döyüşlərdə şəhid olanların ruhuna ehtiramdır. Bu həm də tarixi ədalətin bərpası, şanlı Azərbaycan Ordusunun Qarabağda qazandığı zəfərin, qələbənin rəsmiləşdirilməsidir.
Xankəndidə ezamiyyətimiz zamanı şəhəri görməyə, onun gözəlliyinə tamaşa etməyə gəlmiş ziyarətçilərlə də görüşüb söhbət etmək imkanımız oldu. Ünsiyyətdə olduğumuz insanlardan xoş sözlər eşitdik. Onların üzündə sevinc və fərəh hiss etdik. Həmsöhbəti olduğumuz insanlar Dövlət Suverenlik Gününün təsis edilməsindən böyük qürurla danışdılar.
Ziyarətçi xanım Tohidə İbadova ilə söhbət zamanı öyrəndik ki, o, 1971-1975-ci illərdə dövlət başçısının 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin (keçmiş Azərbaycan Pedoqoji İnstitutunun Qarabağ filialı) məzunu olub. Beş il Xankəndi şəhərində təhsil alıb. Dediklərindən hiss etdik ki, həmin günlər əbədi olaraq onun yaddaşına həkk olub.
Gənclik ovqatı ilə dolub-daşan günləri xatırlayan Tohidə İbadova dedi: "Tələbəlik insan həyatının heç vaxt unudulmayan illəridir. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra müəllim olmaq arzusu ilə indiki Qarabağ Universitetinə üz tutdum. Mən Ağcabədi rayonunda dünyaya göz açmışdım. Xankəndi bizə yaxın şəhər idi. Həm də Qarabağda təhsil almağa üstünlük verir, bu gözəl məkanda oxumaq istəyirdim. Şükürlər olsun ki, arzuma, istəyimə çatdım. Universitetin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub oxumağa, müəllimlik peşəsinin sirlərinə yiyələnməyə başladım. 1975-ci ildə ali təhsilimi başa vurub Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi qoynundan dünyaya göz açdığım Ağcabədiyə qayıtdım. Təəssüflər olsun ki, gözəl Qarabağımız 1988-ci ildən başlayaraq erməni separatçılarının yuvasına çevrildi. 1992-1993-cü illərdə onlar Qarabağın azərbaycanlılar yaşayan kəndlərini bir-birinin ardınca işğal edib yandırdılar. 1993-cü ilin yayında isə Ağdam rayonu işğalçıların əlinə keçdi. Düşmən Ağcabədi rayonunun hüdudlarına qədər gəlib çıxdı. Bir vaxtlar bizi Qarabağa aparan yollar bağlandı. Amma böyük ümidlə yaşayır və gözləyirdik ki, günlərin birində həsrətini çəkdiyimiz Qarabağa qayıdacağıq.
30 ildən sonra intizara son qoyuldu, həmin xoşbəxt gün qapımızı döydü. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Qarabağı erməni işğalçılarından azad etdi, separatizmin kökünü kəsdi. Zəfərlə başa çatan döyüşlərdən sonra uzun illər Qarabağın bağlı qalmış yolları açıldı. Bu xəbərdən ürəyimiz qürur və iftixarla doldu, sevinc-sevincə qarışdı".
Xankəndi indi əvvəlkindən də gözəldir
Daha sonra söhbətinə davam edən Tohidə xanım dedi ki, Qarabağın azad olunduğunu eşidəndə yaşadığım sevinc dolu anları, keçirdiyim xoş hissləri sözə çevirməkdə acizəm. Həmişə arzulayırdım ki, Xankəndiyə gedim, beş il tələbəsi olduğum ali təhsil ocağını ziyarət edim. Şükür ki, bu arzum reallaşdı. Bu gün həyat yoldaşım Akif Abbasovla, oğlum İlham və nəvəm Turqutla birlikdə Xankəndini ziyarətə gəlmişik. Hündür bir yerə qalxıb beş il tələbəsi olduğum, bütün mərtəbələri, dəhliz və auditoriyaları mənə doğma və tanış olan təhsil ocağına baxdım. Baxdıqca da ötüb keçənləri xatırladım, xəyalların qanadında həmin illərə qayıtdım. Sanki o günləri, o illəri təzədən yaşaya-yaşaya gəncləşdim. Bir vaxtlar tələbəsi olduğum ali təhsil ocağını həyat yoldaşıma da, oğlum və nəvəmə də göstərdim.
Sonra tələbəlik illərində kirayənişin qaldığım binaya baxdım. Bu anlarda xoş hisslər keçirdim. İndi bu hündür yerdə dayanıb bir vaxtlar ali təhsil aldığım, ömrümün gözəl çağlarını yaşadığım Xankəndinin gözəlliyinə tamaşa edirəm. Şəhər əvvəlkindən də gözəl görünür. Bu, işğaldan azad olunandan sonra mənim Xankəndiyə ilk ziyarətimdir. Bundan sonra doğma şəhərimə tez-tez gələcəm. Çünki bu müqəddəs məkan gəncliyimin şəhəridir.
Tohidə İbadova Qarabağ Universitetinin dünənindən, bu günündən də söz açdı: "Qarabağ Universitetinin yaradılması xəbərini böyük sevinclə qarşıladım. Artıq insanlarla bərabər Qarabağa da həyat qayıdır. Universitetin yaradılması həm elmimizin, həm də bölgəmizin inkişafına böyük təkan verəcək. Ümid edirik ki, bu universitet qısa müddət ərzində beynəlxalq miqyasda tanınmış nüfuzlu ali təhsil ocağına çevriləcək. Adı dillərdən düşməyəcək. Heç vaxt Qarabağ torpağına ayağı dəyməyən tələbələr gəlib bu yerlərin gözəlliyini görəcək. Bu müqəddəs yerlərə qəlbən bağlanacaq. Qarabağ Universiteti gənclərimizin karyera qurmaq imkanlarını da xeyli genişləndirəcək. İnanıram ki, bu təhsil ocağında gələcəyin parlaq mütəxəssisləri hazırlanacaq. Nəvəm Turqut Abbasov da bu il tələbə adını qazanıb, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Çox ürəyimdən keçirdi ki, Turqut da Qarabağ Universitetində təhsil alsın. Müəyyən səbəblər üzündən bu iş alınmadı. Amma buna çox təəssüflənmirəm. Ümid edirəm ki, böyüyən o biri nəvələrim mütləq gələcəkdə nənələri kimi Qarabağ Universitetində təhsil alacaqlar".
Erməni separatizminin məhv edildiyi 19 sentyabr
Sözünə davam edən Tohidə Əliyeva dedi ki, doğrudan da, Azərbaycan xalqı çox gözəl günlər yaşayır: - Prezident İlham Əliyevin 18 sentyabr tarixli sərəncamı ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi keçiriliməsi ürəyimizdən xəbər verdi. 19-20 sentyabr 2023-cü il tariximizə Qarabağda separatizmin məhv edildiyi gün kimi yazıldı.
Erməni separatçıları 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda soydaşlarımıza qarşı təxribatlar törədirdilər. Havadarlarına arxalanan erməni qəsbkarları doğma Qarabağımızı Ermənistana birləşdirmək məqsədilə azərbaycanlılar yaşayan kəndlərə hücum edib evləri yandırır, sakinlərini amansızcasına öldürürdülər. Azərbaycanlılara qarşı soyqırımı siyasəti yürüdən ermənilər demək olar ki, hər gün Qarabağda cinayətlər törədir, zülümlər edirdilər.
Bu zülmlərin, bu cinayətlərin, bu təxribatların bir gün sonu gəlməliydi. Axır ki, illərdən bəri gözlədiyimiz o gün 19 sentyabrda gəldi. 44 günlük Vətən müharibəsindən Zəfərlə çıxmış şanlı Azərbaycan Ordusu həmin gün illərdən bəri Qarabağda ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı meydan sulayan separatçılara qarşı antiterror əməliyyatı keçirdi. Çox qısa müddətdə başa çatan əməliyyat uzun illərdən bəri Qarabağda məskunlaşmış erməni separatizminə, erməni vandalizminə sarsıdıcı zərbə vurdu. Uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Azərbaycan xalqı bu qələbədən, bu zəfərdən çox sevindi. Şəhidlərin ruhda şad oldu. Azərbaycan Ordusu düşmən üzərində qazandığı zəfəri ilə Qarabağa sülh gətirdi. Əvvəlki illər atəş səsləri eşidilən, erməni işğalçıları tərəfindən azərbaycanlıların qanı axıdılan Qarabağda indi böyük quruculuq işləri aparılır. Bu işlərin nəticəsində şəhərlər, qəsəbələr və kəndlər abadlaşdırılır. Artıq keçmiş məcburi köçkünlər sevinc içində geri qayıdırlar. Bu mənzərələri gördükcə ürəyimiz açılır, qəlbimiz iftixarla dolur.
Bu gün Xandəndidə olmağımdan qürur duyuram. Ömrümün ən gözəl günləri bu şəhərdə keçib. Çalışacağam ki, hər il sentyabrın 20-də Xankəndi şəhər günündə bu gözəl məkana gəlim. Burada keçirilən tədbirlərdə iştirak edim.
20 sentyabr tariximizə Dövlət Suverenliyi Günü kimi yazıldı
"İndi anlarını yaşadığımız bu günləri əvvəlki illər yalnız arzu edərdik, xəyallar qurardıq", - deyə Tohidə xanımın həyat yoldaşı Akif Abbasov söhbətimizə qoşuldu:
- Çox şükürlər olsun ki, gündən-günə gücünü, qüdrətini artıran Azərbaycan Ordusu düşmən üzərində qazandığı zəfərləri, qələbələri ilə arzularımızı, xəyallarımızı reallaşdırdı. Reallaşan bu arzular hamımıza böyük sevinc bəxş etdi. Həmişə Qarabağa getməyi, bu gözəl yerləri gəzməyi arzulayardım. İndi budur, buradayam, Qarabağın ən böyük şəhəri olan Xankəndidəyəm. Arzuma çatdığıma görə özümü xoşbəxt hiss edirəm. Bizə bu sevinci bəxş edən Azərbaycanın qəhrəman oğullarına, yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərə minnətdarıq.
Bu gün daha bir sevindirici xəbər eşitdik. Necə deyərlər, sevincimiz sevincə qarışdı. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi elan edildi. 20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində erməni separatizmi qarşımızda diz çökmüşdü. Bununla da ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunmuşdu. Belə əlamətdar bir günün təsis edilməsi biz vətəndaşları çox sevindirir. Azərbaycan xalqı bu müqəddəs bayramı, Dövlət Suverenlik Gününü həmişə böyük təntənə ilə qeyd edəcək.
Söhbət zamanı Tohidə xanımdan onu da öyrəndik ki, oğlu İlham Abbasov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Şərəfli döyüş yolu keçib. Bu barədə özü ilə söhbət edərkən dedi: "27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində torpaqlarımızın azadlığı uğrunda müharibə başlayanda ehtiyatda olan baş leytenant kimi döyüşlərə yollandım. Çox da uzun çəkməyən döyüş yolum Cəbrayıl rayonundan başladı. Erməni işğalçıları bu istiqamətdə ciddi müqavimət göstərirdi, geri çəkilmək istəmirdilər. Amma düşmənin ciddi müqavimətinə baxmayaraq, biz də əks-hücumlarımızı davam etdirirdik. Addım-addım işğalçıları geri sıxışdırırdıq. Zabit və əsgərlərimiz yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə böyük cəsarət və qəhrəmanlıqla vuruşurdular. 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımız belə qəhrəman və cəsur oğulların hesabına azadlığa qovuşurdu.
Çox təəssüflər olsun ki, oktyabrın 9-da döyüşlərin qızğın çağında yaxınlığıma düşmənin atdığı minaatan mərmisi düşdü. Ağır yaralandım. Bir müddət hospitalda müalicə olunsam da, sağlamlıq durumum döyüşü davam etdirməyə imkan vermədi. Qürur hissləri keçirirəm ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mən də vuruşdum. Vətən qarşısındakı övladlıq borcumun öhdəsindən bacarıqla gəldim.
Bu gün anamın bir vaxtlar oxuduğu və yaşadığı şəhərdəyik. İlk dəfədir ki, ayağım Qarabağ torpağına dəyir. Xankəndi təsəvvür etdiyimdən də gözəldir. Füsunkarlığına nəzər yetirib nə qədər fikirləşsəm də, onu gördüyüm və tanıdığım heç bir şəhərə bənzədə bilmirəm".
Döyüşlərdə göstərdiyi igidliyə görə Abbasov İlham Akif oğlu Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Xankəndini ziyarətə gələnlərin arasında məktəb yaşlı uşaqlar da gözə dəyirdi. Onlar valideynlərinin yanında gəzinə-gəzinə şənlənib gülüşür, şəhərin gözəlliyinə tamaşa edirdilər. İnanırıq ki, bu gün Xankəndinin gözəlliyinə heyranlıqla tamaşa edən uşaqların səsi-sorağı sabah Qarabağ Universitetindən gələcək. Dövlət Suverenlik Günü ərəfəsində Xankəndiyə etdikləri səfərlərini həmişə xoş təəssüratlarla xatırlayacaqlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Bakı-Xankəndi-Bakı