“Azərbaycan Şərqi Avropanın enerji mənbələri ilə təmin olunmasında mühüm rol oynayır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ixrac üzrə naziri Lord Offord bu gün Bakıda keçirilən Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasında deyib.
“Bu ilin may ayında komissiyanın beşinci iclasından sonra digər sahələrdə investorların etimadını gücləndirmək üçün müsbət addımlar atılıb. Gömrük və vergi məsələləri üzrə hökumətlərarası işçi qrupları ikitərəfli ticarətin və investisiyaların daha sürətli və şəffaf olmasına kömək edib. İndi ticarət əlaqələrimizi növbəti səviyyəyə çıxarmağın, iqtisadiyyatlarımızı geridə qoyan maneələri aradan qaldırmağın vaxtıdır”, - deyə britaniyalı nazir vurğulayıb.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə başlayıb. 2023-cü ildə ölkə bu marşrutla Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sektorunda əməkdaşlıq memorandumu imzalanıb ki, bu da Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin 2027-ci ilə qədər ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.
Bu gün Bakıda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası işə başlayıb.
Görüşdə iki ölkə arasında biznes sahəsində əməkdaşlıq, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın müzakirəsi planlaşdırılır.
Komissiyaya Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac üzrə dövlət naziri Lord Malkolm Offord həmsədrlik edirlər.