07 Sentyabr 2026 10:57
191
SİYASƏT
A- A+
Braziliya Latın Amerikasında Azərbaycanın mühüm tərəfdaşlarından biridir

Braziliya Latın Amerikasında Azərbaycanın mühüm tərəfdaşlarından biridir


Hər dəfə Braziliya haqqında söhbət düşəndə, ilk növbədə gözlərimiz önündə özünəməxsus mətbəxi və musiqisi, insan ayağı dəyməmiş nəhəng tropik meşələri və çay vadiləri, təbiətin və mədəniyyətin heyrətamiz xüsusiyyətlərini özündə birləşdirən sehrli bir diyar canlanır. Əzəmətli Amazon meşələrindən tutmuş cənubun səfalı sahillərinə qədər uzanan bu coğrafiya, planetin ekoloji nəfəsliyi, sanki onun ağ ciyərləridir. Burada okean dalğalarının ritmi yerli xalqın qədim adət-ənənələrinin sədaları ilə qovuşur. Samba ritmlərinin enerjisi, rəngbərəng möhtəşəm karnivalların coşqusu və xalqın qonaqpərvərliyi bu torpağın təkrarolunmaz ruhunu yaşadır. Əlbəttə ki, bu ölkə həm də dünya futbol tarixində silinməz iz qoymuş əfsanəvi Pelenin vətənidir. 

Bu gün Braziliya Latın Amerikasının ən böyük iqtisadiyyatıdır desək, yanılmarıq. Hazırda o, dünya miqyasında nominal ümumi daxili məhsulun həcminə görə 10-cu yerdə qərar tutub. Ölkə iqtisadiyyatı "yeni sənayeləşmiş" və yüksək-orta gəlirli inkişaf etməkdə olan ölkə statusuna malikdir.

Braziliyanın ümumi qızıl-valyuta ehtiyatları 2025-ci ilin sonunda 358 milyard dollardan çox olmuşdur. 2026-cı ilin iyul ayıda isə bu göstərici artaraq 369 milyard dollara yüksəlmişdir. 2025-ci ilin ən mühüm hadisəsi Braziliya qızıl ehtiyatlarının kəskin şəkildə artırması olub. Ölkə ilin son rübündə təxminən 43 ton qızıl alaraq ümumi qızıl ehtiyatını 172,44 tona çatdırıb.

Nominal ümumi daxili məhsulun həcmi təqribən 2,64 trilyon dollar səviyyəsinə yüksəlmişdir. İllik adambaşına düşən gəlir nominal olaraq təxminən 12.313 dollar təşkil edir.  İnflyasiya isə Mərkəzi Bankın hədəflərinə yaxın - 4,1 - 4,4 faiz civarındadır.

Braziliya iqtisadiyyatının güclü tərəfi istehlak olunan enerji matrisinin çox təmiz olması (elektrik enerjisinin böyük hissəsi hidro, külək və günəşdən alınır), böyük həcmdə xarici investisiyaların cəlb edilməsi, Çin və ABŞ kimi nəhəng ticarət tərəfdaşlarının olmasıdır.

Braziliyanın müasir iqtisadiyyatı xidmət sektoru, yüksək texnoloji sənaye və güclü aqrar-sənaye kompleksinin birləşməsinə əsaslanır. Ölkə iqtisadiyyatının formalaşmasında və ümumi daxili məhsulda aparıcı rol oynayan əsas sahələrdən ilk növbədə xidmət sektorunu (ÜDM-in təxminən 59 faizi) qeyd edə bilərik. Bu sahə müasir Braziliya iqtisadiyyatının ən böyük hərəkətverici qüvvəsidir və məşğulluğun böyük hissəsini təmin edir. Ölkə olduqca inkişaf etmiş və rəqəmsallaşmış bank sisteminə malikdir. Nəhəng maliyyə təsisatları regionun ən böyük şirkətlərindən hesab olunurlar. Son illərdə ölkə Latın Amerikasında süni intellekt və böyük həcmdə rəqəmsal məlumatın saxlanılması, emalı və paylanması üçün istifadə edilən qovşağa çevrilmişdir. Həmçinin zəngin təbiəti (Amazon hövzəsi) və mədəniyyəti sayəsində daxili və xarici turizm xidmət sektorunun mühüm tərkib hissəsi olmuşdur. 

Sənaye və yüksək texnologiyalar ümumi daxili məhsulun təxminən 20-22 faizini verir. Braziliya inkişaf etməkdə olan ölkələr arasında unikal və şaxələnmiş sənaye strukturuna sahibdir. Aerokosmik, aviasiya sənayesi inkişaf edir. Embraer şirkəti mülki və hərbi təyyarə istehsalına görə dünyada 3-cü yerdə qərar tutaraq ölkənin yüksək texnologiya ixracatının simvoluna çevrilmişdir. Eyni zamanda Braziliya dünyanın ən böyük avtomobil istehsalçılarından və bazarlarından biridir. Bir çox qlobal brendin ölkədə irimiqyaslı zavodları fəaliyyət göstərir. Bu ölkə polad istehsalına görə də qlobal miqyasda ilk onluqda yer alıb. 

Ölkə həmçinin təbii resursların zənginliyinə görə dünyada qabaqcıl mövqelərdə yerləşir. Şelf zonasındakı zəngin yataqlar sayəsində dövlət nəhəngi Petrobras ölkəni xam neft ixracatçısına çevirmişdir. Vale şirkəti başda olmaqla Braziliya dünyanın ən böyük dəmir filizi, manqan və boksit ixracatçılarından biridir. Ölkə elektrik enerjisinin böyük hissəsini su elektrik stansiyalarından (məsələn, İtaypu SES) alır. O, eyni zamanda şəkər qamışından alınan bioetanol (bioyanacaq) istehsalında dünya lideridir. 

Kənd təsərrüfatının ümumi daxili məhsulda birbaşa payı təxminən 6 faiz civarında olsa da, aqrobiznes ölkənin xarici ticarət balansının müsbət olmasında ən kritik rol oynayan sahədir. Braziliya soya paxlası, qəhvə, şəkər qamışı və portağal istehsalında və ixracında dünya lideridir. Dünyanın ən böyük mal və quş əti ixracatçılarından biridir. 2025-ci ildə Braziliyanın kənd təsərrüfatı istehsalı rekord həddə çatıb. Taxıl, paxlalı və yağlı bitkilərin ümumi istehsalı artaraq təxminən 346,1 milyon ton təşkil edərək tarixi rekord həddə çatıb. 2025-ci il mövsümündə şəkər qamışı istehsalı (üyüdülməsi) təxminən 671 milyon tona çatıb. 

2025-2026-cı illərdə Braziliyanın ən mühüm xarici ticarət tərəfdaşı Çindir, onun ardınca isə ABŞ və Argentina gəlir. Braziliyanın ixracının təxminən 27-29 faizini Çin qəbul edir (soya, xam neft, dəmir filizi və mal əti). Asiya regionunda Çindən başqa, Hindistan da Braziliyadan xam neft və soya idxalını əhəmiyyətli dərəcədə artıraraq əsas tərəfdaşlar sırasındakı mövqeyini möhkəmləndirib. ABŞ Braziliyanın ikinci ən böyük bazardır (11 faiz pay). Oraya əsasən neft, polad və təyyarə (Embraer) ixrac edilir. Kənd təsərrüfatı nəhəngi olan Braziliya üçün gübrə tədarükündə isə Rusiya strateji idxal tərəfdaşı olaraq qalmaqdadır.

Braziliyanın xarici siyasəti regional liderlik, çoxtərəflilik (multilateralizm) və dinc diplomatiya prinsiplərinə əsaslanır. Ölkə həm qlobal cənubun səsi olmağa, həm də böyük güclərlə balanslaşdırılmış münasibətlər qurmağa çalışır. Braziliya Cənubi Amerikada sabitliyin qorunmasına və iqtisadi inteqrasiyaya böyük önəm verir. Mercosur (Cənub Ortaq Bazarı) və UNASUR (Cənubi Amerika Millətlər Birliyi) kimi regional blokların gücləndirilməsi xarici siyasətin mərkəzində dayanır.

Braziliya Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası ilə birlikdə formalaşdırdığı BRICS bloku vasitəsilə qlobal iqtisadi idarəetmədə inkişaf etməkdə olan ölkələrin rolunu artırmağa çalışır. Ənənəvi tərəfdaşlardan fərqli olaraq, Afrika və Yaxın Şərq ölkələri ilə ticarət və siyasi əlaqələrin genişləndirilməsi prioritet təşkil edir. Braziliya uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq üçün islahatların aparılmasını müdafiə edir. Beynəlxalq münasibətlərdə çoxtərəfli diplomatiyanın və beynəlxalq hüququn aliliyinin tərəfdarı kimi çıxış edır. Çin Braziliyanın ən böyük ticarət tərəfdaşı, ABŞ isə mühüm siyasi və tarixi müttəfiqidir. Braziliya bu iki nəhəng güc arasında neytral və balanslı bir xətt yürütməyə çalışır.

Dünyanın ən böyük yağış meşələrinə ev sahibliyi edən Braziliya, qlobal iqlim dəyişikliyi danışıqlarında (məsələn, COP konfranslarında) aparıcı rol oynayır. Davamlı inkişaf və bioyanacaq texnologiyalarının qlobal səviyyədə təbliği prioritet istiqamətlərdəndir. 

Hazırda Azərbaycanın xarici siyasətində Braziliya mühüm yerlərdən birini tutur. Braziliya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımışdır. Azərbaycan ilə Braziliya arasında diplomatik əlaqələr 1993-cü il oktyabrın 21-də qurulmuşdur. Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında indiyədək ümumilikdə 9 ikitərəfli saziş və sənəd imzalanmışdır ki, bunlar da münasibətlərin hüquqi bazasını təşkil edir.

2025-2026-cı illər ərzində Azərbaycan və Braziliya arasında siyasi münasibətlər yüksək səviyyəli diplomatik dialoqlar, qlobal iqlim gündəliyi (COP prosesləri) çərçivəsində strateji tərəfdaşlıq və hökumətlərarası yeni institusional platformaların işə düşməsi ilə intensiv xarakter almışdır. Azərbaycan ilə Braziliya arasındakı ali səviyyəli təmasların əsas nüvəsini iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq təşkil edir. 2025-ci ilin sentyabrında Braziliyanın Vitse-prezidenti Jeraldo Alkmin Azərbaycan nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyevlə olan görüşlərini və tərəfdaşlığı yüksək qiymətləndirmişdir. 2026-cı ilin iyun ayında Prezident İlham Əliyev Braziliyanın Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Bernard Klinqlini qəbul edən zaman dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin, xüsusilə siyasi, iqtisadi-ticari və investisiya imkanlarının genişləndirilməsinin vacibliyini önə çəkmişdir.

Hər iki ölkənin qanunverici orqanlarında (Azərbaycan Respublikasının Milli Məclisi və Braziliya Milli Konqresi) fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları ikitərəfli siyasi münasibətlərin hüquqi bazasını dəstəkləyir. 2025-ci ilin sentyabrında keçirilən rəsmi görüşlərdə parlamentlərarası əlaqələr ikitərəfli siyasi və mədəni tərəfdaşlığın ən aktual və strateji istiqamətlərindən biri kimi rəsmən dəyərləndirilmiş və deputatların qarşılıqlı səfərlərinin intensivləşdirilməsi qərara alınmışdır.

2025-ci il sentyabrın 1-də Braziliyada Hökumətlərarası İşçi Qrupunun ilk tarixi iclası keçirilmişdir. Bu addım siyasi münasibətlərin iqtisadi platformaya daşınmasında mühüm mərhələ olmuşdur. Hər iki ölkənin xarici işlər nazirlikləri, eləcə də diplomatik nümayəndəlikləri  mədəniyyət, təhsil, elm və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsini prioritet kimi qiymətləndirmişlər. 2025-ci il sentyabrın 1-də Braziliya şəhərində nazirliklər arasında siyasi məsləhətləşmələrin növbəti 5-ci raundu keçirilmişdir.

Hər iki ölkənin müvafiq dövlət qurumları arasında əlqələr intensivləşir. 2026-cı il iyulun 27-də Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyası arasında "2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı" imzalandı. Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük İdarəsinin rəhbərinin Bakıya səfəri çərçivəsində imzalanan bu sənəd ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal transformasiya, süni intellekt əsaslı idarəetmə həlləri və səlahiyyətli iqtisadi operatorlar mexanizmi üzrə təcrübə mübadiləsini gücləndirir.

İyulun 31-də isə risklərin idarə olunması və elektron ticarət üzrə sahəvi dövlət qurumlarının onlayn strateji iclası reallaşdırılmışdı. Son illər Azərbaycan-Braziliya münasibətlərində sadəcə ikitərəfli deyil, həm də COP və G20 çərçivəsində qlobal miqyaslı siyasi koordinasiya dövrü kimi xarakterizə olunur. 

Hər iki ölkə coğrafi uzaqlığa baxmayaraq, xammal, kənd təsərrüfatı, gömrük və yaşıl enerji keçidi istiqamətlərində əməkdaşlığı dərinləşdirməyə çalışır. Azərbaycan ilə Braziliya hökumətləri arasında ticarət və investisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun fəaliyyəti son zamanlar intensivləşib. İkitərəfli görüşlərdə iqtisadi potensialın reallaşdırılması, qarşılıqlı investisiyaların təşviqi və işgüzar dairələr arasında birgə layihələrin müzakirəsi prioritet elan edilib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi və estafetin Braziliyaya keçirilən COP30-a ötürülməsi iki ölkə arasında iqlim dəyişikliyi, yaşıl keçid və dayanıqlı inkişaf sahələrində sıx əməkdaşlıq körpüsü yaratdı. Belə ki, Braziliyada COP 30 konfransı 2025-ci il noyabrın 10-dan 21-dək ölkənin Para əyalətinin Belen şəhərində keçirilmişdir. Haırda xarici işlər nazirlikləri və müvafiq qurumlar səviyyəsində qlobal iqlim maliyyəsi və ekoloji təşəbbüslərin uzlaşdırılması istiqamətində dialoq qurulub.

İki ölkə arasındakı iqtisadi əməkdaşlıq daha çox ticarət mübadiləsi (kənd təsərrüfatı məhsulları, o cümlədən Braziliyadan idxal olunan mal-qara və qida məhsulları), eləcə də dövlət qurumları və iri energetika, nəqliyyat şirkətləri səviyyəsində həyata keçirilir. Braziliyadan Azərbaycana ixrac olunan əsas mallara  kənd təsərrüfatı və qida məhsulları - şəkər və şəkər qamışı, qəhvə, soya və müxtəlif növ ərzaq malları,  heyvandarlıq məhsulları - ət və ət məhsulları (xüsusilə dondurulmuş və ya təzə mal əti), həmçinin sənaye və texniki avadanlıqlar - müxtəlif növ maşınqayırma məhsulları, nəqliyyat vasitələri və onların hissələri daxildir.

Azərbaycandan isə Braziliyaya ixrac olunan əsas məhsullara - sənaye avadanlıqları və texnologiyalar, əsasən qazma maşınları və sənaye təyinatlı mexanizmlər, kimya sənayesi məhsulları, neft-kimya və kimya sənayesinin müxtəlif məhsulları, o cümlədən gübrələr daxildir.

Hələlik ticarət həcminin mövcud iqtisadi potensialın səviyyəsindən aşağı olması və daha çox dar çərçivəli məhsulları əhatə etməsi etiraf edilsə də, tərəflər kənd təsərrüfatı, nəqliyyat-logistika, qabaqcıl texnologiyalar və turizm sahələrini yeni artım nöqtələri kimi müəyyənləşdiriblər. Braziliya tərəfi üçün Azərbaycanın logistik imkanları, Azərbaycan üçün isə Latın Amerikası bazarında Braziliya ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Azərbaycana Braziliyadan müəyyən kənd təsərrüfatı məhsulları, o cümlədən cins mal-qara idxal olunub və müvafiq Braziliya istehsalçısı, təchizatçı şirkətləri ilə dövlət xətti ilə ticarət əlaqələri qurulub.

    Braziliyanın Azərbaycana ixrac etdiyi əsas məhsullar kənd təsərrüfatı və qida sənayesi mallarıdır. İki ölkə arasında ticarət dövriyyəsində üstünlük təşkil edən əsas məhsul qrupları hər iki ölkənin iqtisadi və istehsal potensialına uyğun olaraq müəyyən edilir. Petrobras Braziliyanın dövlət neft-qaz nəhəngidir. Azərbaycanın dövlət qurumları və şirkətləri (məsələn, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – ASCO) ilə bu şirkət arasında əməkdaşlıq əlaqələri mövcuddur. Məsələn, ASCO-nun gəmiləri uzun müddətdir ki, Petrobrasın layihələrinə və logistik əməliyyatlarına cəlb olunur. Braziliya şirkətləri Azərbaycan bazarında hələlik birbaşa investisiya qoyuluşları və ya sənaye-xidmət sektorundakı törəmə şirkətləri ilə geniş təmsil olunmurlar. Əsas əməkdaşlıq korporativ tərəfdaşlıqlar və ixrac-idxal əməliyyatları üzərində qurulub.

2025-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş rəsmi olaraq təsdiqlənmişdir. Bu sənəd tələbə və tədqiqatçı mübadiləsi, akademik proqramlar və elm adamları arasında birgə layihələrin həyata keçirilməsi üçün möhkəm hüquqi zəmin yaradır.  

Azərbaycanın ev sahibliyi etdiyi COP29 və Braziliyanın sədrliyi ilə keçirilən COP30 tədbirləri çərçivəsində iki ölkə ekoloji mədəniyyət, yaşıl enerji keçidi və qlobal iqlim gündəliyi mövzularında sıx əməkdaşlıq mexanizmi qurmuşdur. Bu, həm də iki ölkənin akademik və ekoloji ictimaiyyəti arasında ortaq maarifləndirmə layihələrinə təkan vermişdir.

Həmçinin mədəni əlaqələr sahəsində xarici işlər nazirlikləri səviyyəsində beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT platformalarında mədəni irsin qorunması və beynəlxalq təhlükəsizliklə yanaşı humanitar dəyərlərin təşviqi istiqamətində ortaq mövqelər uzlaşdırılmışdır.

Hökumətlərarası səviyyədə aparılan müzakirələrdə turizm, idman və yüksək texnologiyalarla yanaşı, xalqlararası birbaşa ünsiyyəti artıracaq mədəniyyət və incəsənət nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri də gündəmə gətirilmişdir. Azərbaycan ilə Braziliya arasında turizm əlaqələri hələlik inkişaf mərhələsindədir və bu sahədə potensialın tam reallaşdırılması üçün işlər görülür. Coğrafi uzaqlıq və birbaşa uçuşların olmaması iki ölkə arasında turizm axınının geniş miqyas almasına əsas maneələrdən biri olsa da, müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunur.

Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşmələrinə baxmayaraq, hər iki dövlətin zəngin mədəni, etnik və dini müxtəlifliyə malik olması bu yaxınlaşmanı şərtləndirən əsas amillərdəndir. Bu dövrdə əlaqələr həm birbaşa mədəniyyət layihələri, həm də təhsil və qlobal ekoloji platformalar çərçivəsində genişlənmişdir. Sevindirici haldır ki, Bakı və Braziliyanın tanınmış mədəniyyət mərkəzlərindən biri olan Rio-de-Janeyro şəhərləri qardaşlaşmışdır.

Azərbaycanın zəngin irsinin Latın Amerikasında tanıdılması istiqamətində 2026-cı ildə önəmli kütləvi tədbirlər həyata keçirilmişdir. Braziliyanın Laqo Sul şəhərində 2026-cı ilin aprelində "Azərbaycan Mədəniyyət Günü" təşkil olunmuşdur. Tədbir çərçivəsində Azərbaycanın milli musiqiləri, xalq rəqsləri, ənənəvi geyimləri və tətbiqi sənət nümunələri yerli ictimaiyyətə təqdim edilmişdir. 

Həmçinin milli mətbəxlərin tanıdılması sahəsində də addımlar atılmışdır. Bu il təşkil olunmuş "InterFood Azerbaijan 2026" irimiqyslı sərgisində Braziliyanın Bakıdakı səfirliyi ilk dəfə olaraq xüsusi pavilyonla təmsil olunmuşdur. Braziliya pavilyonunda ölkənin milli qastronomik rəmzləri sayılan məşhur Braziliya qəhvəsi, ənənəvi "cachaça" içkisi və ət məhsulları nümayiş etdirilmişdir. Sərgi çərçivəsində ölkə rəhbərliyinin pavilyonu ziyarət etməsi ikitərəfli mədəni-iqtisadi bağlara verilən yüksək qiymətin göstəricisidir.

İllər ötəcək Azərbaycanla Braziliya arasında sıx əməkdaşlıq prosesi daha da şaxələnəcək və məhsuldar xarakter kəsb edəcəkdir. Həyatın müxtəlif sahələrində əldə edilmiş nailiyyətlər hər iki ölkənin iqtisadi potensialının artması ilə yanaşı dost xalqların, elə qitələrin  də bir-birilə daha da yaxınlaşmasına münbit zəmin yaradacaqdır. Hər iki ölkənin xarici siyasət doktrinalarının əsas müddəalarından biri də məhz elə budur.  


Atamoğlan MƏMMƏDLİ, 

BDU-nun dosenti




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Braziliya Latın Amerikasında Azərbaycanın mühüm tərəfdaşlarından biridir

10:57
07 Sentyabr

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb

10:25
07 Sentyabr

Aqrar sahədə beynəlxalq sertifikatların alınmasına dövlət dəstəyi veriləcək

10:20
07 Sentyabr

Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatəsi genişləndirilir

10:15
07 Sentyabr

Azərbaycanın və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib

10:10
07 Sentyabr

Pambıq sahələrində quraşdırılan damcı suvarma sistemi üçün əlavə dəstək veriləcək  

10:05
07 Sentyabr

COP29-un Prezidenti: Azərbaycan yaşıl enerji istehsalçısına və enerji bağlantılarının mühüm iştirakçısına çevrilir

10:00
07 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

09:45
07 Sentyabr

“AzərEnerji”: “Sea Breeze” yarımstansiyası ilin sonunadək hazır olacaq 

09:35
07 Sentyabr

“Sabah” Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazanıb

09:30
07 Sentyabr

Dünya birjalarında neft bahalaşıb 

09:25
07 Sentyabr

Lazer hamarlama texnologiyasının tətbiqinə yeni subsidiya veriləcək

09:20
07 Sentyabr

Müasir suvarmadan istifadə edən fermerlərə daha yüksək subsidiya veriləcək

09:15
07 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb 

09:10
07 Sentyabr

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

09:05
07 Sentyabr

Tramp Nyu-Meksiko ştatının adının dəyişdirilməsi təklifini dəstəkləyib  

09:00
07 Sentyabr

Prezidentin sosial şəbəkə hesablarında dövlətimizin başçısının Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib  

20:48
06 Sentyabr

Milli Məclisin sədri Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir  

18:58
06 Sentyabr

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub 

15:40
06 Sentyabr

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur 

14:55
06 Sentyabr

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək  

14:51
06 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!