Hasilat ahəngdar, ixrac fasiləsiz, geoloji kəşfiyyat davamlıdır
BP şirkəti Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə cari ilin birinci rübünün yekunlarını açıqlayıb. İlk növbədə "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin göstəriciləri haqqında məlumat verilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, "Şahdəniz" yatağı və digər layihələrə aid rəqəmlər də göstərilib.
Rüb ərzində AÇG-də aparılan dördölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik beşillik tədqiqat proqramı çərçivəsində keçən il əldə olunmuş seysmik məlumatların emalı və mayda başlanması nəzərdə tutulan növbəti məlumat toplanması işlərinə - ikinci il üçün proqrama hazırlıq davam edib.
AÇG-də stabil hasilat təhlükəsiz və etibarlı şəkildə aparılıb. Bu yataqlar blokundan ümumi hasilat - "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE platformalarından gündə orta hesabla 331 min barel, üç ayda təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.
Birinci rüb ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Məlum olduğu kimi, AÇG-dəki sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə keçən il sentyabrın 20-də AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanmışdı. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.
Sözügedən sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyunun qazılması yekunlaşıb. Quyu mövcud "Qərbi Çıraq" platformasından qazılıb. İlk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra 2025-ci ilin sonunadək başlanacağı gözlənilir.
Səngəçal terminalından karbohidrogenlərin ixracı da ahəngdar gedir. 2025-ci ilin ilk üç ayında AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə terminala göndərilməsi davam edib.
Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Rüb ərzində buradan təxminən 52,3 milyon barel neft və kondensat ixrac edilib ki, bu həcmlərin hamısı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə ötürülüb.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus kəmərlə ixrac olunur. Rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 73,3 milyon standart kubmetr "Şahdəniz" qazı göndərilib.
BTC 2006-cı ilin ortalarında istismara veriləndən 2025-cü ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu ilin birinci rübü ərzində isə BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənərək yola salınıb.
Hazırda BTC əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
"Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edir. İlin ilk üç ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil edilib. "Şahdəniz" qazını daşıyan CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr olub.
BP-nin rüblük hesabatında geoloji kəşfiyyatla bağlı məlumatlar da öz əksini tapıb. Qeyd olunub ki, "Şəfəq-Asiman" dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusunda aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri davam edib.
Keçən il sentyabrın 20-də BP ilə SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir Anlaşma Memorandumu da imzalanmışdı. Bunlar "Qarabağ" neft yatağı və "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) kəşfiyyat sahəsidir. Bu ilin birinci rübü ərzində BP-nin bu sazişlərə qoşulması ilə bağlı danışıqlar davam edib.
BP-dən onu da bildiriblər ki, hazırda şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2398 nəfərdir və buraya müddətli müqavilə əsasında işləyənlər də daxildir. 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini yerli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardır. O da qeyd olunub ki, şirkət öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək-səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Əməliyyatçı şirkət Xəzərdəki layihələrinin uğurunu həm də regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaqda görür. Buna nail olmaq üçün tərəfdaşları ilə birlikdə mühüm sosial investisiya proqramları həyata keçirir.
Bu ilin birinci rübündə BP əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları ilə belə sosial investisiya layihələrinə Azərbaycanda 0,4 milyon dollardan çox vəsait xərcləyib. Bundan əlavə, həmin dövrdə BP ayrıca bir şirkət kimi öz adından ölkəmizdə sponsorluq etdiyi layihələrə 0,2 milyon dollardan çox vəsait sərf edib.
Flora SADIQLI,
"Azərbaycan"