20 Fevral 2018 12:02
1762
Mədəniyyət
A- A+
Boz ay

Boz ay

 

Boz ay qış fəslinin xalq arasında deyilən axırıncı ayıdır. Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününədək - Novruza qədər davam edir və hərəsi bir həftə çəkməklə dörd çilləbeçəyə (çərşənbə) bölünür. El-oba arasında bu müddət boz çillə, ala çillə, alaçalpo, yazağzı, ağlar-gülər ayı adları ilə də tanınır. Bu müddətdə havanın qəfil dəyişməsinə, gündə neçə cildə girməsinə aid el söyləmələri geniş yayılmışdır. 

Rəvayət edirlər ki, çox qədim zamanlarda insanlar ayı, günləri hesablamaqda çətinlik çəkirmişlər, günü günə, ayı aya qarışdırırmışlar. Belə çaşqınlıq insanları bu qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı Boz aya cəmi 14 gün düşür. Tarazlıq olsun deyə hər aydan bir gün götürüb Boz ayın günlərinə əlavə edirlər. Yenə də düzgün bölgü alınmır: hər ayın 31 günü, Boz ayın isə 25 günü olur. Onda yenidən aylara müraciət edilir ki, hərəniz bir gün də Boz aya verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır. Nəhayət, bir ay bir gün, digəri iki, fevral isə Boz aya üç gününü verir. Beləliklə, Boz ay olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən aldığı üçün onlar hava baxımından bir-birinə oxşamır.
Boz ayın bu cür qurulması onun buludlu, yağışlı, küləkli, isti, soyuq - bir sözlə, dəyişkən olması ilə bağlıdır. Xalq bu aya öz münasibətini “Boz ay bozara-bozara keçər” şəklində ifadə edir. Bunun həm müstəqim, həm də məcazi mənası vardır. Bəlli olduğu üzrə, “boz” dilimizdə bir sıra anlamlarla yanaşı, həmçinin rəngi, xasiyyəti, sərtliyi, kobudluğu bildirir. Ona görə də bu deyim misal çəkiləndə daha çox onun sərtliyi nəzərdə tutulur. Martda havalar şaxtalı ola bilər. Odur ki, mal-qara üçün tədarük edilmiş ot-ələfdən ehtiyat saxlanılmalıdır. Boz ayın sərt təbiətinə qarşı ehtiyatlı olmağı diqqətdə saxlayan bir el söyləməsində deyilir: bir qarının yem ehtiyatı Boz aya qədər qurtarır. Bu andan da qarı havaların istiləşdiyini görüb oğlaqlarını çölə buraxır və deyir:

Mart, gözünə barmağım,
Yaza çıxdı oğlağım.

Qarının bu sözlərindən acıqlanan Boz ay yazdan xahiş edir ki, ona üç günlük borc versin. Yaz razı olur. Boz ay elə bir tufan, boran qoparır ki, qarının oğlaqları tələf olur. Azərbaycanın əksər yerlərində bu üç gün “Qarı borcu” adlanır. Burada eyni zamanda “Bir gül ilə bahar olmaz” məsəli də yada düşür. Onun yaranma tarixi Ezopun bir təmsili ilə əlaqələndirilir. Təmsilin məzmunu belədir: bədxərc bir cavan atadanqalma var-yoxunu ağına-bozuna baxmadan dağıdır. Nəhayət, o, müflisləşir. Elə bu vaxt bir qaranquş görür. Qış olmasına baxmayaraq, elə zənn edir ki, artıq yaz gəlib və əyninə geydiyi paltosunu da satır. Bu isə ona baha başa gəlir. Şiddətli şaxta qaranquşla birlikdə oğlanı da dondurur.
Folklorşünasların araşdırmalarında Novruza qədər keçirilən bayram və mərasimlərdə məhsul bolluğu diləyi başlıca cəhət sayılır. Ulu əcdadlarımızda belə bir əqidə var idi ki, nə qədər bolluğu arzulasan, onu çağırsan, o, sənə daha tez yaxın düşər. Əski türk bayramlarının başqa bir qayəsi isə cəmiyyətdə bərabərliyi tarazlamaq, yoxsullara, əlsiz-ayaqsızlara, sürüsünü yel, sel aparanlara, ocağına qəza üz verənlərə kömək etmək istəyi ilə bağlı idi. Bu, əsasən Novruzaqədərki nəğmələrdə də öz əksini daha qabarıq şəkildə tapırdı.
Novruz nəğmələri içərisində qışın qurtarmasını, yazın gəlməsini arzulayan nəğmələr xüsusi yer tutur. “Qarı ilə Martın deyişməsi”ndə, bütövlükdə iki rəmz - Qışla Yaz qarşı-qarşıya dayanır. Qış nə qədər sərt olsa da, yazın iradəsi qarşısında məğlub olur. Yazla Qışın bir-birinə zidd xarakteri “Kosa-Kosa” tamaşasında daha səciyyəvi şəkildə əks olunur. Erkən təsəvvürlərlə bağlı yaranmış bu tamaşada mifoloji elementlər, rəmzlər fəallıq təşkil edir.
Kosa ömrü başa çatmaqda olan kasıblıq, yoxsulluq rəmzidir. Türk xalqlarının mifologiyasında Kosa qışı təmsil etmir. Yaz isə doğulmur, dirilir. Yazın gəlişi daha erkən təsəvvürlərdən olan ölüb-dirilmə anlamı ilə bağlıdır. Yaz heç vaxt qocalmır. O, qışın rəmzi olan Qarının qılıncı ilə öldürülmüşdür. Torpaq işlənəndə, zalım Qarının qılıncı gücdən düşəndə isə yaz dirilir, öz dirilməsi ilə də dünyanı sevindirir.
Görkəmli folklorşünas alim Azad Nəbiyev yazırdı ki, Novruzun bayram edilməsi insanın yaşayış və firavanlığı üçün böyük əhəmiyyət kəsb etdiyindən türkün əxlaq və dünyagörüşündə, həyat və yaşayış qaydalarında uzun zaman müxtəlif rənglər, çalarlar, adlar və formullar şəklində qalmış, sivil inkişafa doğru gedən bir sıra yaxın və uzaq xalqlar, dinlər, təriqətlər tərəfindən qəbul olunmuşdur. Bu sahədə ən böyük təşəbbüskarlıq zərdüştiliyə məxsus idi. Atəşpərəst dünyagörüşü Novruzu özünün ilk təqvim görüşləri, adət-ənənələri, insanın yaradılış atributu olan dörd müqəddəs varlığa - suya, oda, yelə və torpağa tapınma görüşləri ilə bağlamağa cəhd göstərirdi. Bu bayramı özünəməxsus atəşfəşanlıq elementləri ilə zənginləşdirmiş, onu Od-Atəş pultu ilə daha təmtəraqlı etmişdi. Zərdüştilik Novruzun Od-Atəş etiqadı əsasında bayramlar silsiləsini yaratmışdır. Atəşin və hərarətin insan və heyvan bətnində, ağac gövdəsində, ocaq közündə, atmosfer kütləsində və s. saxlanması bayramlarını yaddaşa həkk etmişdir.
Professor Azad Nəbiyev öz araşdırmalarında xüsusi göstərmişdir ki, zərdüştilərin qanun kitabı olan “Avesta”da Novruz bayramı, onun bir sıra etiqad və ayinləri, bayram süfrəsinin rəmzləri əks olunmuşdur.
Novruz ərəfəsində buğda göyərtmək ənənəsi zərdüştilikdən daha əvvəl xalqın çörəyə ehtiramı, səcdəsi kimi rəmzi mahiyyət daşımış, qədim xalqların şifahi poeziyasında bolluq, səadət arzusunu ifadə etmişdir. Bu etiqad Zərdüşt tərəfindən qəbul olunmuş, hətta əvvəlki dövrlərdən təcrid edilib onun adı ilə bağlanmışdır.
Türk mifində Novruz ilk insan övladının dünyaya gəldiyi gündə hesab olunur. Novruzun təqvim görüşləri ilə bağlı bayram edilməsi türk aləmində mühüm yer tutur. 12 heyvan adı ilə yaranmış həmin təqvimdə tarix Günəş ilinə görə hesablanmışdır. İl günəşin 12 bürcü dövr etməsi ilə başa çatır. Dünyanın ən dəqiq təqvimlərindən olan türk təqvimində 365 gün 5 saat 50 dəqiqə 47 saniyəlik ilin təhvil olunduğu gün Novruzun birinci günü hesab edilir. Novruzun qədimdən bayram edilməsi Şərqin mötəbər mənbələrində də öz əksini tapmışdır. Ə.Firdovsinin “Şahnamə”sində bayramı İran təqviminin ilk ayı olan fərvərdinin - mart ayının əvvəllərində keçirildiyi göstərilir. N.Gəncəvinin “İsgəndərnamə”sində, Ə.Nəvainin “Səddi-İsgəndər”ində miladdan 350 il əvvəl Novruzun türk xalqları içərisində böyük xalq bayramı kimi qeyd olunduğu bildirilir.
Professor Məhərrəm Qasımlı araşdırmalarında göstərir ki, çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində Günəşin - yazın çağırılması mərasimidir. Çərşənbələrdə, xüsusən İlaxır çərşənbədə icra olunan bütün mərasim, oyun və tamaşalar bütövlükdə tam halında yüngülləşdiricilik, saflaşdırıcılıq funksiyası daşıyır və həmin funksiya yeni ovqatın, yeni ruhun - yaz ovqatının, yaz ruhunun, yaz gününün gəlişi və qəbulu üçün psixoloji-estetik zəmin hazırlayır.
Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayram xalqın estetik düşüncəsində çox mühüm yer tutur.

Hazırladı:
İradə ƏLİYEVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!