Müsahibimiz Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevdir
- Cənab baş prokuror, ilk olaraq Sizi və başçılıq etdiyiniz kollektivi İkinci Qarabağ savaşında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərin ilk yubileyi - 5-ci ildönümü münasibətilə "Azərbaycan" qəzeti redaksiyasının əməkdaşları adından təbrik edirik. İstərdik ki, müsahibəmizə də bu mövzudan başlayaq.
Kamran müəllim, etiraf edək ki, suveren ərazilərimizin işğalı zamanı Ermənistanın insanlıq çərçivəsinə sığmayan əməllərinə qarşı bizim prokurorluq orqanları cinayət işlərinin ibtidai istintaqına başlayanda nə vaxtsa ağlasığmaz cinayətləri törədənlərin Bakıda mühakimə olunacaqlarını təsəvvürümüzə belə gətirmirdik. Şükür Tanrının ədalətinə ki, bu gün biz bunun şahidiyik və təkcə Azərbaycan yox, bütün dünya ölkəmizin hüquq-mühafizə orqanlarının, xüsusən Baş Prokurorluğun uzun müddət apardığı gərgin istintaq işləri sayəsində vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərimizdə mövcud olmuş keçmiş qondarma rejimin "rəhbər"lərinin cinayət əməlləri və etirafları ilə tanış olur. Çox istərdik ki, bu barədə oxucularımızla fikirlərinizi bölüşəsiniz.
- Təşəkkür edirəm təbrikinizə görə. İlk növbədə biz xüsusi qeyd etməliyik ki, tariximizə qızıl hərflərlə həkk olunmuş Qələbəmizin təməli məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və hərbi sahədə həyata keçirilən sistemli islahatlarla və uzaqgörən strateji planlaşdırma sayəsində mümkün olmuşdur.
Dövlət başçısının ətrafında xalqımızın, bütün dövlət qurumlarının, güc strukturlarının səfərbər olması nəticəsində qazanılan, milli iradəni və ədaləti təmin edən Zəfər regionda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə və qarşılıqlı etimadın artmasına şərait yaratmışdır.
Təbii ki, 1987-ci ildən Ermənistan ali siyasi rəhbərliyinin xarici havadarlarının dəstəyilə müxtəlif forma və miqyaslarda ölkəmizə və xalqımıza qarşı törədilən çoxsaylı cinayətlər, Qarabağda və digər sərhədyanı bölgələrdə baş tutan terror aktları üzrə ilk gündən yerli hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları tərəfindən təqsirli şəxslərin müəyyənləşdirilməsi üçün tələb olunan bütün prosessual addımlar atılmışdır.
Müstəqilliyin bərpasından sonra da bu proses bir an belə dayanmamış, istər beynəlxalq konvensiyaların, istərsə də milli qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün olan sübutların toplanması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilmiş, cinayət törətməsinə dair əsaslı şübhələr mövcud olan şəxslər barəsində beynəlxalq axtarış tədbirləri tətbiq olunmuşdur.
Bu gün müxtəlif ölkələrdə törədilən cinayətlərə görə mötəbər sübutların toplanmasına, müvafiq məhkəmə qərarlarının olmasına baxmayaraq, təqsirli şəxslərin dünyanın gözü önündə "real" məsuliyyətə cəlb edilməməsinin şahidi olduğumuz halda, məhz möhtərəm cənab Prezident İlham Əliyevin fitri diplomatik məharəti sayəsində hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun apardığı cinayət işləri üzrə müharibə və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin ədalət mühakiməsinin qarşısına çıxarılması təmin edilmişdir.
Nəticə etibarilə, 5 il öncə əldə edilən Böyük Zəfər həm də mənəvi ölçüdə ədalətin təntənəsi olmaqla şəhidlərimizin əziz xatirəsinə ehtiramın, zərərçəkmişlərin hüquqlarının bərpasının və hüquqi yaddaşın gələcək nəsillərə ötürülməsinin təminatıdır.
- İşğaldan azad edilmiş ərazilərdə Böyük qayıdış çərçivəsində həm rayon və şəhər, həm də hərbi prokurorluqlar təsis olunaraq fəaliyyətə başlayır.
Başqa sözlə desək, 30 il "köçkün" düşmüş yerli prokurorluqlar doğma yerlərinə dönürlər. Bütün bunları təşkil edib həyata keçirmək, o cümlədən kadr məsələlərini həll etmək çətin deyil ki?
- Burada çətinliyi aradan qaldıran amil dövlətimizin prokurorluq sistemində illərdir ardıcıl şəkildə aparılan institusional islahatlarıdır.
Əlbəttə, bir çox dövlət təsisatı kimi, prokurorluq orqanlarının da təkmilləşdirilməsi, əməkdaşların əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi və sosial-maddi təminatın əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Ümummilli Lider Heydər Əliyev irsinə layiqli varislik sərgiləyən cənab Prezident İlham Əliyevin çağdaş tələblərə uyğun həyata keçirdiyi hüquqi dövlət quruculuğu kursu sayəsində mümkün olmuşdur.
Məhz bu strateji xətt bizə həm idarəetmədə çeviklik, həm də kadr və resursların səmərəli səfərbərliyi üçün möhkəm təməl yaratmışdır.
Bu gün dövlət başçısının birbaşa dəstəyilə prokurorluqda hesabatlılıq və şəffaflıq mexanizmləri gücləndirilir, elmi-texniki nailiyyətlər tətbiq olunur, maddi-texniki baza və əməkdaşların sosial müdafiəsi davamlı olaraq yaxşılaşdırılır, işin səmərəliliyi yüksəldilir və aşkarlanan çatışmazlıqlar təxirə salınmadan aradan qaldırılır.
Aparılan islahatlar da öz növbəsində azad edilmiş ərazilərdə infrastrukturun sıfırdan qurulması, bərpası və rəqəmsal idarəçilik standartlarının tətbiqi kimi mürəkkəb tapşırıqların icrasına kömək etmiş olur.
Bu baxımdan cənab Prezidentin 1 aprel 2021-ci il tarixli "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" sərəncamı qayıdış prosesinin hüquqi-institusional çərçivəsini formalaşdırdı: Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları təsis olundu, Qarabağ Hərbi Prokurorluğunun bazasında Ağdam Hərbi Prokurorluğu yaradıldı.
Qısa zaman kəsiyində Qubadlı və Kəlbəcər hərbi, həmçinin Xankəndi şəhər və Laçın rayon prokurorluqları üçün müasir tələblərə cavab verən inzibati binaların istifadəyə verilməsi bölgədə prokurorluğun fəaliyyətinə praktiki töhfə vermiş oldu.
Qeyd edə bilərəm ki, bu, təkcə orqanların fiziki qayıdışı deyil, həm də qanunun aliliyinin, cinayətkarlığa qarşı mübarizənin doğma torpaqlarda bərqərar edilməsidir.
Təbii ki, bunun həyata keçirilməsində prokurorluğun vətənpərvər, dövlətçiliyə sadiqliyi ilə seçilən, bir çoxu həmin bölgələrdə dünyaya gəlməklə sonradan məcburi köçkün həyatı yaşayan əməkdaşlarının da rolu danılmazdır.
Fürsətdən istifadə edərək böyük həvəslə həmin ərazilərdə xidməti fəaliyyət göstərən prokurorluq orqanlarının, xüsusən çətin relyef şəraitində çalışan ərazi hərbi prokurorluqlarının əməkdaşlarına öz təşəkkürümü bildirmək istərdim.
- Kadrlardan söz düşmüşkən. Kamran müəllim, son vaxtlar prokurorluq orqanlarına xeyli sayda gənc əməkdaş işə götürülüb. Amma bir məsələ də var ki, gənclər nə qədər fəal, beynəlxalq hüquqdan daha məlumatlı, kreativ olsalar da, təcrübə sarıdan nisbətən yaşlı əməkdaşlardan geri qalırlar.
Sizcə, hansına daha çox üstünlük verilməlidir - təcrübəyə, yoxsa biliyə?
- Prokurorluqda kadr korpusunun keyfiyyətinin yüksəldilməsi, elmi-nəzəri fəaliyyətin, əməkdaşların peşə səviyyələrinin artırılması və vəzifədə irəli çəkilmə üçün dayanıqlı kadr ehtiyatının formalaşdırılması əsas prioritetlərdən biridir.
Bu istiqamətdə müxtəlif nəsil prokurorluq işçiləri arasında sağlam varisliyin təmininə önəm verilməklə, perspektivli, mənəvi-etik keyfiyyətləri ilə seçilən, vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhu yüksək olan, qanunun aliliyinə hörmətlə onu tərəddüdsüz tətbiq etmək bacarığına malik gənc mütəxəssislər hesabına sistemli yenilənmə həyata keçirilir.
Beləliklə də kadrların komplektləşdirilməsi günün tələbləri və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, obyektivlik, ədalət və şəffaflıq meyarları əsasında qurulmuş, işçilərin potensialının qiymətləndirilməsi, irəli çəkilmə və rotasiya mexanizmləri də eyni prinsiplərlə idarə olunmaqdadır.
Kadr siyasətində, hesab edirəm ki, bu məsələni "təcrübəni, yoxsa biliyimi?" kimi ayırmaq düzgün deyil. Prokurorluğun fəaliyyətində nəticəni etibarlı edən məhz bu iki amilin vəhdəti, yəni "ya o, ya bu" deyil, "həm o, həm bu" yanaşmasının tətbiqidir.
Praktiki risklərin öncədən görülməsi, prosessual incəliklərin qorunması və peşəkarlığın davamı üçün təcrübə əvəzsizdirsə, xüsusən beynəlxalq humanitar hüquq bilikləri, xarici dil qabiliyyəti, rəqəmsal texnologiyalar və süni intellektin imkanlarına bələd olmaq isə müasir çağırışlara çevik cavabın təməlidir.
Ona görə də bu balansı ayırmaq düzgün deyil, gənclər fəaliyyətimizə dinamika və yenilik gətirir, təcrübəli əməkdaşlar isə rastlaşdıqları konkret hallar üzrə bilik və bacarıqlarını tətbiq etməklə peşəkar praktikanın formalaşmasına zəmin yaradırlar.
- Cənab baş prokuror, bildiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionumuzda davamlı sülhün əldə olunması üçün ardıcıl və gərgin iş gedir. O sıradan Azərbaycanla Ermənistan arasında münasibətlər getdikcə düşmənçilik müstəvisindən çıxır. Amma bunun fonunda İrəvan hələ də bizə Qarabağ və Şərqi Zəngəzurda basdırılan minaların dəqiq xəritəsini verməyib. Bu barədə nə deyə bilərsiniz?
Problemlə bağlı qarşı tərəflə danışıqlar gedirmi?
- Tarixi qələbəmizin beş illiyinə yaxınlaşarkən cənab Prezidentin siyasi uzaqgörənliyi ilə gerçəkləşən və diplomatik şahmat zəfəri kimi dəyərləndirilən Vaşinqton razılaşması milli iradəmizin beynəlxalq legitimliyini möhkəmləndirdi. Bu nailiyyət bölgədə sülhün daimi xarakter almasına, tarixi ədalətin bərpasına və dövlətimizin gələcək rifahının dayanıqlı əsaslar üzərində qurulmasına xidmət etməkdədir.
Sülhün möhkəmlənməsinə yönəlmiş addımlardan biri kimi ölkəmizin Ermənistana göndərilən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırması "etimad quruculuğu" prosesinin "kağız üzərindən" real əməkdaşlıq mexanizminə çevrilməsinə rəvac vermişdir.
Bununla belə sülh gündəminin irəliləməsinə baxmayaraq, mina məsələsi regionda təhlükəsiz reinteqrasiya, qayıdış və bərpa prosesləri üçün hələ də ən ciddi maneələrdən biridir.
Döyüş əməliyyatları dayandırılandan indiyə qədər mina partlayışları nəticəsində 400-dən çox hərbi qulluqçu və mülki şəxs həlak olmuş və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışdır ki, bu göstərici mina təhlükəsinin miqyasını nümayiş etdirməklə dəqiq xəritələrin təhvil verilməsinin vacibliyini daha da artırır.
Azərbaycan tərəfi məsələni həm beynəlxalq-hüquqi müstəvidə, həm də qurumlararası əməkdaşlıq çərçivəsində, o cümlədən iki ölkənin prokurorluqları vasitəsilə də qaldırıb ancaq təqdim edilən mina xəritələrinin yararlılığının 25 faizdən yuxarı olmaması təhlükəsizlik risklərini və mülki əhali üçün təhdidləri artırmaqla genişmiqyaslı təmizləmə işlərində gecikmələrə və əlavə resurslara səbəb olmaqdadır.
Sülh prosesinin etibarlı irəliləməsi üçün humanitar öhdəliklərin yerinə yetirilməsi zəruridir, bu həm beynəlxalq humanitar hüququn tələbidir, həm də davamlı sabitlik üçün vacib şərtdir.
- Elə bu yerdə itkin düşmüş soydaşlarımızla bağlı sual vermək istərdik. Yəqin ki, onların talelərinə aydınlıq gətirmək üçün işlər görülür.
- Bəli, bu məsələ dövlət səviyyəsində ən həssas prioritetlərdəndir və bu istiqamətdə həm prokurorluq, həm də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə zəruri tədbirlər davam etdirilir.
Təəssüflə qeyd etməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə aparılan qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan təxminən 800-ə yaxın meyit qalığı çıxarılaraq ekspertizaya göndərilmiş, məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 203 nəfərin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn olunmuşlar.
İtkin kimi qeydiyyata alınan 3990 nəfərdən 3 min 984 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 44 günlük Vətən müharibəsində itkin düşmüşlər ki, onlardan 3 min 211 nəfəri hərbçi, 779 nəfəri isə mülki şəxsdir.
Məlumat üçün bildirim ki, itkin düşmüş soydaşlarımızın yaxın qohumlarından on bir mindən artıq bioloji nümunə toplanılmaqla müvafiq genetik laboratoriyada sistemləşdirilmişdir.
Bu proses davamlı xarakter daşımaqla dövlətimizin, o cümlədən prokurorluğun məqsədi dəyişməzdir: hər bir soydaşımızın taleyinə hüquqi və insani baxımdan tam aydınlıq gətirmək.
- Baş prokurordan öncəki vəzifənizi nəzərə alaraq Sizdən müsahibə alıb ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizə barədə sual verməmək doğru olmazdı, xüsusən də bu məsələ birbaşa Prezidentin gündəlik nəzarətindədirsə.
- Qalibiyyət şərəfini daşıyan respublikamızın gələcək dövr üçün müəyyən edilən əsas strateji hədəflərinə çatmaqda korrupsiya hüquqpozmalarına qarşı mübarizə mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə yeni inkişaf mərhələsinin doğurduğu zərurətdən irəli gələn növbəti konseptual sənədin - "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın qəbul edilməsi bu sahədə dövlət başçısının siyasi iradəsinin və qətiyyətli mövqeyinin növbəti əyani təsdiqi olmuşdur.
Qeyd etməliyəm ki, korrupsiyaya qarşı mübarizə xətti son illər rəqəmsallaşma, açıq məlumatların genişləndirilməsi, risk əsaslı nəzarət mexanizmləri və korrupsiya risklərini öncədən neytrallaşdıran qabaqlayıcı tədbirlər vasitəsilə daha da dərinləşdirilmişdir.
Müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası tərəfindən dövlət idarəçiliyində səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi ilə əlaqədar davamlı tədbirlər həyata keçirilmişdir.
Bu çərçivədə qayda və prosedurların sadələşdirilməsi, insan faktoru ilə bağlı təsadüfi qərarların minimuma endirilməsi və xidmətlərin proaktiv təqdimatı korrupsiya risklərini struktur səviyyəsində azaldan əsas tədbirlər kimi çıxış edir.
Səmərəli antikorrupsiya platforması hesab edilən "ASAN xidmət" və DOST şəbəkələrinin genişlənməsi dövlət qulluqçusu-vətəndaş münasibətlərində şəffaf, nəzakətli və sürətli ünsiyyət standartını formalaşdırmaqla korrupsiya üçün zəmin yaradan boşluqları xeyli azaltmışdır.
Korrupsiya ilə mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən də ötən 10 ay ərzində yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 120 vəzifəli şəxs barəsində 75 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, həmin işlər üzrə vurulmuş maddi ziyandan ibtidai araşdırma mərhələsində 3 milyon 532 min manatın ödətdirilməsi təmin edilmiş, həmçinin 14 milyon 916 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 76 faizinin ödətdirilməsi təmin edilmişdir.
Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 343 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 198 min manat məbləğində pul vəsaiti ödənilmişdir.
Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar hesab edilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumlar tərəfindən ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması sahəsində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Ölkəmizin korrupsiyaya qarşı mübarizə üzrə təşəbbüslərinə beynəlxalq etimadın növbəti təzahürü olaraq cari ilin may ayında Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network çərçivəsində 92 ölkəni təmsil edən 120 dövlət qurumunun 300-dən artıq nümayəndəsinin iştirakı ilə Altıncı Plenar İclasın keçirilməsi bu baxımdan müstəsna əhəmiyyət daşımışdır.
Beynəlxalq-hüquqi əməkdaşlığın gücləndirilməsi, uğurlu təcrübə mübadiləsi və səmərəli yanaşmaların formalaşdırılması baxımından mühüm anti-korrupsiya platforması hesab olunan "GlobE Network"-ün iclasında yeni texnologiyaların hüquq-mühafizə orqanlarına təsiri, ekoloji hüquqpozmaların qarşısının alınması və əmlakın bərpası kimi aktual mövzular ətrafında müzakirələr aparılmışdır.
Qeyd etməliyəm ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq diqqət mərkəzində saxlanılmaqla ölkəmiz 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Yüksək Səviyyəli Görüşünə evsahibliyi edəcəkdir.
Prokurorluq orqanları tərəfindən bundan sonra da möhtərəm cənab Prezident İlham Əliyevin, - "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalı və bunun kökü kəsilməlidir" göstərişinə uyğun olaraq ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.
- Etiraf edək ki, son vaxtlar Sizin xarici ölkələrə səfərlərinizin sayı xeyli artıb. Bu, sözsüz ki, Azərbaycan Baş Prokurorluğunun xarici əlaqələrinin coğrafiyasının genişlənməsindən xəbər verir.
- Ölkəmizin dünya birliyinə inteqrasiyası, qloballaşma meyillərinin güclənməsi və informasiya texnologiyalarının sürətli inkişafı transmilli cinayətkarlığın yeni formalarına qarşı mübarizədə dövlətlərin birgə səylərini zəruri edir.
Bu reallıq hüquq-mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun digər ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq etməsini və beynəlxalq təşkilatlarda fəal iştirakını prioritet kimi müəyyənləşdirir.
Ötən müddətdə beynəlxalq qurumlarla və xarici tərəfdaşlarla əlaqələrin inkişafına mühüm əhəmiyyət verilərək ekstradisiya, hüquqi yardım və digər sahələr üzrə beynəlxalq müqavilə və konvensiyalarda təsbit edilmiş öhdəliklərin icrasında öz səlahiyyətləri çərçivəsində fəal iştirak edən prokurorluq orqanları tərəfindən əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilmişdir.
Təbii ki, praktiki nəticələr də özünü göstərir: həm prokurorluğa daxil olan, həm də ölkəmizdən xarici dövlətlərə yönəldilən hüquqi yardım sorğularının sayı əhəmiyyətli dərəcədə artmış, istintaqdan yayınan şəxslərin Azərbaycana ekstradisiyası təmin olunmuşdur.
Həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, ötən il Bakı şəhərində dünya prokurorlarının yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir.
55 ölkənin baş prokuroru və prokurorluq xidmətinin rəhbəri də daxil olmaqla, 95 ölkə və 10 beynəlxalq təşkilatdan ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə baş tutmuş tədbir Azərbaycan prokurorluğunun inkişaf tarixində ən əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır.
Beynəlxalq platformadakı aktivliyin davamı olaraq cari ildə də çoxsaylı görüşlər keçirilmiş, o cümlədən "Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Azərbaycan prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində Uqanda, Laos, Tanzaniya, Keniya baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələrinin iştirakı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda konfrans keçirilmişdir.
Milli prokurorluq orqanları tərəfindən əldə olunan müsbət təcrübələr beynəlxalq təşkilatlarda da qurumun əməkdaşlarının mütəxəssis qismində cəlb olunmasına şərait yaratmış, belə ki, cari ildə Baş Prokurorluğun idarə rəisi Albaniya tərəfindən BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının tətbiqinin qiymətləndirməsində dəyərləndirici ekspert kimi iştirak etmişdir.
Eyni zamanda Baş Prokurorluğun idarə rəisi korrupsiyaya qarşı mübarizə sahəsində nəzəri və praktiki boşluqların aradan qaldırılması, ixtisasartırma, təcrübə mübadiləsi və elmi tədqiqatların təşviqinə yönəlmiş nadir beynəlxalq institutlardan olan Beynəlxalq Anti-Korrupsiya Akademiyasının (IACA) rəhbər orqanı - İdarəetmə Şurasında fəaliyyətə başlamışdır.
- Zəfərin 5-ci ildönümü ərəfəsində vaxt tapıb suallarımızı ətraflı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edib bir daha Sizi və bütün prokurorluq orqanları işçilərini bu münasibətlə təbrik edirik.
- Mən də Sizə təşəkkür edir, fürsətdən istifadə edərək qəzetinizin kollektivini, həmçinin bütün media nümayəndələrini bayram münasibətilə təbrik edirəm.
Prokurorluq orqanları dövlət başçısı cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, vətəninə və xalqına sədaqətlə xidmət etməyə davam edəcək, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun möhkəmləndirilməsi naminə üzərilərinə düşən vəzifələri layiqincə həyata keçirəcəkdir.
Müsahibəni apardı:
Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan"