Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının (Koordinasiya Şurası) növbəti iclası aprelin 2-də keçirilib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, iclası açan Baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin səmərəliliyinin daha da artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın, habelə digər tədbirlər planlarının icra vəziyyətinin müsbət qiymətləndirildiyini bildirib. O əlavə edib ki, müvafiq tədbirlərin davamlılığının təmin olunması üçün tezliklə yeni fəaliyyət planının qəbulu mühüm əhəmiyyət daşıyır.
İclasda ötən il yaradılmış benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinə dair mövcud vəziyyət müzakirə edilib və bu reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib.
Bundan əlavə, iclasda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2026-2028-ci illər üzrə Milli Fəaliyyət Planı” layihəsi müzakirə olunub. Milli Fəaliyyət Planı layihəsində nəzərdə tutulan bəzi tədbirlərin aidiyyəti dövlət orqanları tərəfindən hələ də razılaşdırılmadığı nəzərə alınaraq, Şura sədri tərəfindən bu prosesin sürətləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.
İclasda, həmçinin cari ilin iyulunda ölkəmizin ev sahibliyi edəcəyi “Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının keçirilməsi ilə bağlı” İş planı üzrə görülmüş işlərə dair hesabat dinlənilib, habelə Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər üzrə müzakirələr aparılıb.