Zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycanda böyük tarixi əhəmiyyət daşıyan elə dövrlər olub ki, həmin zaman xalqın və dövlətin gələcək taleyini müəyyən edən çox böyük bir inkişafın başlanğıcının əsası qoyulub. Bu əzəmətli tarixi yaradanlar isə heç vaxt unudulmayan tarixi şəxsiyyətlər kimi yaddaşlara həkk olunub.
Keçən əsrin 70-ci illərindən başlayaraq, Vətənimizin tarixində çox əlamətdar dövrün əsasını qoyan isə Heydər Əliyevdir. O, Azərbaycan Respublikasının bir dövlət kimi formalaşmasında, müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və gələcək inkişafına etibarlı zəmin yaradılmasında müstəsna rol oynayan fenomen şəxsiyyətdir. Bu mənada Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq və bu irsi öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir.
Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan ciddi tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, respublikamız neft-maşınqayırma və kimya sənayesi və bir sıra digər sahələrdə keçmiş ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsullar 65 xarici ölkəyə ixrac edilərək beynəlxalq aləmdə tanınmağa başladı. Həmin dövr respublikamızda nəhəng zavodlar və fabriklər istifadəyə verildi, sənayenin inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikilməsi geniş vüsət aldı. Azərbaycan qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində geridə qalmış bir respublikadan ittifaq səviyyəsində öncül yerə yüksəldi.
Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı müstəqil dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, iqtisadiyyatın və milli-mədəni həyatımızın yüksək inkişafını gələcəkdə də davam etdirmək, müasir çağırışlara uyğun idarəetmə qabiliyyətli savadı və bacarığı olan gənc kadrların yetişdirilməsi ön plana çəkildi. Bu məqsədlə hər il yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu universitet və ali məktəblərində təhsil almaq imkanı qazandı. Planlı qaydada həyata keçirilən bu möhtəşəm tədbirlər sayəsində əldə edilən nailiyyətlər sonralar respublikamızın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə möhkəm zəmin yaratdı.
Məhz Heydər Əliyevin həmin dövrdə Azərbaycanda həyata keçirdiyi heyrətamiz quruculuq işləri, onun yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması həmin vaxt ittifaqa rəhbərlik edənlərin diqqətini cəlb etdi və Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev həmin dövrdə təkcə Azərbaycanın deyil, həm də ittifaqın türk-müsəlman xalqlarının ən güclü dayağı oldu. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın nəticəsi idi ki, 1987-ci ildə SSRİ rəhbərliyində, xüsusilə M.Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq Heydər Əliyev vəzifəsindən istefa verməyə məcbur oldu.
Bundan 15 gün sonra SSRİ rəhbərliyinin Heydər Əliyevdən çəkindikləri üçün dəstək verə bilmədikləri bir anti-Azərbaycan prosesi - ermənilərin çoxdan çalışdıqları məkrli separatizm siyasəti baş qaldırdı və Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi məsələsi gündəliyə çıxarıldı. Bununla da Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Heydər Əliyev fəaliyyətini hakimiyyətdə olmadığı dövrlərdə də davam etdirərək ən çətin anlarda xalqının yanında oldu.
Ümummilli Liderin böyük və mənalı ömrünün Naxçıvanda keçən 3 ili ərzində Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı kimi gördüyü işlər müstəqil dövlətimizin qurulmasına yönəlmiş strategiyanın tərkib hissəsi idi. 1990-cı ilin noyabr ayında Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Ulu Öndərin təşəbbüsü və qətiyyəti ilə qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Hələ sovetlər birliyinin mövcud olduğu bir dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Heydər Əliyevin bu qərarları qəbul etdirməsi 1991-ci ilin oktyabrında bütövlükdə Azərbaycanın öz müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə isə nəinki Azərbaycanın, həm də sovetlər birliyinin digər müttəfiq respublikalarının da müstəqillik hərəkatına yol açmışdır.
Həmin illər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğun islahatlar aparılaraq yeni iqtisadi model formalaşdırıldı. Muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılırdı. Eyni zamanda bütün qüvvələr bölgənin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının qarşısını almağa yönəlirdi. Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan və Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsinin rəhbərləri 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də, buna nail ola bilmədilər. Çünki Heydər Əliyev naxçıvanlılara, sözün əsl mənasında, arxa olduğundan əhali də ona arxa durdu. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra - 1992-ci il noyabrın 21-də Azərbaycan hakimiyyətinin bütün etirazlarına və qadağalarına baxmayaraq, Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycana səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət gənc dövlətimiz üçün real təhlükə yaratmışdı. Bunu görən Azərbaycan xalqı Heydər Əliyevi təkidlə Azərbaycan rəhbərliyinə dəvət etdi. Xalq inanırdı ki, yalnız Heydər Əliyev bu gərgin vəziyyətdən çıxış yolu tapa və Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər. Doğma xalqının istəyinə heç zaman biganə qalmayan görkəmli dövlət xadimi Heydər Əliyev xalqın çağırışını qəbul edərək 1993-cü il iyunun 15-də ölkənin ali qanunverici orqanının sədri və həmin ilin 3 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər yenidən siyasi hakimiyyətə qayıtmaqla xalqımızı düçar olduğu bəlalardan, vaxtilə özünün qurub-yaratdığı Azərbaycanı dağılmaq, dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində tezliklə Ermənistanla atəşkəs əldə olunaraq ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu. Bundan sonra siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı, yeni Konstitusiya qəbul olundu.
Azərbaycanın gələcəyinin neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində görən Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı xarici investorların cəlb edilməsini zəruri hesab edərək dünyanın tanınmış neft şirkətləri ilə danışıqlara başlandı və 1994-cü il sentyabrın 20-də 8 ölkənin 13 şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bundan sonra Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisi barədə qərar verildi. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən çox mühüm və böyük əhəmiyyət kəsb edən addımlar idi.
Heydər Əliyevin dahi şəxsiyyət olması həm də ona görə təsdiqlənir ki, o, hər bir şeyin əvvəlini bildiyi kimi, gələcəyini görürdü. Bunu xalqımız Heydər Əliyevin Prezident seçkiləri ilə əlaqədar 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciətində bir daha yəqin etdi. Həmin müraciətdə deyilirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu müraciət ölkəyə rəhbərlik edən dahi şəxsiyyətin vətənə ləyaqətlə xidmətinin bariz nümunəsi idi.
Ulu Öndərin bu tarixi müraciətindən indiyə kimi olan müddətdə respublikamızın həyatında baş verən hadisələr onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində Azərbaycana rəhbərlik edən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə (92,1 faiz) inamlı qələbəsi Ulu Öndərin varis seçiminin nə qədər düzgün olduğunu növbəti dəfə təsdiq etdi. Bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq 22 ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Bu isə təsadüfi deyil. Ölkəmizə 300 milyard dollardan çox sərmayə qoyulmuş, sahibkarlığın inkişafına dövlət büdcəsindən 3 milyard manata yaxın güzəştli şərtlərlə kreditlər verilmişdir. Bunun sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı və valyuta ehtiyatları, habelə orta əməkhaqqı, pensiya və müavinətlər dəfələrlə artmış, işsizliyin və yoxsulluğun səviyyəsi isə minimuma enmişdir.
İlham Əliyevin prezidentliyi dövründə istər daxili və istərsə də xarici siyasət sahəsində çoxsaylı uğurlar əldə edilmiş, bu qısa müddətdə ölkəmiz misli görünməmiş sürətli inkişaf yolu keçmişdir. Bu uğurların zirvəsində isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı Zəfər dayanır. Bu qələbə ilə Ulu Öndərin siyasi varisi İlham Əliyev ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edən Prezident kimi qızıl hərflərlə Azərbaycan tarixində yeni bir səhifə açdı. 2023-cü ilin sentyabr ayında isə birgünlük antiterror əməliyyatı ildırım sürəti ilə həyata keçirilərək Ermənistan ordusunun qalıqları Qarabağ ərazisindən tamamilə təmizləndi. Bununla da ölkəmizin ərazi bütövlüyü və suverenliyi əbədi olaraq bərpa olundu.
Hazırda ölkəmizin qarşısında duran ən mühüm missiya erməni işğalından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərini yenidən qurmaq, bu ərazilərə Böyük qayıdışı təmin etməkdir. Şübhə etmirik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız bu şərəfli vəzifənin də öhdəsindən gələcək və Azərbaycan bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolunu bundan sonra da uğurla davam etdirəcək.
Xalqımız əmindir ki, Ümummilli Liderin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən İlham Əliyev nəinki regionda, bütövlükdə dünyada qəbul olunan siyasətçi kimi Azərbaycanı, onunla birlikdə Heydər Əliyev kursunu yaşadır, ölkəmizi daha xoşbəxt gələcəyə aparan böyük uğurlara imza atır. Çünki ölkəmizin iqtisadi, mədəni və sosial həyatında, beynəlxalq siyasi aləmdə baş verən qlobal dəyişikliklərin kökündə Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, düzgün idarəetmə dayanır. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi: "Heydər Əliyev yaşayır. Azərbaycan xalqının qəlbində yaşayır. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaqdır. Biz - Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq".
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor