Dünyaya göz açdığı ocaq ondan qabaq da müqəddəs
sayılırdı. Çünki seyid nəslindən idilər. İmam övladları təqiblərə məruz qaldıqları
vaxtlarda təhlükələrdən xilas olmaq üçün müxtəlif yerlərə üz tutmuşdular. Onun babaları
da Azərbaycanı seçmişdilər.
Ağa
Seyid Əlinin uşaqlıq illəri
Atası Mir Əbutalib ağa İçərişəhərdə yaşayırdı.
Onun 1884-cü ildə Böyük Qala küçəsində birmərtəbəli ev alması, bir il sonra isə
burada ikimərtəbəli ev tikdirmək üçün Bakı Şəhər İdarəsinə müraciət etməsi barədə
sənədlər mövcuddur.
Anası Xədicə xanım Mir Qasımova da seyid
nəslindən idi. Onların altı övladları oldu: Oğlanları - Seyid Hüseyn ağa, Ağa Seyid
Əli, Mir Kazım ağa, qızları - Zeynəb, Səkinə və Fatmanisə. Ağa Seyid Əli ailənin
ikinci oğlu idi. Taleyinin fərqli olacağını valideynləri o, hələ körpə ikən anladılar.
Ağa Seyid Əli xəstəydi. Hərə bir söz dedi. Kimi uşağın xəstəliyinin anadangəlmə
olduğunu, kimi isə doğuş zamanı əbəçinin ehtiyatsızlığı ucbatından iflicə mübtəla
olduğunu söylədi. Valideynləri hiss edirdilər ki, Ağa Seyid Əli bu mərəzdən qurtulmayacaq,
ömrünün sonunadək pak ruhunu xəstə, zəif cismində daşıyacaq. Atası ona baxdıqca:
"İlahi, qədər-qismət, təqdir Sənindir. Hökmünə şükürlər olsun!” deyib dua edirdi.
Seyid Xədicə də həyat yoldaşı kimi Yaradanın təqdirindən gileylənmirdi. Onun övladı
başqa uşaqlar kimi oynamır, qaçmır, azad-asudə danışıb-gülmürdü. Amma ana, nədənsə,
bu körpənin halına acıya, ona şikəst kimi baxa bilmirdi. Ona hər dəfə nəzər saldıqca
qəlbini izahedilməz fərəh bürüyürdü. Balaca Ağa Seyid Əlinin siması elə nurlu idi
ki...
Bu ocaqda
islam dininin qaydaları uca tutulurdu. Evin böyük oğlu Seyid Hüseyn ağa Məkkəyə,
Mədinəyə getmiş, dini və dünyəvi elmlər sahəsində mükəmməl təhsil almışdı. O, geri
döndükdən sonra Mir Mövsümzadələrin evi şəhərdə dini yığıncaqlar yerinə çevrildi.
Dini elmlərlə yanaşı, fizikanı, riyaziyyatı, astronomiyanı gözəl bilən Seyid Hüseyn
ağa Bakıda bir çoxlarının, eləcə də milyonçular Hacı Zeynalabdin Tağıyev, Ağa Musa
Nağıyev və başqalarının söhbətlərindən doymadığı möhtərəm bir insan kimi tanındı.
Mir Əbutalib ağa dünyadan köçdükdən sonra ailənin başçısı da o sayıldı.
Məsumun duası
1918-ci ildə
Bakıda ermənilər yenidən qırğınlar törətməyə başladılar. Onların qəddarlığını yaxşı
bilən azərbaycanlı sahibkarlar Mir Mövsümzadələri ermənilərin basqınlarından qorumaq
qərarına gəldilər. Seyid Hüseyn ağaya müraciət etdilər. Onu Bakını ailəliklə müvəqqəti
tərk etməyə, gəmi ilə İrana getməyə, ara sakitləşənədək orada qalmağa razı saldılar.
...İçərişəhərdəki
evlərinə vurulan qıfıl bir də 1920-ci ilin əvvəllərində açıldı. Mir Mövsümzadələr
İranın Ənzəli şəhərindən Bakıya döndülər.
...Bolşeviklər
Azərbaycanda hakimiyyəti ələ keçirəndə artıq nə Mir Əbutalib ağa sağ idi, nə də
Xədicə xanım. O günü görmək Seyid Hüseyn ağaya da nəsib olmadı. Geri döndüklərindən
bir neçə ay sonra o da bu dünyadan köçdü. Vəsiyyətinə əməl etdilər. Cənazəsini Kərbəlaya
aparıb, orada torpağa tapşırdılar (Seyid Hüseyn ağanın valideynlərinin də Kərbəlada
dəfn olunduqları güman edilir).
Sovet hökumətinin
qərarıyla məscidlər uçurulur, seyidlər, axundlar, mollalar sıxışdırılır, insanları
öz dini inancından üz çevirməyə məcbur edirdilər. Həmin çətin illərdə Ağa Seyid
Əlinin ziyarətinə gələnlərin sayı azalmadı. Onu kimisi Ətağa, kimisi Böyük Ağa,
kimisi isə Mir Mövsüm Ağa deyə çağırırdı. Ocağına üz tutanlar ondan xeyir-dua istəyir,
problemlərinin çözüləcəyinə, diləklərinin yerinə yetəcəyinə inanırdılar. Hətta Azərbaycan
SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun da
ona hörmət bəsləməsi, ehtiramla yanaşması barədə o vaxtlar dillərdə dolaşan hekayətlərin
bəziləri bugünədək unudulmayıb. Mir Mövsüm Ağanın həyatı, gün-güzəranı hər zaman
Mir Cəfər Bağırovun diqqətində idi. Ona olan sevgini də, bəslənən inamı da görürdü.
Özünə toxunmasalar da, qapısına gələnlərin ayağını buradan kəsməyə çalışırdılar.
Amma buna nail ola bilmədilər.
1941-ci ildə
Böyük Vətən müharibəsi başladı. Bakıda da əli silah tutan hər kəs cəbhəyə yola salınırdı.
Gedənlər əvvəlcə Böyük Ağanı ziyarət edir, cəddinə müraciət edib nəzir deyir, sağ-salamat
geri dönmələri üçün onun ocağında Allaha dua edirdilər. Bəzisi əynindən köynəyini
çıxarıb bu evdə qoyur: "Nəzir edirəm, salamat qayıdım, bu köynəyi öz əlimlə gəlib
buradan götürüm” deyirdi.
Sovet hökumətinə
o zamanlar təkcə döyüşçülər lazım deyildi. Kəndlər, şəhərlər gündən-günə boşalırdı.
Ona görə də bir nəfər bir neçə adamın yerinə işləməliydi. İnsanları zorla bu qədər
əlləşməyə, əziyyətlərə qatlaşmağa məcbur etmək mümkün deyildi. Bunun üçün sözlər,
təmtəraqlı vədlər də kifayət deyildi. Doğmalarını odun-alovun içərisinə yola salanların
inamını yaşatmaq lazımıydı. Allahın varlığını, böyüklüyünü xatırladanlardan birinə
- Böyük Ağaya sevgi bu yerdə vacib idi. Ona
görə də qapısına gələnlərə toxunmurdular. Böyük Ağa isə yenə də əvvəlki kimi insan
əlləriylə qurulan bütün eybəcərliklərdən, siyasi oyunlardan uzaq olan öz təmiz dünyasında
olub-bitənlərə əhəmiyyət vermədən Allahdan insanlara şəfa, Yer üzünə salamatlıq
diləyirdi.
Müharibə illərində
o, Azərbaycanda Sovet hökumətinə həm də maddi cəhətdən lazım oldu. Ağa Seyid Əlidən
böyük məbləğdə vergi alınırdı. Çoxlarının cəllad kimi baxdığı Bağırovun hakimiyyəti
dövründə heç vaxt Böyük Ağanı həbs etmək üçün gəlmədilər. Mir Cəfər niyə Ağanı həbs
etdirməyib? Bəlkə də onun nüfuzu lazım idi birinci katibə? Bəlkə də fiziki cəhətdən
xəstə olan Ağanı həbs etməklə öz nüfuzunu heçə endirmək istəmirdi? İndi bu suala
doğru-dürüst kim cavab verə bilər ki? Bilinən budur ki, müharibədən sonra da Böyük
Ağanın ocağından dövlətə yüksək məbləğdə vergi ödənirdi. Onun öz evində isə bir
taxtdan, dolabdan, dəmir çarpayıdan, stullardan başqa heç nə yox idi...
Bir dəfə Böyük
Ağanın adından verilən vergi gecikdirildi. Rayon maliyyə şöbəsində onun borcu hesablandı.
Həmin məbləğin ödənilməsi üçün çıxarılan qərara əsasən, Ağanın evindən əşyalarını
aparmağa gəldilər. Sürücü məsələni yalnız Ağa Seyid Əlinin evindəki avadanlıqlar
maşına yükləndikdən sonra bildi. O, maşını sürməkdən imtina etdi. Nə qədər israr
edirlərsə, razılıq vermədi: "Apara bilmərəm, mənim ailəm var” dedi. Bundan sonra
üç-dörd sürücü gətirdilər. Onlar da Ağanın evinin əşyalarını aparmaqdan imtina etdilər.
Sevgi dolu ürəyin sahibi
Böyük Ağa
insanları çox sevirdi. Onun qulluğunda dayanmağı savab sayanların, özü üçün səadət
hesab edənlərin sayı-hesabı yox idi. Amma Böyük Ağa heç kimə qıymırdı. Bəzən kimsə
qapısına gəlirdi, "bura gəlib dilək diləmişdim, deyir. - Şükür Allaha, arzum yerinə
yetdi. Niyyətim var, gərək bu həyəti süpürüb-təmizləyəm”. Ağa gülümsəyər, onları
başa salardı ki, lazım deyil. Həmin adamlar israr edəndə ürəklərini sındırmırdı:
"Elə mənim başmağımı buradan götür, ora qoy, bəsdir. Hesab et ki, niyyətini yerinə
yetirmisən”.
Cavan vaxtlarında
çətinliklə də olsa, gəzir, danışırdı. Sonralar ayaqları yeriməkdən qaldı, dili söz
tutmaqdan. Bacısı Səkinə xanım həmişə yanındaydı. O özündən iki-üç yaş böyük qardaşı
Böyük Ağanı həddindən artıq çox istəyir, qulluğunda dayanırdı. Çox yaraşıqlı, ağbəniz
simalı Səkinə xanım qardaşına xidmət etmək üçün öz səadətindən də imtina edərək
heç zaman ailə qurmadı.
Böyük Ağanın
İçərişəhərdəki evinə möhtac adamlar gəlirdilər. Kimi sağlamlıq diləyilə, kimi də
intizardan qurtulmaq ümidiylə... Uzun növbələr yaranırdı. Adamlar eyvanda öz kürsüsündə
oturmuş Böyük Ağanın əlindən öpür, ondan xeyir-dua alırdılar. O da ziyarətinə gələnlərin
başlarına əlini çəkir, üzündən əskilməyən xeyirxah təbəssümüylə hamıya xeyir-dua
verirdi. Bu ocağa təkcə müsəlmanlar gəlmirdi. Həyatının ən dəhşətli, çarəsiz anlarında
qeyri-ixtiyari Ağanın cəddini çağırıb ondan kömək istəyən, nicat tapan başqa xalqların
nümayəndələri də bu ocağa üz tuturdular.
Sirli bir
duyumla qapısını döyənlərin ürəklərindən keçənləri, onların necə adam olduqlarını,
məqsədlərini, məramlarını anlaya bilirdi Böyük Ağa. Bəzən onun kimisə qəbul etməkdən
imtina etməsi çoxlarına qəribə görünürdü. Doğmaları, ən çox da ona qəlbən yaxın
olan bacısı Səkinə (bu ocaqda hamı onu Qönçə çağırırdı) başa düşürdü ki, Ağa heç
nəyi əbəs yerə etməz, ürək sındırmaz. Ancaq düşünürdülər ki, gələn hər kim olur-olsun,
Böyük Ağanın cəddinə üz tutub.
Pəncərədən
ətrafı seyr etməyi sevirdi. Havalar xoş olanda Böyük Ağanın kürsüsünü çıxarıb həyət
qapısının ağzına qoyurdular. İri gümüş saatı isə həmişə döş cibində olurdu. Gəlib-keçənlər
ona yaxınlaşır, kimi əlindən öpür, kimi soruşurdu: "Böyük Ağa, saat neçədir?” Bu
sualdan xoşu gəlirdi. Cibini göstərirdi. Saatı soruşanlar da götürüb baxar, sonra
qaytarıb yerinə qoyardılar.
1948-ci ildə
Ağanı bu dünyada hamıdan yaxşı anlayan bacısı Səkinə xanım vəfat etdi. İki il sonra
- 1950-ci ilin 17 noyabrında isə bu dünyadan ayrılmaq növbəsi Böyük Ağaya çatdı.
Bütün Bakı əhli vidalaşmaq üçün İçərişəhərə - onun evinin qarşısına toplaşdı. Gələnlərin
ardı-arası kəsilmirdi. Hökumət orqanları bunu görüb Ağanın dəfnini tələsdirdilər.
Ağa Seyid Əli Şüvəlandakı qəbiristanlıqda dəfn olundu.
Onun unutdurulması
istiqamətində işlər aparılmağa başlanıldı. Hətta Bakı şəhərinin rəhbəri Tofiq Allahverdiyev
partiya yığıncağında Ağanın dəfn edildiyi qəbiristanlığın ləğv olunması barədə qərar
da çıxartdı. Onun cəddinə inananlar isə qorxa-qorxa da olsa ora gedirdilər. Apardıqları
nəziri xəlvətcə daşın altına qoyurdular. Hətta partiya orqanlarında, digər yüksək
strukturlarda işləyənlər də gizli-gizli Mir Mövsüm Ağanın məzarını ziyarət edirdilər.
Hakimiyyət
rəhbərlərinin göstərişi ilə ondan sonra qohumları bu ocağa ziyarətə gələnləri içəri
buraxa bilmirdilər. Qadağalara baxmayaraq, işi müşkülə düşənlər, arzuları, diləkləri
olanlar yenə bura gəlir, qapıya əllərini çəkib Ağanın müqəddəs ruhunu köməyə çağırırdılar.
Sovet hakimiyyəti
süquta uğrayandan sonra bir sıra müqəddəs yerlərimiz kimi, Mir Mövsüm Ağanın dəfn
olunduğu məzarlıqda da abadlıq işləri aparıldı. Bu gün Mir Mövsüm Ağa ziyarətgahı
öz əzəməti ilə göz önündədir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”