17 Mart 2024 09:00
1106
Mədəniyyət
A- A+

Bolluq, bərəkət rəmzi - Səməni

 

Keçmiş zamanlardan bu günümüzə qədər Azərbaycan xalqı baharın gəlişini təntənəli bayram kimi qeyd edir. Böyük sevinclə qarşılanan Novruz bayramına günlərlə hazırlıq görülür. Bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı tonqal qalanır, bayram süfrəsi açılır.
Həmin günlərdə evlərdə, həyət-bacalarda səliqə-sahman yaradılır, təmizlik işləri aparılır. Ağaclar əkilir. Su arxları təmizlənir. Əkin işləri üçün seçilən yerlərdə torpaq bellənir.
Bayrama günlər qalmış qovurğa qovrulur. Qoğal, paxlava, şəkərbura və digər şirniyyatlar bişirilir. Xonçalar həmin şirniyyatlarla, boyanmış yumurtalarla, şamlarla bəzədilir. Qeyd edək ki, bu bayramın əsrlərdir unudulmayan bir çox atributları var, Novruz bayramının əsas atributlarından biri dirilik, xeyir, bərəkət, bolluq rəmzi hesab edilən səmənidir. Novruz ənənəsinə görə, hər evdə səməni göyərdilməlidir.
Hələ qədim zamanlardan ulu əcdadlarımız qablarda səməni yetişdirir, bayram süfrələrinə qoyurdular. İnanırdılar ki, səməni onların evlərinə, el-obasına səadət, xoşbəxtlik, firavanlıq gətirəcək. Şair Abdulla Şaiqin "Səməni" şeirində səməniyə olan sevgi, ona bəslənən ümid və arzu belə ifadə edilib:

Ey səməni, saxla məni
Hər il göyərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.

Azərbaycanlılar həmişə Novruz bayramında süfrələrinin zəngin olmasına xüsusi diqqət yetirirlər. Süfrəyə cürbəcür xörəklər, şirniyyatlar, çərəzlər düzürlər. Ortaya qoyulmuş yamyaşıl səməni süfrəyə xüsusi yaraşıq verir. 
Səməni yetişdirmək üçün bəzi adətləri yerinə yetirmək də vacib sayılır. Belə ki, inanca görə, səməni qoyarkən, ilk növbədə, xoş arzu və niyyətlərlə işə başlamaq, pis, naqis fikirlərdən uzaq olmaq lazımdır. Deyilənə görə, Novruza qədər səməni cücərib, böyüsə, arzuna çatacaqsan.
Səməni cücərtmək üçün vaxt da düzgün seçilməlidir. Yoxsa səməni Novruz bayramına qədər ya yaxşı boy atmaz, ya da solub-sarala bilər. Deyilənə görə, Novruzdan öncə ilk çərşənbə axşamı səməni qoyulmalıdır. 
Folklorşünaslar qeyd edirlər ki, xalq arasında ilkin inanca görə, səmənini il təhvil olan gündən on üç gün sonra ya axar suya, ya da bar ağacının altına qoyarlar. Ayrı-ayrı bölgələrimizdə bununla bağlı adət-ənənələr var. Folklorşünas Almara Nəbiyeva yazır ki, Novruzdan on iki gün keçəndə, yəni on üçüncü gün qız-gəlin yığışıb mərasim keçirir: "Sonra da hər kəs səmənini götürüb aparıb bağda-bağçada torpağın üstünə qoyardılar. İnsanlar bu müqəddəs bitki ilə bağlı ayin-adət icra edirlər:

Ay səməni,
Saxla məni.
Ürəyimdə tutduğum
Yara saxla məni".

Azərbaycan xalqı səmənini müqəddəs hesab etdiyi üçün solub saralanda da onu zibilliyə atmır. Ölkəmizin bir sıra bölgəsində Novruz bayramı üçün göyərdilmiş səmənini bayram bitdikdən sonra axar suya atırlar. Gələn il Novruz bayramını yenidən ailə üzvləri, əzizləri ilə birlikdə könül xoşluğu, cansağlığı, bolluq, xeyir-bərəkət içərisində keçirmək üçün niyyət tutur, dualar edirlər.
Bəzi bölgələrimizdə isə inanca görə, insanlar səmənini dama atırlar.
Göyərdilmiş səmənidən halva da bişirirlər. Səməni halvası hazırlananda niyyət edir, dilək tuturlar. Buğdanı böyük qablarda göyərdirlər. Cücərəndə əzib şirəsini çıxarır, su əlavə edir, qaynadırlar. Halva hazır olana yaxın ona badam, qoz, fındıq ləpəsi əlavə edirlər. Səməni halvasından mütləq başqalarına pay vermək lazımdır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video