26 Avqust 2025 08:55
463
CƏMİYYƏT
A- A+
Biz qayıtmışıq, Laçın!

Biz qayıtmışıq, Laçın!


"Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!" 

2022-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində etdiyi paylaşımda bu qürurverici sözlərlə laçınlıları, xalqımızı təbrik etdi və Azərbaycanın ədalətli qələbəsini Laçın zirvəsindən bir daha dünyaya duyurdu. Qarabağın xilaskarı İlham Əliyevin yürütdüyü diplomatik siyasət nəticəsində 1 dekabr 2020-ci ildə düz üç onillik boyu həsrətini, intizarını çəkdiyimiz Laçın rayonu bir güllə atılmadan, bir itki verilmədən azadlığına qovuşduruldu. Vətənpərvər şəxsiyyət İlham Əliyevin mükəmməl siyasi gedişləri, hərbi taktikası sayəsində üzərindən heç iki il keçməmiş 2022-ci ildə Laçın şəhəri də əzəli sahiblərinə qaytarıldı. 26 avqust tarixi təqvimlərimizdə Laçın Şəhəri Günü kimi qırmızıya - bayram rənginə boyandı.   

Çox keçmədən füsunkar təbiətli rayonda quruculuq işlərinə başlanıldı, dağların qoynunda bina olunan bu ulu yurda qayıdış köçləri həyata keçirildi. Laçınlılar doğma torpaqlarına dönərək sevinclə "biz qayıtmışıq, Laçın", dedilər. 


Sarsılmaz inamın gücü 


Laçın eli dədə-baba torpaqlarına qovuşana qədər çox faciələrlə üz-üzə qaldı, ağrı-acılara, əzablara tuş gəldi. 18 may 1992-ci ildə Laçın rayonu Ermənistan tərəfindən işğal olunan dövrdə ölkəmiz hərtərəfli böhran yaşayırdı. Şuşadan cəmi 10 gün sonra bu rayonumuzun da işğal olunması ölkədə yaşanan böhranı pik həddə çatdırmışdı. Faktiki olaraq Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdı. Bu isə qarşıda işğalçı Ermənistanın Kəlbəcəri və digər rayonlarımızı da bir-bir zəbt etməsinə şərait formalaşdırmışdı. Təcavüzkar Ermənistanın Laçın da daxil olmaqla rayonlarımızı ard-arda ələ keçirməsi həmin dövrdə ölkəyə rəhbərlik edən səriştəsiz rəhbərliyin və iqtidara hərisliklə can atan qüvvələrin milli xəyanətinin faciəvi nəticəsi idi. O ağır günlərdə antimilli qüvvələr rayonlarımızın müdafiəsini təşkil etmək əvəzinə hakimiyyət davası aparırdılar. Cəbhədən bir-birinin ardınca gələn acı xəbərlər, rayonlarımızın işğalı təəssüf ki, kreslo davası aparanları dayandırmırdı. Çünki vətən xainlərini nə ölkənin, nə də xalqın taleyi maraqlandırırdı. Bu səbəbdən də 18 may 1992-ci ildə Laçın rayonu işğal edildi. Torpağından zorla didərgin salınan Laçın eli məcburi köçkünə çevrilərək ölkəmizin dörd bir yanına səpələnib maddi-mənəvi məhrumiyyətlər içərisində yaşamağa başladılar. Ötən zaman ərzində dədə-baba yurdunun xiffəti ilə çox laçınlı bu dünyadan həsrətlə köçdü. Ancaq vətəndə qəribçilik çəkən bu insanlarımızın ürəyində el-obalarına dönəcəkləri ümidi heç zaman sönmədi. Onlar bu inamı düz 28 illik böyük zaman dilimində qəlblərində diri saxladılar, Laçına qovuşacaqları o xoşbəxt günü böyük səbir, arzu və istəklə gözlədilər. Laçınlılara bu sarsılmaz inamı aşılayan isə Prezident İlham Əliyevin əminliklə onlara verdiyi vəd idi. 

Hələ 24 dekabr 2011-ci ildə Prezident İlham Əliyev 50 illik yubileyini Ağcabədidə, Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd edən zaman demişdi ki, bu müvəqqəti yaşayış məntəqəsidir: "Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm". 

Sözügedən tarixi günün üzərindən heç on il keçməmiş Laçın rayonu işğaldan azad edildi. 1 dekabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza "Laçın bizimdir! Qarabağ bizimdir!" xoş xəbərini çatdırdı, bununla da bir qərinəlik həsrətin ardından laçınlıların da yurd nisgili bitdi. 


Laçın zəfəri 


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə cəmi 44 gün ərzində düşmənin başını əzərək parlaq Şuşa zəfərini qazandı. Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli Bəyanata müvafiq olaraq həmin il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə atılmadan, bir itki verilmədən azad edildi. Bu, Azərbaycana şanlı qələbələr qazandıran qalib Lider İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi kimi tariximizə qızıl hərflərlə həkk olundu  

16 avqust 2021-ci ildə Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Laçın rayonuna səfər etdi. Həmin gün burada Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə bu ecazkar təbiətə malik rayonun quruculuğunun rəmzi mesajı verildi. Səfər zamanı ölkəmizin rəhbəri dedi ki, beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. 

Azərbaycanın 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş yeni Laçın avtomobil yolunun vaxtından xeyli əvvəl istifadəyə verməsi ilə 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Ermənistan tərəfindən boşaldıldı. 

Laçın işğal olunduqdan sonrakı müddətdə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə Ermənistandan, eləcə də Yaxın Şərqdən ermənilər köçürülərək qanunsuz məskunlaşdırma aparılmışdı. Bu məskunlaşmada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar da fəal rol oynamışdılar. Halbuki işğaldan öncə bu kəndlərin heç birində erməni əhali yaşamamışdı. 

Parlaq zəfərlərimiz sayəsində işğalçı Laçın torpağından birdəfəlik qovuldu. 2022-ci il sentyabrın 21-də Laçın şəhərində qalib lider İlham Əliyev Azərbaycan bayrağını qürurla dalğalandırdı və bəyan etdi ki, bu, tarixi hadisədir: "Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır". 

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamına əsasən, 26 Avqust - Laçın Şəhəri Günü kimi qeyd olunur. 

23 aprel 2023-cü ildə isə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağı yüksəldildi. Bununla da ölkəmizin ərazi bütövlüyü qətiyyətlə təmin edildi.


Dağlar qoynunda çağlayan həyat


İndi Laçın rayonunda yenidən həyat çağlayır. Rayonda genişmiqyaslı tikinti-qurculuq işləri görülür, yollar, tunellər çəkilir, infrastruktur qurulur, elektrik stansiyaları quraşdırılır. Artıq Laçın şəhərinə, həmçinin də Zabux və Sus kəndlərinə sakinlərinin qayıdışı həyata keçirilib. Bu günədək 571 ailə (2091 nəfər) Laçın şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində məskunlaşıb. 

"Bu gün Laçın şəhəri görün, necə də gözəldir cəmi 8-9 ay ərzində, heç bir il keçməyib. Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır". 

Bu fikirləri 26 avqust 2023-cü ildə böyük coşqu ilə keçirilən Laçın Şəhəri Günü bayram tədbirini laçınlılarla birlikdə Həkəri çayının kənarında qeyd edən dövlətimizin başçısı İlham Əliyev böyük fəxr hissi ilə dilə gətirib. 

Laçının beynəlxalq görüşlərə, tədbirlərə, konfranslara evsahibliyi etməsi də artıq ənənə halını alıb. 

Bu il 28 may Müstəqillik Günündə Laçın yenidən dünyanın diqqət mərkəzində oldu. Qardaş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderləri növbəti Zirvə görüşlərini burada keçirdilər. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şərqi Zəngəzurdan qardaşlıq, həmrəylik, sülh mesajları çatdırdılar. "Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var", - deyə dövlətimizin başçısı sözügedən tarixi zirvə görüşündə bəyan etdi. Laçının artıq bu kimi beynəlxalq görüşlərə, tədbirlərə evsahibliyi etməsinin fonunda dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda gördüyü genişmiqyaslı quruculuq işləri də aydın şəkildə göründü. 

Vurğulayaq ki, bu il Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı da Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə həyata keçirildi. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən bu hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur.

MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunub.  Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi işğaldan azad edilən torpaqlarımızın mədəni ruhunun özünə qaytarılmasını əks etdirir. 

Bəli, artıq Laçın eli əbədi bəxtəvər həyata qədəm qoyub. Bütün bunlar həm də xalqımızın qazandığı şanlı zəfərlərin yaratdığı fərəhləndirici gerçəkliklərdir.

Laçın Şəhəri Günü bayram tədbirində çıxışı zamanı müzəffər lider İlham Əliyevin söylədiyi kimi: "Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük". 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!