Bayrağın tarixi dövlətlərin tarixi qədər qədimdir. Bayraq müstəqillik əldə etmiş hər bir millətin azadlıq simvoludur, onun ictimai-siyasi varlığının rəmzidir. Tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın qənaətinə görə, "Bayraq" sözü türk mənşəlidir və qədim tarixə malikdir. Böyük mütəfəkkir Mahmud Kaşğarinin məşhur "Divanü lüğat-it-türk" (XI əsr) əsərində müasir dilimizdəki "bayrak/batrak" sözü qeydə alınmışdır. Eyni zamanda tədqiqatçıların fikrincə, həmin söz "batırak/batrak/bayrak" semantik struktur təkamül modeli əsasında (batr - batırmaq, sancmaq) feilindən törəmişdir. Müasir türk dilində "bayraq" sözü ilə yanaşı, "sancaq" sözü də işlənir.
Qədim türk tayfalarında bayraq müxtəlif adlarla (sancaq, tuğ, ələm) tanınır və müqəddəs anlam daşıyırdı. Bu da onların dini inancları ilə bağlı idi.
Heç şübhəsiz, Azərbaycan dövlətçilik tarixində mühüm rol oynamış Midiya, Atropotena, Albaniya, Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin hər birinin özünəməxsus bayraqları, hakimiyyət rəmzləri olmuşdur. Bununla yanaşı, zaman-zaman zülmə, işğala qarşı Mənsur Həllac, Cavanşir, Cavidan, Babək Xürrəmi, Qaçaq Nəbi, Qaçaq Kərəm, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani, Mir Cəfər Pişəvəri və başqaları da azadlıq uğrunda üsyan bayraqlarını qaldırmışlar.
Nadir şah Əfşarın qətlə yetirilməsi ilə Azərbaycan xanlıqları meydana gəlmişdir. Qarabağ, Şəki, Şamaxı, Naxçıvan, Quba, Qaradağ, Təbriz, Urmiya, Xoy, Sərab xanlıqlarının hər birinin öz bayrağı olmuşdur. Nə yaxşı ki, Albaniya, Şirvanşahlar, Atabəylər (Eldənizlər), Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətlərinin, Gəncə, Qarabağ, Şəki, İrəvan, Naxçıvan, Bakı, Təbriz, Xoy xanlıqlarının bayraqlarından nümunələr günümüzə gəlib çıxmışdır.
Qürurverici haldır ki, miniatürçü rəssamlar Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin ömür yolunu əks etdirən miniatürlərdə bayraq rəmzlərini də unutmamışlar. Bu ənənə sonralar da davam etmişdir. Bunun ən bariz nümunəsi Şəki xan sarayının divarlarında həkk olunmuş müxtəlif süjetli rəsmlərdə dövlət bayrağının da nəzərdən qaçırılmamasıdır.
Təəssüf ki, çar Rusiyası 1801-ci ildə Şərqi Gürcüstanı özünə birləşdirdikdən sonra iştahası daha da artdı. 1803-cü ildən başlayaraq Şimali Azərbaycan xanlıqlarını bir-bir ələ keçirdi, həmişə olduğu kimi, bağladığı əhdnamələrə də əməl etmədi. Vəliəhd Abbas mirzənin komandanlığı ilə Rusiya-İran müharibəsi illərlə davam etsə də, sonda 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində sülh müqaviləsi bağlandı. Beləcə, Azərbaycan iki yerə bölündü. Xalqımız 90 il rus generallarının əsarəti altında qaldı. İran və Türkiyə ərazisindən erməniləri köçürərək Qafqazda, İrəvan xanlığının ərazisində, bir qismini isə Qarabağda məskunlaşdırdılar. Çar Rusiyası hətta bununla kifayətlənməyib 21 mart 1828-ci ildə İrəvan xanlığını ləğv edərək Ermənistan vilayətini yaratdı. Bununla da gəlmə ermənilər zaman-zaman xalqımızın başağrısına çevrildilər. Xalqımız bir əsrə yaxın zorən Çar Rusiyasının bayrağı altında yaşamağa məhkum olundu. Nəhayət, Azərbaycan xalqı uzun illərin məhrumiyyətindən, gizli, aşkar mübarizəsindən sonra, 28 may 1918-ci ildə müstəqilliyini elan etdi. 1918-ci ildə noyabrın 9-da Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Milli Şura o zaman Türkiyənin bayrağına oxşar Azərbaycan bayrağını Gəncədə qaldırmışdı. Bu tarixi hadisənin şahidi olan istiqlal şairi Əhməd Cavad "Elin bayrağı" adlı şeirinin son bəndində yazırdı:
Təmiz alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, birdə enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil!
Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti ilkin qəbul etdiyi bayrağı dəyişərək üçrəngli etmişdir.
Parlament binası üzərində dalğalanan üçrəngli bayrağımızı iftixarla seyr edən Üzeyir bəy Hacıbəyli 2 may 1919-cu ildə "Azərbaycan" qəzetində yazırdı:
"Müqəddəs bayrağımızın münəvvər rəngləri, günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimizin xain gözləri bu nurlardan qamaşır. ...
O xain gözlər, qara qəlblər, namərd biləklər və alçaq başların sahibləri əzab çəkirlər, ruhları inciyir, bədənləri ağrıyır. Vicdan əzabı altında haqq qapısında sürünən iblis kimi, müqəddəs bayrağımız qabağında əzilib-büzülür və bu bayrağı qapmaq, ağacını sıxıb-sıxıb və parçasını parapara etmək üçün bayraqdar üzərinə cummaq və soxulmaq istəyirlər...
Əbəs zəhmət!
O ağac sınmaz, o nur sönməz, o əl dönməz! Çünki bayrağımız həqq bayrağıdır. O bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki onun da insan kimi yaşamağa haqqı vardır! Bir millət ki daha əsir olmaq istəmir!
Nahaq səy!
Zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin, həqq və hürriyyət bayrağı enməz, sarsılmaz!"
Müstəqillik arzularının gerçəkləşməsindən qürur hissi yaşayan şairlərdən Əbdülxaliq Cənnəti, Əhməd Cavad, Əlabbas Müznib, gənc Cəfər Cabbarlı dərhal Azərbaycan bayrağını vəsf etmişdilər. 19 yaşlı Cəfər Cabbarlı sözlə üçrəngli bayrağımızın rəsmini çəkmişdi:
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
Şair Əlabbas Müznib "Bu ölkə" şeirində yazırdı:
Məbudumuz üç boyalı bayrağı,
Kəbəmizdir hər bir ovuc toprağı.
Sevməz bu hərxaini, alçağı,
Doğruların asandır bu ölkə.
Bu istiqlal yox yerdən yaranmamışdı. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetindən başlayaraq Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Soltan Məcid Qənizadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Haşım bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Hadi, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzlərlə aydınlarımızın "Molla Nəsrəddin", "Füyuzat", "Həyat", "Kaspi", "İrşad", "İqbal", "Səda", "Sədai həqq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet səhifələrində oxuculara aşıladığı maarifçilik, özünəgüvən, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç də itkisiz, təqibsiz, zindansız, sürgünsüz keçməmişdir. Əgər belə olmasaydı, üçrəngli bayrağımızı qürurla seyr edən Məhəmməd Hadi çağdaşlarının yaşantılarını bu qədər həssaslıqla ifadə edə bilməzdi:
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşi-düvəldən,
Bir zərrə belə qorxmayınız dəstiəcəldən,
İstərsə cahan çevrilib varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Bu nigarançılığın əsası vardı. Həmişə olduğu kimi təhlükə Şimaldan gözlənilirdi. Təsadüfi deyildi ki, Ömər Faiq Nemanzadə Dağıstana soxulan general Denikini Azərbaycanın müstəqilliyinə təhlükə hesab edərək 1919-cu ilin iyununda "Hazır ol!" adlı məqalə ilə soydaşlarına çağırış etmişdi:
"Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə gələn yırtıcıdır! Vəhşilərdən daha vəhşidir! Ən qəhhar xunrizlərdən (qan tökənlərdən) daha xunrizdir.
Ey azərbaycanlı, ey türk! İyi bil ki, sən zəif olunca hər yandan üstünə hücum mühəqqəqdir (qaçılmazdır).
Ey Azərbaycan! Ey hər kəsin gözü düşən nazənin vətən! Yatma, yatma ki, birdən-birə "ürəyinin üstünə çökməyə" hərarəti-həyatiyyəni söndürməyə qəsd edərlər.
Ey azərbaycanlılar! Ey böyük və şanlı cahangir nəvələri! Başını bir az yuxarı qaldır. Ticarət məşğuliyyətini bir az yüngülləşdir, həmiyyət və qeyrətini göstər!
Ey cavan türk! Vətənini, onunla bərabər ananı, bacını, balalarını qurtarmaq üçün sakın kimsədən imdad gözləmə, kimsəyə əl uzatma! Əl uzatma ki, sənin yeganə yardımçın sənsən! Sənin yaşamaya, istiqlala olan inamındır! Sənin millətinə olan məhəbbətindir!"
Bakı neftinə sahiblənmək üçün bolşeviklər çar generalı Denikini qabaqlayıb onun ordusunu məğlub etdikdən sonra Azərbaycana soxuldular. Beləcə, hələ tam oturuşmamış, illərlə yığılıb qalan problemləri həll etməyə macal tapmamış Azərbaycan Xalq Cümhuriyyəti Çar Rusiyasının varisi olan, "Bütün dünya proletarları birləşin!" şüarını qəzetlərdə tirajlayan bolşevik Rusiyasının işğalına məruz qaldı. Bolşeviklər Azərbaycana soxularaq 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini devirdilər və üçrəngli bayrağımız Parlament binası üzərindən endirildi. Bir gün keçməmiş repressiyalar başladı, vətənpərvər, azadlıq sevən insanlar tutularaq zindanlara atıldı, təqiblərə, sui-qəsdlərə məruz qaldı. Fürsət tapıb Lahıca gedən, orada ev-ev gecələyən Məhəmməd Əmin Rəsulzadə özündə güc taparaq "Əsrimizin Siyavuşu" əsərini yazdı. O, əsərinin son səhifəsini böyük inam və arzu ilə bu sətirlərlə bitirmişdi:
"...Ey yurddaşlar, dolayısı ilə siz ey gələcək soy, ey gənclik, ey çağımızın Siyavuşunun böyümüş oğlu!
Sənin boynunda böyük bir görəv var.
Səndən qabaqkı soy yoxdan bir bayraq, qutlu bir ideal göstəricisi yaratdı, onu min bir çətinliklə ucaldaraq dedi:
Bir yol yüksələn bayraq bir daha enməz!
Bunu deyərkən o, bugünkü yetim görüntünü dəyərləndirməmiş deyildi, o bunu düşünmüşdü, o sənin o çağda bu bayrağı gənc çiyinlərinə alıb sevinclə küçə-küçə dolaşaraq "İrəli, irəli, Azərbaycan əsgəri" deyə əsgərtək addım atmağını görmüşdü deyə, bu sözü güvənlə söyləmişdi.
Sözsüz, sən onun bu umudunu qırmayacaq, bu gün Parlament üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə konu olmuş, ürəklərinə enmiş bu bayrağı yenidən ora dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun yanna keçəcək:
Ya qazi, ya da şəhid olacaqsan!"
Zaman göstərdi ki, bu fikirlər heyrət doğuracaq qədər uzaqgörənliklə qələmə alınmışdır. Dahi L.N.Tolstoyun təbirincə desək, ədalətli fikir səmərə verməyə bilməzdi. Azərbaycan Xalq Cümhuriyyətini əvəz edən Azərbaycan Sovet Sosialist Respublikasının öz bayrağı, öz himni, öz gerbi olsa da, Kremldən asılı idi, Moskvadan göndərilmiş rus canişini gəlib ikinci katib rolunda Mərkəzi Komitədə əyləşirdi.
Azərbaycan Sovet Sosialist Respublikası 70 il ömür sürdü. Ancaq bu 70 ildə tarixi olaylardan xəbərdar olan aydınlarımız, xarici ölkələrə mühacirət etmiş Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Hilal Münşi, Xosrov Sultanzadə və başqaları müstəqillik uğrunda mübarizələrini, bir an da olsa, dayandırmadılar. Məhəmməd Əmin Rəsulzadənin xaricdə çap etdirdiyi "Azərbaycan Cümhuriyyəti" kitabının üz qabığında üçrəngli bayrağımızın şəkli əks olunmuşdu. Bununla yanaşı, müəllif kitabda üçrəngli bayrağın açıqlamasını da vermişdi:
"Azərbaycan bayrağındakı mavi rəng türklüyü, yaşıl rəng müsəlmanlığı, al rəng də təcəddüd (yeniləşmə) və inqilab rəmzi olmaq hesabilə əsrliyi təsvir edər ki, möhtərəm Ziya Gökalp bəyin "türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm" düsturunu ifadə etmiş olur".
Xalq Cümhuriyyətinin devrilməsi ilə heç də müstəqillik ideyası dəfn olunmadı. Bolşevik hökuməti bunu bacarmadı. 1937-ci ildə ölkədə repressiya qurbanlarının sayı pik həddə çatsa da, ürəklərdəki azadlıq eşqi, üçrəngli bayrağı bir daha baş üstə qaldırmaq sevdası insanlarımızı tərk etmədi. Zaman-zaman gənclər həyatlarını təhlükələrə ataraq gizli antisovet təşkilatları yaradır, mübarizələrini müxtəlif üsullarla davam etdirirdilər. Burada əllinci illərdə fəaliyyət göstərmiş iki gəncin adını çəkmək istəyirəm. Bu gənclərdən Cahid Hilal oğlu Şirinov 1928-ci ildə Ağdam rayonunda anadan olmuşdur. İkinci şəxs isə 1929-cu ildə Laçında anadan olmuş Çingiz Mirzağa oğlu Abdullayev idi. Bu gənclərin hər ikisi Teatr İnstitutunu bitirmişdi. Antisovet təbliğatı aparan bu gənclər qərara alırlar ki, 1957-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancsınlar. Bu işi Cahid Hilaloğlu həyata keçirir. Azadlıq! Müstəqillik! - deyə üçrəngli bayrağı Qız qalasının üstündə dalğalandırır. Deyilənlərə görə, üçrəngli bayrağı Cahid Hilaloğlu özü tikib hazırlayıbmış. Cahid Hilaloğlunun əməli DTK (KQB) tərəfindən dərhal aşkarlanır. Onun işinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrum olunur. Cahid Hilaloğlu cəzasını Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir.
Görün bayraq necə yüksək bir ali dəyərdir ki, buna görə bolşevik hökuməti heç bir humanistlik göstərmədən bir gənci 10 il azadlıqdan məhrum etmişdir. Bununla da kifayətlənmir, ömrünün sonuna qədər daim təqib edir, işsiz qoyur, nəzarətdə saxlayırdı. Eyni taleyi Cahid Hilaloğlunun həmkarı Çingiz Abdullayev də yaşayır.
Daim izlənən, iki dəfə məhkumluq həyatı yaşayan, hətta heç bir əsas olmadan Maştağa Psixiatriya Xəstəxanasına göndərilən Çingiz Abdullayev isə 1991-ci ildə İsveçrəyə gedərək siyasi sığınacaq almışdır.
Biz Qız qalasında qaldırılmış üçrəngli bayrağa görə başı bəlalar çəkmiş iki nəfər fədakar soydaşımızdan bəhs etdik. Ancaq onlar tək deyildilər, onlarla belə fədakar oğullarımız olubdur. Bu hadisədən 32 il sonra 28 may 1989-cu ildə Xalq Azadlıq hərəkatının iştirakçısı Faiq Mobil oğlu Həsənov Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Qız qalasının üstündə dalğalandırmışdır. Həmin bayraq İstiqlal muzeyində saxlanılır.
1988-ci ildə xalq hərəkatı başlayanda bəlli oldu ki, millətimizin üçrəngli bayrağa olan sevgisi ölməmişdir. Mən bu qənaətə günü, saatı yadımda qalmasa da, bir gün üçrəngli bayrağımızın Azadlıq meydanına gətirildiyini gördüm. Sonra bu hal dəfələrlə təkrar olundu. İllər sonra bildik ki, bu bayrağı toxuyub Azadlıq meydanına gətirən Gültəkin Həsənova imiş. Bu gün onu Gültəkin ana deyə yad edirlər. Yüz minlərlə soydaşımız kimi mən də indiki Dövlət himnimizi ilk dəfə Azadlıq meydanında, o təlatümlü günlərdə dinləmişdim. Xalq artisti, bəstəkar Sərdar Fərəcov "Ədəbiyyat və incəsənət" qəzetinin 14 iyul 1989-cu il sayında dərc etdirdiyi "Üzeyir Hacıbəyovun iki marşı" məqaləsində bugünkü himnimizdən də bəhs etmişdi. Bu məqalədən aydın olurdu ki, "Azərbaycan milli marşı" 14 noyabr 1919-cu ildə elan olunmuş müsabiqədə birincilik qazanmış və "Azərbaycan Dövlət Teatrosunu doldurmuş milli dövlətin ərkanı və xalq hüzurunda bir dəfə çalınmışdır".
Bu marşın 70 ildən sonra, hələ də ömür sürməkdə olan sovet hakimiyyəti dövründə kimin təşəbbüsü ilə Azadlıq meydanında səsləndirilməsinin tarixini iyirmi dörd il sonra himnimizin bərpaçısı bəstəkar Aydın Əzimovla görüşüb söhbət etdikdə öyrəndik. Aydın müəllim o günləri xatırlayaraq dedi: "1989-cu ildə Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin elmi əməkdaşı Sərdar Fərəcov "Ədəbiyyat və incəsənət" qəzetində Üzeyir bəyin iki marşından bəhs etmişdi. Bunlardan biri "Azərbaycan milli marşı", digəri isə "Azərbaycan marşı" idi. Birinci marşı dinləyən kimi diqqətimi çəkdi. Qəribə idi, bu marşın melodiyasını uşaq vaxtı atamdan eşitmişdim. Atam Kərim Əzimov M.C.Bağırovun vaxtında "Stalinneft"in, "Leninneft"in rəisi vəzifəsində çalışmışdı. Mən "Azərbaycan milli marşı"nın notunu qəzetdə görəndən sonra onun üzərində işləməyə başladım.
Aramızda yaş fərqinin olmasına baxmayaraq, Vaqif və Yusif Səmədoğlularla dostluq edirdim. Biz qardaş qədər yaxın idik. Mən bu marş barədə onlara da demişdim. Onlar da mənim fikrimi bəyənmişdilər, çünki biz artıq bu marşı Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi qavrayırdıq. O zaman "Azadlıq" radiosunda Mirzə Xəzərin verilişində həmin bu marşdan kiçik bir parça səslənirdi. Çox vaxt səslənməyə də müdaxilə olunurdu... Nəsə, çox keçmədi marşın klavirini hazırladım.
Bir gün Yusif Səmədoğlu marşın mətnini mənə verib: - Aydın, bu himn bir həftədən sonra Meydanda səslənməlidir! - dedi. Mən də söz verdim ki, bir həftəyə hazır olar. O zaman Azərbaycan Televiziyası və Radiosunun Səsyazma evinin müdiri işləyirdim. Bədii kollektivlərin çıxışları burada yazılırdı.
Bu himnin ilk yazılışında bəstəkar Ramiz Mustafayev də mənə yaxından kömək edirdi. Himni Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsinin xorunun ifasında lentə yazdırıb Azadlıq meydanında səsləndirdik. Çox unudulmaz gün idi. Unudulmaz anlar yaşadıq. Himn səslənəndə Vaqif Səmədoğlunun gözləri yaşarmışdı..."
Bəli, o gün təkcə mərhum şairimiz Vaqif Səmədoğlunun yox, Azadlıq meydanında sükuta dalmış hər kəsin gözləri yaşarmışdı. O gün ilk dəfə möhtəşəm himnimizin sözləri yaddaşımıza həkk olunaraq qəlbimizdə səslənirdi:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağımız bir də 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Hələ sovet dövlətinin mövcud olduğu bir dövrdə bu hadisə çox böyük əks-səda doğurmuşdu. Vaxtilə bolşevik Rusiyası tərəfindən parlament binası üstündən endirilmiş üçrəngli bayrağımızın rəsmi olaraq Naxçıvan Ali Məclisində qaldırılması anının necə bir həyəcan, sevinc, qürur doğurduğunu bu gün də təsəvvür etmək çətin deyildir.
Nəhayət, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul edərək onu dövlət bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. 70 il qabaq endirilmiş üçrəngli bayrağımız bir daha vətənimizdə yüksəldi.
Azərbaycan bayrağı Ümummilli Lider Heydər Əliyevin həmişə diqqətində olmuşdur. Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" 13 mart 1998-ci il tarixli sərəncamı bu sayğının bariz nümunəsidir. Sərəncamda deyilir:
"Azərbaycan Respublikasının Bayrağı, Gerbi və Himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir".
Ulu Öndər böyük fəxarət hissilə deyirdi: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir... Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun".
Azərbaycan Respublikasının dövlət rəmzlərinə sayğı və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Məhz bu sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, daha sonra Dövlət Bayrağı Muzeyi yaradılmışdır. 1 sentyabr 2010-cu ildə Dövlət Bayrağı Meydanının təntənəli açılışında çıxış edən Prezident İlham Əliyev demişdi:
"Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".
Dövlət başçısının bu tarixi çıxışından 10 il keçmiş, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi müzəffər ordumuzun qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 il qabaq Dövlət Bayrağı Meydanında söylədikləri həyata keçdi. Əsgər və zabitlərimizin qanı, canı bahasına işğaldan azad olunan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Suqovuşanda, Şuşa şəhərində, daha sonra Ağdamda, Kəlbəcərdə, Laçında, 215 kəndimizdə müqəddəs üçrəngli bayrağımız dalğalandı. Hər bir şəhərin, kəndin işğaldan azad edilməsi müjdəsini Müzəffər Ali Baş Komandan İlham Əliyevdən eşidirdik.
Prezidentin 8 noyabr 2020-ci ildəki xalqa müraciəti isə illər, əsrlər keçsə belə, unudulmayacaqdır: "Əziz həmvətənlər! Əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!"
Bu tarixi müjdə xəbərindən sonra paytaxt sakinləri küçələrə axışmışdı. Hər yan, hər yer, hündürmərtəbəli binaların eyvanları, küçələrdə şütüyən maşınlar, yaşlı, cavan, yeniyetmə üçrəngli bayrağa sarılmışdı.
Hər kəndin, hər bir şəhərin işğaldan azad olma xəbəri belə kütləviliklə, bayraq sevgisi ilə qarşılanırdı. Bu görüntülərdən, bu mənzərələrdən duyğulanmamaq, sevinc göz yaşları axıtmamaq mümkün deyildi. Xalqı, itkilər bahasına olsa belə, qələbə xəbəri qədər nə sevindirə bilər ki...
Necə ki 1919-cu ildə Parlament binası üstündə dalğalanan Azərbaycan Bayrağını seyr edən Əhməd Cavad, Əbdülxaliq Cənnəti, Əlabbas Müznib, Cəfər Cabbarlı vəcdə gələrək üçrəngli bayrağımızı vəsf etmişdilər, 70 il sonra müasir şairlərimiz də bir daha yüksələn bayrağımızı vəsf edən çoxlu sayda şeir yazıb kitablarda, dövri mətbuat səhifələrində çap etdirmişlər. Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının şücaəti, şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin həyatı, hər kənddə, hər şəhərdə, hərbi qərargahlarda, postlarda, səfirliklərimizdə dalğalanan üçrəngli bayrağımız yeni-yeni nəsr əsərlərinin, poeziya nümunələrinin yaranmasına səbəb olmuşdur. Biz klassik və müasir şairlərimizin Vətənimizi, üçrəngli bayrağımızı vəsf edən şeir gülüstanından seçərək bir albom-kitab tərtib etdik. Bu kitabın hər səhifəsində həm tarixi dövlətlərimizin rəmzləri, həm də 44 günlük Vətən müharibəsi günlərindəki bayraq sevgimiz var. Çox istərdik ki, bayraq və Vətən sevgisini daim ürəyində yaşatması üçün tərtib etdiyimiz "Bir daha yüksələn bayraq" albom-kitabı hər bir Azərbaycanlı ailəsinin, hər bir gəncin stolüstü kitabı olsun.
Mustafa ÇƏMƏNLİ