Azərbaycan
Turizm və Menecment Universitetində (ATMU) ölkəmizin inkişafda olan turizm və digər
sahələri üzrə dünya standartlarına uyğun yüksəkixtisaslı kadrlar hazırlanır. Bu
gün universitetdə 3 fakültə və 10 kafedra fəaliyyət göstərir, bakalavr pilləsi üzrə
1758, magistratura üzrə 289, doktorantura pilləsi üzrə 72 nəfər təhsil alır. Ümumilikdə
tədris prosesini 200-dən çox professor-müəllim heyəti həyata keçirir.
ATMU fəaliyyətə
başladığı ilk gündən xarici əlaqələrin genişlənməsinə və ali təhsildə beynəlmiləlləşməyə
xüsusi diqqət yetirir. Universitetdə yaranmış ilk bölmələrdən biri Beynəlxalq əlaqələr şöbəsi olmuşdur. Keçən dövr
ərzində ATMU Avropa Universitetlər Assosiasiyası, Avrasiya Universitetlərinin Beynəlxalq
Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elm və Tədqiqat Konsorsiumu,
Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi
Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası
(ESRUC) və Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) kimi nüfuzlu təhsil
təşkilatlarına üzv olaraq fəaliyyət dairəsini daha da genişləndirmişdir.
ATMU Azərbaycanın
təhsil tarixində ilk dəfə olaraq uğurla ikili diplom proqramını həyata keçirir.
Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış akademik müqavilənin
şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində "Turizm və asudə vaxt menecmenti
proqramı” üzrə ingilis dilində təhsil alırlar. Ötən il aprelin
5-də Dövlət
Turizm Agentliyinin dəstəyi ilə ATMU və İMC Krems Tətbiqi Elmlər Universiteti ilə
AATP Azərbaycan-Avstriya Turizm proqramı üzrə yeni əməkdaşlıq müqaviləsi hazırlanmışdır.
Bu proqrama əsasən 210 nəfər məzun hər iki ali təhsil müəssisəsinin diplomunu almışdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının
Federal Prezidenti Haynts Fişerin görüşü zamanı universitetlər arasında magistratura
səviyyəsində tədrisin təşkilini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanmışdır. Bundan
sonra ATMU yalnız bakalavr təhsil pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənməyərək
həmin universitetlə birlikdə magistr pilləsi səviyyəsində də təhsilə başlamışdır.
Universitetimiz
Xəzər Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə Avropa İttifaqının Erasmus-Mundus
Xarici Əməkdaşlıq Pəncərə Proqramının (EU Erasmus Mundus External Cooperation Window)
qalibi olmuşdur. Üç mərhələdə həyata keçirilmiş proqram çərçivəsində ATMU-nun tələbə
və əməkdaşları Yunanıstan, Portuqaliya, Böyük Britaniya, İtaliya, Latviya, Fransa,
Bolqarıstanın ali təhsil müəssisələrində ixtisasartırma və təcrübə mübadiləsi layihələrində
iştirak etmişlər. Qeyd olunan proqram çərçivəsində xeyli sayda tələbə təhsilini
davam etdirmək, habelə bir sıra müəllim və inzibati işçi müxtəlif Avropa universitetlərinə
tədqiqat üçün göndərilmişdir.
ATMU-nun genişmiqyaslı
əlaqələrində önəmli yerlərdən birini də beynəlxalq tələbə proqramlarında fəal iştirak
tutur. ATMU Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Avropada fəaliyyət
göstərən müxtəlif universitetlər ilə əlaqələr quraraq xeyli sayda tərəfdaşlar qazanmış,
bu əməkdaşlıqlar çərçivəsində öz tədris planımızı daha da inkişaf etdirə bilmişik.
Adıçəkilən beynəlxalq proqram çərçivəsində tələbələrimiz İspaniya Krallığının Valladolid
və Jirona Universitetlərində, Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər
Universitetində, Rumıniya Respublikasının İoan Cusa Alexander Universitetində, Bolqarıstan
Respublikasının D.A.Tsenov adına İqtisadiyyat Akademiyasında, Türkiyə Respublikasının
Orta Doğu Texniki və Əskişəhər Anadolu universitetlərində müxtəlif ixtisaslar üzrə
tələbə mübadiləsinin iştirakçısı olmuşlar. Bununla yanaşı, müəllim mübadiləsi imkanlarından
istifadə beynəlxalq proqram çərçivəsində universitetin qarşısına qoyduğu əsas istiqamətlərdən
biri olmuşdur. Son illər xeyli sayda müəllim mübadiləsi ATMU və proqram daxilində
əməkdaşlıq edən tərəfdaş universitetlər arasında həyata keçirilmişdir. Ümumilikdə
son 4 il ərzində
20-dən çox
tələbəmiz, Erasmus+ proqramı çərçivəsində tərəfdaş universitetlərdə təhsil almış
10 nəfərdən çox müəllim bu proqram vasitəsilə
tərəfdaş universitetlərdə mühazirə və seminarlar aparmışdır.
Beynəlxalq
tələbə mübadiləsi proqramları çərçivəsində önəm verilən istiqamətlərdən biri də
Türkiyə Respublikası hökuməti tərəfindən formalaşdırılan Mövlanə Mübadilə proqramıdır.
Son illər bu proqrama qoşularaq Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki
ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Məhz bu səylərin nəticəsində
Mövlanə Mübadilə proqramı çərçivəsində Qazi Universiteti (Ankara), Ağdəniz Universiteti
(Antalya), Ege Universiteti (İzmir), Sakarya Universiteti (Sakarya), Kastamonu Universiteti
(Kastamonu), İstanbul Universiteti və Ankara Universiteti kimi nüfuzlu ali təhsil
müəssisələri ilə tərəfdaşlıq müqavilələri imzalanmışdır. Müqaviləyə əsasən, son
4 ildə 25 nəfərdən çox tələbəmiz beynəlxalq
təhsil proqramının imkanlarından yararlana bilmişdir. Proqram çərçivəsində fərqli
ixtisaslar üzrə tərəfdaş universitetlərin professor-müəllimləri ATMU-da müxtəlif
vaxtlarda mühazirə və seminarlar aparmışlar. Eyni tədris imkanlarından istifadə
ATMU-nun müəllim heyəti üçün də mümkün olmuşdur. Hazırda məlum beynəlxalq təhsil
proqramı çərçivəsində yeni universitetlər ilə əməkdaşlıqların qurulması istiqamətində
işlər davam etdirilir.
ATMU Almaniyanın
Yade Tətbiqi Elmlər Universiteti ilə də əməkdaşlıq əlaqələri yarada bilmişdir. Məhz
hər iki universitet arasında mövcud olan əməkdaşlıq əsasında tələbələrimiz Almaniyada
təşkil olunan yay dil kurslarında iştirak edir, habelə tələbə həmrəyliyi çərçivəsində
Yade Universitetində bir semestrlik təhsil ala bilirlər. Bu il həmin ali təhsil
müəssisəsi ilə yeni hədəf olaraq 1, yaxud 2 ixtisas üzrə ikili diplom layihəsinin
həyata keçirilməsi müzakirə ediləcək.
Universitetdə
təhsilin beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə xarici mütəxəssislərin
tədris prosesinə cəlb edilməsi istiqamətində addımlar atılır. Erasmus-Mundus Xarici
Əməkdaşlıq Proqramı xətti ilə Portuqaliyadan 2 nəfər, ABŞ hökumətinin təqaüd proqramları
ilə 2 nəfər, Almaniyanın Robert Boş Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti
(GİZ) və Almaniyanın CİM təşkilatları ilə əməkdaşlıq nəticəsində Almaniyadan hər
il bir nəfər müəllim universitetdə tədris prosesinə cəlb olunmuşdur.
ATMU həmçinin
İslam Əməkdaşlıq Təşkilatı, Almaniyanın DAAD, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq
Assosiasiya (İAEA), BMTİP (UNDP) və sair bu kimi beynəlxalq təşkilatlarla da müxtəlif
istiqamətlər üzrə əməkdaşlıq əlaqələri qurmuşdur. Universitet Almaniyanın Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə həyata keçirilən "Elektron təhsildə Cənubi
Qafqazda institusional quruculuq və insan resurslarının inkişafı” layihəsinin iştirakçılarından
biri olmuş və distant təhsil üzrə müəllimlərin bacarıqlarını inkişaf etdirməyə səy
göstərmişdir.
2011-ci ildən
ATMU Ümumdünya Turizm Təşkilatının "qoşulmuş üzvü” (Affiliate member), bir müddət
sonra isə "Bilik” Şəbəkəsinin üzvü seçilmişdir. Ümumdünya Turizm Təşkilatına üzvlük
ATMU-nun dünya turizm sənayesinə çıxışı üçün daha geniş imkanlar açmış, eləcə də
tələbələrimizə daha böyük kürsülərdən ölkəmizi və universitetimizi təmsil etmək
şansı qazandırmışdır.
ATMU tələbələr
üçün 14 həftəlik xaricdə istehsalat təcrübə semestri təşkil edir. Azərbaycanda fəaliyyət
göstərən müxtəlif xarici ölkə səfirliklərinin və beynəlxalq turizm təşkilatlarının
dəstəyi ilə ATMU tələbələri Türkiyədə, Bolqarıstanda, İsraildə, Yunanıstanda və
s. ölkələrdə istehsalat təcrübəsi keçə bilmək imkanlarından yararlanırlar. Təkcə
2019-cu il ərzində 80 nəfərə yaxın tələbəmiz bir sıra xarici ölkələrdə istehsalat
təcrübəsi keçmişdir. Gələn ildən etibarən tələbələrimiz Almaniya Federativ Respublikası,
Qatar Dövləti və s. kimi yeni turizm destinasiyalarında təşkil olunacaq istehsalat
təcrübəsində iştirak edəcəklər.
Avropada mövcud
olan müxtəlif ali təhsil müəssisələri ilə ikili diplom layihələrinin daha da gücləndirilməsi,
tələbə və müəllimlərimizin dünyanın nüfuzlu ali məktəblərində elmi konfrans və təlimlərdə
mütəmadi iştirakı, tədrisin keyfiyyətinin daha da təkmilləşdirilməsi, habelə beynəlxalq
əlaqələrimizin davamlı inkişafı diqqətimizdədir.
Sürətlə inkişaf
edən, qloballaşan dünyanın turizm və təhsil sahələrində baş verən dəyişikliklərə
tez uyğunlaşa bilmək, eləcə də dövlətimiz və hökümətimiz tərəfindən istər turizm,
istərsə də təhsil sahəsində aparılan uğurlu islahatlara əsaslanaraq
ATMU beynəlmiləlləşməyə
çox böyük önəm verir və beynəlxalq əlaqələrini ildən-ilə genişləndirir.
İlham MƏDƏTOV,
Azərbaycan
Turizm və Menecment Universitetinin rektoru