İşğaldan azad olunan rayonlarda enerji tələbatını təmin etmək istiqamətində işləri davam etdiririk. Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) inşa etmək üçün lazım olan panellərin 20 faizi artıq rayon gətirilib və yaxın günlərdə stansiyanın tikintisinə başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bp fəaliyyəti çərçivəsində həmişə müvafiq standartlar və tələblərin bərqərar olmasına çalışıb.
“Bu sahəyə biz yerli potensialın inkişafı, yerli təchizat zəncirinin milliləşdirilməsi kim baxmışıq, əməyin təhlükəsizliyi, sənaye təhlükəsizliyi və sair standartları tətbiq etməyə çalışmışıq. Fəaliyyətimizin uğurlu olmasının əsas səbəbi Azərbaycan hökumətinin hər zaman bizə göstərdiyi dəstəkdir. Bu dəstək isə müxtəlif strukturlarla birlikdə fəaliyyətimizdən ibarətdir. Bu strukturlar sırasında mən fiskal strukturları xüsusi qeyd etmək istərdim. Bilirsiniz ki, Hasilatın Pay Bölgüsü tipli sazişlərdə xüsusi vergi-gömrük müddəaları var. Dövlətin xarici sərmayədarlar üçün yaratdığı güzəştli şərtlər var. Bu şərtlərin həyata keçirilməsi elə ilk illərdən başlayaraq fiskal strukturlarla yaxın əməkdaşlıq çərçivəsində baş tutub və Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində vergi və gömrük protokolları imzalanıb. Bu protokollar mövcud yerli qanunvericiliklə bərabər xarici sərmayədarlara müvafiq şəraitin yaradılmasını təmin edib”, - deyə şirkətin Xəzər regionu üzrə vitse-prezidenti vurğulayıb.
B. Aslanbəyli əlavə edib ki, bp gömrük strukturları ilə həmişə çox yaxın əməkdaşlıq edib: “Təsadüfi deyil ki, elektron bəyannamələr ölkə miqyasında tətbiq edilmədən əvvəl ilk dəfə məhz bp-nin operatoru olduğu "Şahdəniz 2" layihəsində, daha sonra isə ölkə miqyasında tətbiq edildi. Eyni zamanda, yaşıl dəhliz praktikası da ilk dəfə olaraq pilot layihə kimi bizim layihələrdə tətbiq edildi və müvafiq nəticələr nəzərə alınmaqla sonradan daha geniş miqyasda tətbiqinə başlanıldı”.
Qeyd edək ki, COP çərçivəsində icrasına təkan verilən Cəbrayılda tikiləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə yaşıl enerjinin vəhdətinin nümunəsi olacaq. Artıq GES-in enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 kilometr məsafədə 330 kilovoltluq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib.