Yerli özünüidarəetmə orqanlarına keçirilən sayca 6-cı seçkilər də gözləntiləri doğrultdu
Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanda yanvarın 29-da ilk bələdiyyə seçkiləri keçirildi. Sayca 6-cı bələdiyyə seçkiləri ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə baş tutdu. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə apardı.
Seçicilərin azad və sərbəst səs verməsi üçün hər cür zəruri avadanlıqlarla təmin edilmiş məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylanılmışdı. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987, seçkiləri izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 70 min 625 nəfər idi.
Səsvermənin şəffaflığını təmin etmək üçün bütün digər vasitələrlə yanaşı, 1000 seçki məntəqəsində veb-kameralar da quraşdırılmışdı.
Öncə ölkəmizdə yerli özünü-idarəetmə orqanlarına keçirilən seçkilərin tarixinə nəzər yetirək. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. İlk bələdiyyə seçkilərinə hazırlıq dövründə püşkatma yolu ilə 74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılıb. Bunların tərkibində ümumən 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olub. Həmçinin seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət edib.
Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olmuşdular. Seçki günü respublika üzrə seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak edib. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib. 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilib.
Aktiv siyasi təşkilatlardan YAP, AXCP və Müsavat seçkilərə qatılıb və müxtəlif sayda bələdiyyələr qazanıblar. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkilərdə iştirak etməyib.
Növbəti seçkilər 5 il sonra, 2004-cü ildə baş tutub. Bələdiyyə seçkilərində ümumilikdə 38 041 namizəd iştirak edib, onlardan 21 mindən çoxu Yeni Azərbaycan Partiyasının üzvü olub.
Bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin ümumi sayının 52,6 faizi səsvermədə iştirak edib. Seçilmiş 20 346 bələdiyyə üzvündən 19 516 nəfəri kişi (95,92 faiz), 830 nəfəri isə qadın (4,08 faizi ) olub.
Sonrakı bələdiyyə seçkisi 2009-cu ildə baş tutub. Seçkilər 118 seçki dairəsi və 4813 seçki məntəqəsi üzrə keçirilib, 15 min 682 bələdiyyə üzvünün seçilməsi üçün 1718 bələdiyyəni əhatə edib. Seçkilərdə cəmi 32.4 faiz seçici iştirak edib.
Bələdiyyələrə üzv seçilmiş şəxslərdən 10 min 290-nı Yeni Azərbaycan Partiyası, 132-si Böyük Quruluş Partiyası, 81-i Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, 62-si Ana Vətən Partiyası, 61-i Vətəndaş Həmrəyliyi Partiyası, 41-i Azərbaycan Ümid Partiyası, 15-i Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, 14-ü Vətəndaş Birliyi Partiyası, 5-i Azərbaycan Sosial Rifah Partiyası, 4-ü isə Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər olub. Həmçinin seçilmiş bələdiyyə üzvlərindən 4157-si bitərəf, 157-si isə partiya mənsubiyyətini göstərməmiş şəxs olublar.
2014-cü ildə baş tutan seçkilərdə isə 1607 bələdiyyəyə 15035 üzv seçilməsi nəzərdə tutulub. 37077 namizədin adı bələdiyyələr üzrə seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin 13907-nin namizədliyi 8 siyasi partiya tərəfindən, 109-u təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 23061 nəfər isə öz namizədliklərini fərdi qaydada irəli sürüb.
2019-cu il seçkilərində iştirak üçün 41 463 namizəd qeydiyyatdan keçib, rəsmi olaraq isə 13 partiya iştirak qərarı verib. İlkin nəticələrə əsasən seçilmiş bələdiyyə üzvlərindən 5882 nəfəri qadın, 9272 nəfəri isə kişi olub. Bu, Azərbaycan tarixində qadınların bələdiyyə təmsilçiliyində rekord göstəricidir.
Ümumiyyətlə, Azərbaycan son 30 ildə seçki sahəsində də böyük təcrübə qazanıb. Demokratik ölkələrin, beynəlxalq təşkilatların təcrübəsi və milli dəyərlərin vəhdəti kimi formalaşan milli seçki sistemi ötən dövrdə Azərbaycanın çoxşaxəli inkişafına böyük töhfələr verib. Ölkəmizdə keçirilən çoxsaylı seçkilərin hər biri əvvəlkilərdən daha keyfiyyətli şəkildə təşkil olunub.
Əlbəttə ki, seçkinin keyfiyyət göstəricisi demokratiya, ədalət və şəffaflıqdır. Bu mənada Azərbaycanın təcrübəsi seçkidən-seçkiyə daha da modernləşib. Bu gün ölkəmizin seçki təcrübəsi müxtəlif dövlətlər tərəfindən öyrənilir. Ölkəmizdə 1993-cü ildən indiyə qədər keçirilmiş seçki proseslərində Azərbaycan cəmiyyəti heç bir maneə olmadan öz iradəsini ortaya qoyub. Ötən seçkilərdə olduğu kimi, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində də şəffaflığın, demokratik prinsiplərin təmin olunması üçün bütün zəruri addımlar atılmışdı. Vətəndaşlar sərbəst şəkildə məntəqələrə gələrək yaşadıqları ərazinin özünüidarəetmə orqanının formalaşması üçün seçimlərini etdilər və əminliklə demək olar ki, bu seçkilər də Azərbaycan dövlətinin qüdrətinin, suveren gücünün təntənəsi oldu.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"