1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücum etməsi xəbəri yayıldı. İldırımsürətli müharibə planına əsaslanan alman qoşunlarının qəfil zərbəsi ağır oldu. Sovet ordusu məğlubiyyətlə üzləşdi.
Sovet İttifaqına daxil olan respublikalarda səfərbərlik elan olundu. Azərbaycan da ittifaqın tərkibində 1945-ci ilin mayınadək davam edən bu müharibədə iştirak etdi.
Müharibə mövzusu ilk günlərdən yazıçıların, şairlərin, bəstəkarların, rəssamların yaradıcılığında başlıca mövzuya çevrildi. Onlar həm döyüş meydanlarında, həm də arxa cəbhədə şücaət, əzmkarlıq göstərən insanları vətənpərvərlik duyğulu, Qələbə ümidli əsərlərlə ruhlandırmaq üçün şair Səməd Vurğunun yazdığı kimi, müsəlləh əsgər oldular.
Dillər əzbərinə çevrilən mahnılar
1941-1945-ci illərdə baş verən dəhşətli müharibə Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığına böyük təsir göstərdi. Musiqiçilərimizdən cəhbəyə gedənlər, döyüşlərdə iştirak edənlər, geri qayıtmayanlar oldu. Lakin çoxu arxa cəbhədə fəaliyyətlərini davam etdirdi.
Müharibə illərində Azərbaycan Bəstəkarlar İttifaqına dahi bəstəkar Üzeyir bəy Hacıbəyli rəhbərlik edirdi. Üzeyir bəy başda olmaqla bəstəkarlarımız vətənpərvərlik ruhunda əsərlər bəstələyirdilər. Həmin dövrdə Üzeyir bəyin "Şəfqət bacısı", "Qələbə himni", Səid Rüstəmovun "Cəbhəyə", "İrəli", "Qəzəl", "Qəhrəmanlar marşı", Süleyman Ələsgərovun "Gözlə məni", Ağabacı Rzayevanın "Cəngi", "Vətən nəğməsi", "Dilbərim", "Gözlərin" və digər mahnılar dillər əzbəri oldu. Müharibə illərində, Əşrəf Abbasov, Şəfiqə Axundova, Niyazi və digər bəstəkarların da yazdıqları bir sıra mahnılar tezliklə məşhurlaşdı. Bu mahnılar cəbhələrdə əsgərlər qarşısında ifa edildi.
Müharibə illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun olaraq xüsusilə inkişaf edirdi. Ancaq Azərbaycan bəstəkarları müharibə illərində yalnız kiçik həcmli musiqi janrlarına müraciət etmirdilər. Eyni zamanda müxtəlif janrda irihəcmli əsərlər bəstələyirdilər. Beləliklə, 1941-1945-ci illərdə Azərbaycan musiqisi bir çox simfonik əsərlərlə də zənginləşdi. Onların əksəriyyəti müharibə ilə əlaqədar yazıldı.
O illərdə yaradıcılığa yeni başlayan Qara Qarayevin, Cövdət Hacıyevin, Soltan Hacıbəyov kimi gənc bəstəkarların ilk simfoniyaları da müharibə mövzusunda idi. Müharibə illərində Moskva konservatoriyasının tələbələri olan Qara Qarayevin və Cövdət Hacıyevin birlikdə bəslədiyi dörd pərdəli "Vətən operası" (liberetto müəllifi İsmayıl Hidayətzadə) 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyuldu. Müəlliflər bu əsərə görə, Dövlət mükafatına layiq görüldülər.
Fikrət Əmirov müharibədə həlak olmuş bəstəkar İsrafil İsrafilzadənin xatirəsinə simfonik poema həsr etdi. 1941-ci ildə Əfrasiyab Bədəlbəylinin Boris Zeydmanla birgə "Xalqın qəzəbi", 1942-ci ildə Niyazi "Xosrov və Şirin" operalarını bəstələdilər.
Geniş, işıqlı konsert salonlarını ölüm qoxulu soyuq səngərlər əvəz etdi
1941-1945-ci illər müharibəsində Azərbaycan Opera Teatrının repertuarı "Vətən", "Xosrov və Şirin" operaları, "Qız qalası" ilk milli baleti və başqa əsərlərlə zənginləşdi.
Həmin dövrdə Soltan Hacıbəyovun "Qızılgül", Fikrət Əmirovun "Ürək çalanlar" və "Gözün aydın", Səid Rüstəmovun "Durna" kimi əsərləri Musiqili Komediya Teatrının repertuarına daxil edildi və qısa müddətdə tamaşaçı kütləsinin rəğbətini qazandı.
Həmin illərdə böyük mütəfəkkir şair Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla əlaqədar musiqi əsərləri yazıldı. Müharibə dövründə Üzeyir bəy Hacıbəyli dahi şairin sözlərinə "Sənsiz" və "Sevgili canan" romanslarını bəstələdi. Üzeyir bəy Hacıbəyli bununla yeni qəzəl-romans janrının əsasını qoydu.
1944-cü il dekabrın axırında Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasında Azərbaycan musiqi sənətinin yaradıcılıq nailiyyətləri nümayiş olundu. Tədqiqatçılar dekadada Azərbaycan musiqisindən ibarət konsertlərin ölkənin ən görkəmli musiqi xadimləri və sovet ittifaqına daxil olan digər respublikaların geniş ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edirlər.
Araşdırıcılar bildirirlər ki, Sovet Azərbaycanının bəstəkarları təkcə 1941-1945-ci illər müharibəsi dövründə 400-dən çox böyük və kiçik formalı əsər yaratdılar ki, onların 25-dən çoxu simfonik əsər idi. Həmin əsərlərdən 8-i dekadada ifa olunmaq üçün seçildi.
Demək olar ki, müharibənin başlaması musiqiçilərimizin, müğənnilərimizin həyatını dəyişdi. Onların çıxış etdikləri geniş, işıqlı konsert salonlarını ölüm qoxulu soyuq səngərlər əvəz etdi. Azərbaycanın musiqi və teatr kollektivləri təşviqat məntəqələrində, hospitallarda çıxış edirdilər. Bəstəkarlar Cahangir Cahangirov, Səid Rüstəmov, Niyazi, müğənnilər Şövkət Ələkbərova, Bülbül, Sara Qədimova və başqaları ardıcıl olaraq cəbhəyə yollanır, Belarus, Bryansk və digər istiqamətlərdə Azərbaycan diviziyalarının döyüşçüləri qarşısında çıxışlar edirdilər. Azərbaycan teatrlarının aktyorları Kerçdə, Voroşilovqradda onlarla konsert-tamaşalar göstərirdilər.
1941-1945-ci illər müharibəsi başa çatanadək musiqi əsərləri insanları qələbəyə səsləyən, ruhdan düşməyə qoymayan qüdrətli vasitəyə çevrildi. Müharibədən sonra Azərbaycan musiqi sənətinin uğurları davam etdi, yeni əsərlər yarandı.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"