Türkiyə ilə Azərbaycanı milli ruh, xəlqi ruh birləşdirir.
Türkiyə ilə Azərbaycan təkcə qonşu dövlətlər deyil, həm də qardaş dövlətlərdir.
Azərbaycan çətinliklərlə üzlşəndə Türkiyə, Türkiyə çətinliklərlə üzləşəndə Azərbaycan həm mənəvi, həm maddi, həm də hərbi dəstək göstərdi. Bu dəstək səmimi dəstək kimi tarixləşdi...
Ötən əsrin əvvəllərində Azərbaycanda vəziyyət son dərəcədə kəskinləşmişdi. Bolşeviklərlə birləşən daşnaklar Azərbaycanda müqayisəyəgəlməz qətllər, qırğınlar törədirdi. Bu, erməni qırğınları idi və Azərbaycanın dövlətçiliyini xalqın mübarizə əzmini qırmağa, ilhaqla barışmağa vadar etməyə hesablanmışdı. Xalq bununla barışa bilməzdi.
1918-ci ildə Azərbaycanda, əsasən Bakıda vəziyyət sözlə ifadə edilməz dərəcədə gərginləşmişdi. Bolşeviklər daşnaklardan, daşnaklar bolşeviklərdən istifadə etməklə Bakıda azərbaycanlı əhaliyə qarşı əsl müharibə aparırdı, erməni-bolşevik birləşmələri tərəfindən başlanan qırğın nəticəsində minlərlə insan vəhşicəsinə öldürüldü. Bu, elə bir vaxt idi ki, Azərbaycanda milli-azadlıq hərəkatı kükrəmişdi, bu kükrəyişin nəticəsi kimi mayın 28-də Azərbaycan öz istiqlalını elan etmişdi, Qafqazda ilk Cümhuriyyət elan edilmişdi, Azərbaycan Demokratik Respublikası tarixi salamlamışdı.
Yüz dörd il bundan öncə 1918-ci ildə Azərbaycan, xüsusilə Bakı öz çətin və məşəqqətli günlərini yaşayırdı. Azərbaycanda türk-müsəlman əhalisinə qarşı erməni-bolşevik birləşmələri tərəfindən başlanan qırğın minlərlə insanın vəhşicəsinə öldürülməsi ilə nəticələndi. Azərbaycan mayın 28-də öz istiqlalını elan etsə də, Cümhuriyyətin rəhbərləri Bakıya gələ bilmir, fəaliyyətlərini Tiflisdə davam etdirirdilər. Bolşeviklər zəbt etdikləri Bakının türk-müsəlman əhalisinin kütləvi qırğınını törədirdilər.
Vəziyyət belə davam edə bilməzdi, bu vəziyyət dövlətçiliyin itirilməsinə səbəb ola bilərdi. Buna görə də Azərbaycan hökuməti 1918-ci il iyunun 4-də Osmanlı hökumətinin Ədliyyə naziri Xəlil bəy və üçüncü ordunun komandiri Vəhib Paşa ilə bir müqavilə imzalamışdl. Bu müqavilənin 4-cü maddəsi Azərbaycanın yaşadığı siyasi və hərbi vəziyyətin aradan qaldırılmasına hesablanmışdı sanki: Azərbaycan Xalq Cümhuriyyəti istiqlalını, dövlətçiliyini qorumaq üçün Türkiyədən hərbi yardım istəmək haqqına malik idi. Bu yardım istənildi. Həm də böyük ümidlərlə istənildi. Azərbaycan Cümhuriyyətinin belə bir yardıma ehtiyacı olduğunu Türkiyə aydınlığıyla duyurdu. Bu duyum sevgi, ehtiram kimi təzahür edəcəkdi: Azərbaycan xalqının yardım istəyinə Türkiyə hökuməti dərhal razılıq verdi. Bu müraciətə əsasən, iyun ayında 5-ci Qafqaz diviziyası və 15-ci Çanaqqala diviziyası Nuru paşanın komandanlığı altında birləşdi. Bundan sonra Azərbaycan-Osmanlı hərbi birləşmələri Qafqaz İslam Ordusu adlandırıldı. Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçmüşdü. Dövrün tarixi mənbələrində qeyd edilir ki, 5-ci Qafqaz diviziyası Azərbaycanda törədilənlərə qarşı hərbi əməliyyatlar aparmaq, Azərbaycana qəti kömək etmək üçün Gümrü və Qazax istiqamətindən irəlilədi. Bu qüvvələr iki qrupda birləşmişdi. Birinci qrupda 147 zabit, 2812 əsgər, ikinci qrupda 110 zabit, 2763 əsgər var idi. Türk Ordusu Calaloğlu, Sadaxlı, Kəmərli, Aslanbəyli istiqamətində hərəkət edərək Qazaxa gəldi. 1918-ci il iyunun 30-da daşnak-bolşevik hərbi birləşmələri Göyçaya qəfil hücum etdikləri üçün türk qüvvələrinə əlavə kömək məqsədilə 65 zabit və 2475 əsgər Azərbaycana göndərildi.
Mənbələrdə göstərilir ki, bu qüvvələrdən əlavə 3-cü ordunun ehtiyatda olan 350 əsgəri də iyulun 9-da Qazaxa gəldi. İyunun 27-də Qafqaz İslam Ordusu Gəncə istiqamətində irəliləyən erməni-bolşevik qoşun birləşmələrinin qarşısını Göyçay yaxınlığında aldı. İyulun 1-də Qafqaz İslam Ordusu əks-hücuma keçib.
Türk qüvvələrindən əlavə Azərbaycan korpusu da formalaşdırılmışdı. Bu korpusda xidmət edən azərbaycanlı zabitlər İslam Ordusu komandanlığı tərəfindən Gəncədə açılan qısamüddətli hərbi kurslarda təhsil almışdılar. Bu korpusa azərbaycanlılardan ibarət bir neçə alay və könüllülər daxil idi. Azərbaycan korpusuna podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi.
Bakıya yaxınlaşan Qafqaz İslam Ordusu ciddi müqavimətə rast gəlsə də qətiyyətli idi, qətiyyətlə irəliləyirdi. Bakıya yaxınlaşırdı.
Xilaskar Turk Ordusu Azərbaycanın nizami və könüllü dəstələri ilə çiyin-çiyinə irəliləyirdi. Onu da qeyd edək ki, Bakının azad olunmasından 39 gün əvvəl türk ordusunun Bakıya hücumu məğlubiyyətlə nəticələnmişdi. Türkiyədən əlavə hərbi qüvvələr istəyən və öz hissələrindəki Azərbaycan könüllülərini hərbi cəhətdən hazırlayan ordu ikinci qəti hücuma hazırlaşırdı. Bu gərgin döyüşlərdən sonra türk ordusunun 15-ci diviziya qərargahı, 56-cı və 106-cı piyada alayları (1200 əsgər) əlavə qüvvə kimi Bakıya göndərildi. Bakının azad edilməsi uğrunda gərgin döyüşlər başladı.
Sentyabrın 14-dən 15-nə keçən gecə Qafqaz İslam Ordusu sürətli hücumla Bakıya daxil oldu. Bakı azad edildi. Sentyabrın 15-i Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə yerləşən Azərbaycan hökumətinə teleqram göndərdi: "Allahın köməyilə Bakı şəhəri 15 sentyabr, saat 9-un başlanğıcında bizim qoşunlar tərəfindən alındı".
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik qüvvələrindən azad etdi və hökümət Gəncədən Bakıya köçdü...
Bakının qurtuluş günündə türk işığı var!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı