XIX əsrin məşhur “Art Nouveau” memarlıq üslubuna həsr olunmuş silsilə tədbirlər çərçivəsində Brüsselin “Halles Saint-Géry” tarixi incəsənət qalereyasında belçikalı fotojurnalist Franck Depaifvenin Bakının “Art Nouveau” irsinə həsr olunmuş sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə, həmçinin İçərişəhərin tarixi incilərinin fotoşəkilləri və videoları nümayiş olunub.
Sərgi Azərbaycanın Belçikadakı səfirliyinin, Azərbaycan Memarlar İttifaqının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Shango Atabey” Mədəni Diplomatiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Layihənin ərsəyə gəlməsində tanınmış memar Rizvan Bayramov, Bakının memarlıq abidələrini tədqiqatçıları Alla Qaraqaşlı və Qəni Nəsirov yaxından iştirak ediblər.
Sərginin açılış mərasimində Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Bakının tarixi, memarlığı və xüsusən sənayeləşmə dövründə “Art Nouveau” üslubunda inşa edilmiş tarixi binalar haqqında məlumat verib.
Layihə müəllifi Franck Depiafve 2023-cü ildə Bakının “Art Nouveau” irsini araşdırmaq məqsədilə Azərbaycana səfəri və layihə haqqında danışıb.
Həmçinin tədbirdə kinorejissor İves Ringer 2024-cü ildə Azərbaycanda iştirak etdiyi “Salam” Beynəlxalq Film Festivalı və Bakı səfəri ilə bağlı xatirələrini bölüşüb.
Tədbirdə Verviers Konservatoriyasının məzunu və Belçikada yaşayan gənc istedadlı pianoçu Aynur Sultanlının ifasında Azərbaycan klassik bəstəkarlarının əsərləri səsləndirilib.
Sərginin açılışında diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri iştirak ediblər.
Sərgi 2025-ci il yanvarın 8-dək davam edəcək.