Artıq bir
neçə ildir ki, Bakı xanları və onların İçərişəhərdəki iqamətgahları ilə əlaqədar
həyata keçirilən layihə ilə bağlı XVII-XIX əsrlərdə çap edilmiş elmi ədəbiyyata,
arxiv sənədlərinin aşkar edilməsinə və araşdırılmasına diqqət artmışdır. XVIII əsrdə
regionda baş vermiş siyasi hadisələr nəticəsində Azərbaycan tarixində yeni bir dönəm
- xanlıqlar dövrü başlayır.
1747-ci ildə
Nadir şahın ölümündən sonra İran qoşunları Bakıdan çıxarılır. Bundan sonra hakim
dairələr və bakılılar arasında hörmət qazanmış Dərgahqulu xanın oğlu Mirzə Məhəmməd
xan özünü müstəqil Bakı hakimi elan edir. Bakı xanlığı bütün Abşerona daxil olan
39 kəndi özündə birləşdirirdi. Bakı hələ
orta əsrlərdən Volqa-Xəzər ticarət yolunda bölgədəki ən sakit liman şəhəri idi.
XVIII əsrin ortalarında da Bakı bu əhəmiyyətini itirməmişdi və o səbəbdən də Şərq
ticarətinin mərkəzi İrandan Azərbaycana, xüsusilə Qərblə Şərq arasında bir növ körpü
olan Bakıya keçmişdi (M.İskenderova "Bakinskoe xanstvo”, Baku, 1999, s.150).
Bakı şəhəri
hələ XII əsrdə bərpa edilərək möhkəmləndirilmiş olan ikisıralı qala divarları ilə
əhatə olunmuşdu. Bakı xanı inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyətini əlində
cəmləşdirib, xanlığı öz mülkü kimi idarə edirdi. Xanlığın divanı vardı ki, bütün
vergi, müharibə və sülh, eləcə də digər mühüm dövlət məsələlərini həll edirdi.
Bakı xanlığına
ardıcıl olaraq I Mirzə Məhəmməd xan (1747-1768), Məlik Məhəmməd xan
(1768-1784), II Mirzə Məhəmməd xan (1784-1791), Məhəmməd Qulu xan (1791-1792) və
Hüseyn Qulu xan (1792-1806) hakimlik etmişdilər. Xanın mindən artıq əsgəri, bayrağı
və "Badkubə” damğalı öz pulu da (mis sikkə) var idi.
Xəzər dənizində
hərbi və ticarət gəmilərinin sayının artırılması, gəmiçiliyin inkişaf etdirilməsi,
şəhərə kəhriz su sisteminin çəkilməsi, qala divarlarının bərpa edilməsi, müdafiəsinin
gücləndirilməsi Bakı xanlarının adı ilə bağlı idi. Bütün zamanlarda olduğu kimi,
xanlar öz hakim olduqları ərazidə abadlıq işlərinin aparılmasına, ticarət əlaqələrinin
genişlənməsinə, mədəni həyatın dövrə uyğun dəyişməsinə diqqət yetirirdilər. Bakı
Xan Sarayı Kompleksinin memarlıq planı, otaqların quruluşu, zəngin interyeri bundan
xəbər verirdi.
Şirvanşahlar
sarayı 1723-cü ildə Matyuşkinin şəhərə top həmləsindən sonra demək olar ki, tamamilə
dağılmışdı. Buna görə də xanlar iqamətgahlarını şəhərin hündür yerində, Şirvanşahlar
sarayı ərazisində deyil, dənizə yaxın və nəzərəçarpacaq yerdə inşa etdirmişdilər.
Xan sarayında yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının
planını xatırladır. Saray binasının giriş portalı üzərindəki kitabəyə görə, iqamətgah
h.1164-cü ildə (1750-1751) inşa edilmişdir.
Araşdırmalardan
məlum olur ki, qala divarlarına söykənən Xan Sarayı Kompleksi 1809-cu ildə çəkilmiş
sxem-plana görə bir neçə 1 və 2 mərtəbəli binalardan ibarət olmuş beş böyük həyəti
özündə birləşdirirdi. Bu binalarda yüzdən artıq otaq vardı. Əsas saray binasının
yerləşdiyi həyətin mərkəzində hovuz olan bağça var idi. Digər həyətlər Əbdürrəhim
bəyin və Mehdi Qulu bəyin evi kimi tanınırdı.
Beşcildlik
"Qafqaz müharibəsi” əsərinin I kitabındakı "Bulqakov” fəslinin müəllifi rus hərbi
tarixçisi, general-leytenant V.A.Potto (1836-1912) yazır ki, 1806-cı ilin oktyabrında
Bakı tam alındıqdan sonra Qala divarı içərisindəki hasara yaxın bir neçə məhəllə
söküldü. Rus qoşunlarının bir hissəsi və Bakı qarnizonu üçün əsgər kazarmaları tikilməyə
başlandı. Ordu, həmçinin general Bulqakov Bakıda bir necə gün qaldı. Əsgərlər müvəqqəti
karvansaralarda yerləşdirildi. Həmin müddətdə general Bulqakov sırf Şərq dəbdəbəsi
ilə fərqlənən Xan sarayında yaşadı. Dərgahqulu xanın 1740-cı illərdə tikdirdiyi
ikimərtəbəli və 7 otaqlı "Yataq evi” adlanan binanın divarlarındakı tarixi rəsmlər
yağlı boyalarla çəkilmiş və qızıl suyu ilə işlənmişdi. Bulqakovun əmri ilə onların
bəzisi xüsusi iskənələrlə divarlardan söküldü. Bu iş elə ustalıqla görüldü ki, rəsmlər
zədələnmədi.
General Bulqakovun
əmri ilə 1806-cı ilin oktyabrından 1807-ci ilin noyabr ayına kimi "Yataq evi” adlanan
xeyli zərər görmüş binada rekonstruktiv işlər aparılmışdı. Bina, demək olar ki,
rus memarlığı üslubuna bənzər elementlərlə bəzədilmişdi.
Orta əsr Bakı
şəhərinin qala divarlarından kənarda da xan bağı (indiki Milli Bankın yaxınlığında)
və xan sarayı mövcud imiş. Bakı xanlarından II Mirzə Məhəmməd xan, Məhəmməd Qulu
xan və Hüseyn Qulu xan məhz istirahət vaxtlarını bu xan bağında keçirirlərmiş. Bu
bağın görüntüləri 1861-cı ildə hidpoqraf kapitan-leytenant Ulskiy tərəfindən tərtib
edilən Bakı və ətrafının xəritəsində var.
1837-ci ildə
nəşr edilmiş "Kavkazüı ili podviqi i jiznğ zameçatelğnıx liü, deystvovavşix na Kavkaze”
adlı kitabda Qafqazın işğalı zamanı baş vermiş döyüşlərdə fərqlənmiş rus əsgər və
zabitlərinin həyatı və göstərdiyi rəşadət haqqında məlumat verilir. "General-leytenant
Qlazenapın tərcümeyi-halı” fəslində 1806-cı ildə Bakının ruslar tərəfindən işğalı,
Xan sarayının qarət olunması belə təsvir edilir: "Bakı xanının Bulqakov üçün təmizlənmiş
sarayında bizim zabitlərin diqqətini divarlardakı yağlı boya ilə ustalıqla çəkilmiş
və qızıla tutulmuş, döyüş səhnələri əks edilmiş tarixi şəkillər çəkdi. Onları qalib
olan üçün uzun iskənələrlə divarlardan qopardılar.
Təəccüblüdür
ki, bəziləri hətta heç pozulmamışdı da. Ümumiyyətlə, bu ev çox zəngin idi: qapı
və çərçivələr qırmızı çinar ağacından idi, çoxlu qiymətli xalçalar, ipək parçalar,
hətta şərq adətinin əksinə olaraq güzgülər də vardı. Görünür ki, xan çıxıb getməyə
heç də tələsmirdi. Bütün bu var-dövləti bizimkilər elə təmizlədilər ki, heç nə qalmadı”.
Maraqlıdır,
bəs bütün Bakı körfəzindəki neft quyularına, duz göllərinə, bağlara nəzarət edən,
bütün bunları Orta Asiya, İran, Türkiyə və Avropa bazarlarına çıxara bilən, zəngin
Bakı xanlarının adı keçən mənbələrdə sözdə təsvir edilən sarayın daxili görünüşü,
interyeri həqiqətdə necə olmuşdur?
Uzun illər
aparılan araşdırmalar nəticəsində Xan sarayının daxili interyerinə aid bir rəsm
əsərini Almaniyada, Berlin Avropa Mədəniyyəti Muzeyində aşkar etdik. Bu rəsm əsərinin
müəllifi olan alman rəssamı və etnoqrafı Avqust Vilhelm Kizevetter (1811-1865) iki
il Krımda yaşamış, müsəlmanlığı qəbul edərək Abdulla adını götürübmüş. Bu dövrdə
Kizevetter Krım-tatar xalqının gündəlik həyatını, həyat tərzini, adət-ənənələrini
öyrənərək və yerli memarlıq abidələri haqqında, həmçinin Baxçasaray, Xan sarayı
və yaşadığı kəndlər barədə maraqlı etnoqrafik məlumatlar toplayaraq qiymətli rəsm
əsərləri yaratmışdır. Xatirələrində yazdığına görə 1847-ci ildə Yaltadan Qafqazın
qərb hissəsinə köçərək burada gürcülərin yaşadığı "İmerelier” və "Mingrelier” yaşayış
yerlərini gəzir. 1847-ci ildə Tiflisdə rəsm əsərlərinin ilk sərgisini təşkil edir.
1848-ci ildə Kizevetter İrəvana dəvə karvanı ilə gəlir. Daha sonra o, Şamaxıya və
Bakı şəhərinə səyahətini davam etdirir, həmçinin Atəşgahda olur.
1848-1849-cu
illərdə Bakıda olmuş rəssam şəhərin ümumi panoramasını, etnoqrafik mənzərəsini,
Atəşgahı, habelə bazar, çayxana, cızbızxana və bir çox səhnələri əks etdirən əsərlər
çəkmişdir. Vilhelm Kizevetterın yağlı boya ilə çəkdiyi Bakı mənzərəsi və həmçinin
etnoqrafik zəmində işlədiyi digər rəsmləri hazırda həm Almaniyada Berlin Avropa
Mədəniyyəti Muzeyində, həm də bu ölkənin digər muzeylərində sərgilənir.
Onun yağlı
boya ilə karton üzərində çəkilmiş unikal əsərlərindən biri isə "Bakı qalasının sonuncu
hökmdarının sarayında güzgülü qonaq otağı” adlanır. Bu nadir rəsm əsəri Xan sarayının
bu günədək naməlum olan daxili interyeri haqqında ilk məlumatı verən çox qiymətli
tapıntıdır. Çünki bugünə kimi "güzgülü qonaq otağı” haqqında biz yalnız mənbələrdən,
hərbi yazıçı və səyyahların yazılarından, həmçinin xalq etimologiyasındakı rəvayətlərdən
başqa bir şey bilmirdik. Əsərdəki görüntülər yuxarıda adı çəkilən mənbələrdə sözlə
təsvir edilən məlumatlarla üst-üstə düşür. Rəsmdə güzgülü zalın interyeri - çox
güman ki, Bakı xanlarının nəslindən olan xan və xanzadələrin portretləri olan məşhur
divar rəsmləri, qızılla işləmələr, yer döşənəcəkləri, xalçalar, eləcə də memarlıq
detallarının aydın təsviri verilmişdir. Rəssam bu əsərdə otağın gözəlliyini və tavanının
da bəzək ornamentlərini vurğulaya bilmişdir. Bu otaq, Orta əsr Azərbaycan saraylarına
xas olan böyük otaqların ən yuxarı hissəsini rəngli şüşəli şəbəkələrlə bəzəyən,
"Şahnişin” adlanan tağlı artırma ilə tamamlanır. Şahnişində hər iki kənar hissədə,
yenə də xalılarla döşənmiş hündür kürsülər, mərkəzdə isə fəvvarə aydın görünməkdədir.
Rəsm əsəri o qədər ustalıq və dəqiqliklə, yüksək zövq və rəng çalarlarının zənginliyi
ilə seçilir ki, səviyyəli foto çəkilişindən geri qalmır.
Şahnişin,
əslində, sarayda küçənin və ya həyətin yan tərəfinə baxan otağın ikinci və ya daha
yüksək mərtəbəsindəki şahlara və ya xanlara layiq çıxıntılı, balkon tipli bir yerdir.
Şirvanşahlar Saray Kompleksindəki saray binasında "şahnişin” öz əzəmətli və möhtəşəm
memarlıq üslubu və gözəlliyi ilə insanı valeh edir.
XVIII əsrdə
Azərbaycan ərazisində yaranmış bütün xanlıqlarda hər bir xanın özünəməxsus saray
tikilisi və saray interyeri olmuşdur. Onları birləşdirən həm ümumi, həm də fərqli
cəhətlər vardır. İrəvan, Şəki, Gəncə xan saraylarının divar və tavanlarına yağlı
boya ilə qızıla tutulmuş təbiət təsvirləri, döyüş səhnələri və portretlər çəkilmiş,
stalaktitlər, buxarı və taxçalar güzgülərlə işlənmişdir.
Xan saraylarının
ən böyük zallarında o dövrə xas olan fəvvarələrin olması da mütləq idi. Şamaxı xan
sarayı da Şəki xan sarayı kimi zəngin divar rəsmləri ilə bəzədilmişdi. Məsələn,
rəssam Q.Qaqarinin XIX əsrin sonlarında Şamaxıdakı bir evdə çəkdiyi "Şamaxı rəqqasələri”
rəsmində otağın neçə gözəl bəzədildiyinin şahidi oluruq. XIX əsrdə Şamaxıda baş
vermiş güclü zəlzələlər vaxtı Xan sarayı ciddi zərər görmüş, 1918-ci ildə isə ermənilərin
törətdikləri soyqırımı günlərində həm talan edilmiş, həm də dağıdılmışdı.
Onu da qeyd
etmək yerinə düşərdi ki, bir neçə il bundan əvvəl AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidi
Fransanın Anadolu Araşdırmaları Mərkəzi ilə G.Sereteli adına Gürcüstan Dövlət Şərqşünaslıq
İnstitutunun birgə təşkil etdiyi "Geriyə və gələcəyə baxış: İranın Qafqazda təsirinə
dair” mövzusunda beynəlxalq elmi konfransda məhz həmkarları ilə söhbət edən zaman
eksponatların izini tapıb. Bəlli olub ki, İrəvan qalası dağıdıldıqdan sonra bütün
tarixi nümunələr Gürcüstana aparılıb.
Tarixçilərlə
bərabər zirzəmiyə baxış keçirən Solmaz xanım bu unikal nümunələri aşkar edib. Artıq
Azərbaycan tərəfi Sərdar sarayının eksponatlarının izinə düşüb. O eksponatların
xeyli hissəsi Heydər Əliyev Mərkəzində açılan
"Tarixin şah əsərləri” adlı sərgidə nümayiş olunur. Bu eksponatların Azərbaycana
gətirilərək bərpa edilməsində və sərgilənməsində Heydər Əliyev Fondunun və Prezident
Administrasiyasının böyük rolu olub.
Xan sarayları
ümumi quruluşuna, xarici fasad interyerlərinə görə fərqlənsələr də, eyni struktura
və memarlıq üslubuna malikdirlər. Maraqlıdır ki, digər sarayların xarici interyeri
də daxili qədər zəngin olduğu halda, Bakı xan sarayının xarici fasad quruluşu çox
sadədir. Lakin Bakı xan sarayı böyük bir kompleksə malikdir, yəni bir neçə bina,
məscid, hamam, ovdan, təsərrüfat həyəti, mətbəx, su təchizatı sistemi, hovuzlu bağ-bağçalı
həyət və s. Bakı xan sarayı bəzi memarlıq detallarından başqa, demək olar ki, hər
cür bər-bəzək elementlərindən məhrumdur. Sadə, lakin sərt və əzəmətli xarici memarlıq
quruluşu Bakı memarlığı üçün xarakterik idi. Məsələn, Şirvanşahlar sarayının daxili
interyeri də vaxtilə zəngin kaşılarla bəzədilmiş olsa da, xaricdən bir o qədər əzəmətli
görünsə də, lakin sadədir.
Bu gün olduğu
kimi qorunub saxlanılmış xan sarayı Şəki xan sarayıdır. İrəvan xan sarayının divarlarını
bəzəmiş yüzlərlə əşya, divar rəsmləri, tablo və pannolar hazırda Gürcüstan Milli
Muzeyinin arxivində saxlanılır. Çox güman ki, Bakı, Şamaxı, Gəncə və digər xanlıqların
sarayları da Şəki və İrəvan xan sarayları kimi zəngin interyerə malik olmuşdur və
onlara aid əşyalar, gözəl sənət nümunələri dünya muzeylərində, şəxsi kolleksiyalardadır.
Məhz tədqiqatçı alimlərin, eləcə də mütəxəssis və araşdırmaçıların üzərinə bu yolda
böyük vəzifə düşür. Milli-mədəni, həmçinin maddi-mənəvi irsimizin tarix səhnəsindən
yox olmuş unikal nümunələrinin axtarılıb tapılması, aşkara çıxarılıb tədqiq edilərək
öyrənilməsi günümüzün vacib məsələlərindən biridir.
Göründüyü
kimi, alman rəssamı A.V.Kizevetterin aşkar edilmiş tək bir rəsm əsəri Bakı xan sarayı
iqamətgahının daxili interyerinə işıq salır, XVIII əsrin II yarısında Bakı şəhəri
hakimlərinin yaşayışı, məişəti, zövqləri və s. haqqında məlumat verir. Rəssamın
Bakıda olarkən çəkdiyi digər rəsm əsərləri də həm etnoqrafik baxımdan, həm də şəhərin
ümumi görüntüsünün, memarlığının öyrənilməsi sarıdan böyük əhəmiyyətə malikdir.
Beləliklə, tarixi və ədəbi irsimizin araşdırılıb
üzə çıxarılması bir çox məsələlərə aydınlıq gətirir, tariximizdəki boşluqları doldurmağa
yardım edir. Ümidvarıq ki, diqqət tələb edən tarixi və ədəbi araşdırmalar həm Şirvanşahların
orta əsrlərdə qarət edilib aparılmış varidatının, həm də Bakı və Şamaxı xanlarının
sarayının itmiş maddi-mədəni irsinin gələcəkdə üzə çıxarılmasında öz töhfəsini verəcəkdir.
Səadət ƏLƏKBƏROVA,
"İçərişəhər” Muzey Mərkəzinin elmi katibi,
Əməkdar mədəniyyət işçisi