Paytaxtımızda keçirilən konfrans neokolonializmə qarşı mübarizəyə növbəti töhfə verdi
2023-cü ildə yaradılmış Bakı Təşəbbüs Qrupunun (BTQ) məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan xalqların müstəmləkəçiliyə qarşı apardıqları mübarizəyə dəstək verməkdir. Qarşısına qoyduğu məqsədə çatmaq üçün BTQ indiyə qədər dünyanın ayrı-ayrı ölkələrində müxtəlif mövzularla beynəlxalq konfranslar keçirmiş və geniş maarifləndirmə işləri aparmışdır.
Həmin tədbirlərdə insanları istismar altında saxlayan, azadlıq və hüquqlarını əlindən alan müstəmləkəçiliyin aradan qaldırılmasının yollarının müəyyən edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Növbəti belə tədbir BTQ-nin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirildi. "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi konfransda BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan ekspertlər və ixtisaslaşmış alimlər iştirak etmişlər. Böyük maraqla izlənən konfransın başlıca məqsəd və amalı müstəmləkəçilik ideologiyasının elmi əsaslarla təhlili, tarixi və çağdaş reallıqların araşdırılması və qlobal səviyyədə dekolonizasiya istiqamətində səmərəli əməkdaşlığın növbəti dəfə təşviq edilməsi idi.
BTQ-nin icraçı direktoru Abbas Abbasov konfransda çıxışı zamanı kolonializmin bütün müasir təzahürlərinin beynəlxalq hüquqi mexanizmlər, ictimaiyyətin məlumatlılığının artırılması və çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməli olduğunu vurğulayıb. Daha sonra bildirib ki, kolonializmin davam etməsi BMT Nizamnaməsinə, Dünya İnsan Hüquqları Bəyannaməsinə və BMT Baş Assambleyasının digər çoxsaylı qətnamələrinə ziddir. İcraçı direktor çıxışı zamanı onu da bildirib ki, Bakı Təşəbbüs Qrupu tərəfindən dekolonizasiya səylərinə dəstək göstərmək məqsədilə son iki ildə Qvadelup, Mayot, Kanaki (Yeni Kaledoniya), Fransız Qvianası, Reyunyon, Korsika, Martinik, Mao hi Nui (Fransız Polineziyası) və müstəmləkəçilikdən əziyyət çəkən digər ərazilərə həsr edilmiş konfranslar təşkil olunub.
Böyük maraq kəsb edən konfransda "Müstəmləkəçiliyin ideoloji əsasları", "Müqavimət və dekolonizasiya" mövzusunda panel iclaslarında BMT-nin Afrikaəsilli Xalqların Daimi Forumunun üzvü (Sent-Lüsiya) xanım June Christine Marie Soomer, ABŞ-ni təmsil edən idarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin, PFPAD üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez, Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri professor Chakib Benhafri, Cənub Sakit Okeanı Universitetində baş müəllim Lorenz Rudolf Gonschor, Əlcəzairdən olan elmi tədqiqatçı Hichem Daoud və ADA Universitetinin dosenti Murat Özkale çıxış ediblər. Çıxış edənlər xüsusi olaraq vurğulayıblar ki, müstəmləkəçilik təkcə siyasi və iqtisadi təzyiq vasitəsi deyil, həm də ideoloji əsaslarla bəraət qazandırılmış və uzun müddət davam etdirilməsi üçün nəzərdə tutulmuş idarəetmə sistemidir.
Zaman-zaman mövcud olmuş imperiyalar müxtəlif adlar altında müstəmləkəçilik siyasəti yürütmüş, işğal etdikləri ərazilərdəki insanları istismar etmiş, onların hüquq və azadlıqlarını əlindən almış, yerüstü və yeraltı sərvətlərini mənimsəmişlər. Çox qəribə görünsə də, bütün bu qeyri-bəşəri əməllərini sivilizasiyanın yayılması və modernləşmə kimi anlayışlarla ört-basdır etmişlər. Əslində isə bu "missiya" müstəmləkə siyasətinə bəraət qazandırmaq üçün düşünülüb hazırlanmışdı. Guya imperiyanın əsas məqsədi sivil inkişafdan geri qalmış xalqlara mədəniyyət öyrətmək, təhsil verməkdir.
Konfransda çıxış edənlər müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasətdən ətraflı söz açıblar. Onlar beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yollarını ətraflı müzakirə edib, konfransın mövzusu ətrafında fikir və mülahizələrini bildiriblər. Çıxış edənlər həmçinin BTQ-nin təşkilatçılığı ilə keçirilmiş "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda beynəlxalq elmi konfransın böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
BMT-nin Afrikaəsilli Xalqların Daimi Forumunun üzvü P.Martinesin konfransda səsləndirdiyi fikirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. O deyib ki, bu gün Bakı əvvəllər gözardı edilən xalqların problemlərinin səsləndirildiyi platformaya çevrilib: "Biz bu platformadan yararlanıb məqsədlərimizə nail olmalıyıq. Məqsəd isə müstəmləkədən xilas olub, müqəddəratımızı müstəqil şəkildə özümüzün müəyyən etməsidir. Belə bir şəraitdə müstəmləkə xalqlarının Şimali və Cənubi Amerikada qlobal irsin formalaşmasında iştirakını da xatırlatmaq istəyirəm. Bu məsələ unudulmamalıdır".
Ölkəmiz özündə bəşəri dəyərləri daşıyan belə bir mötəbər konfransa evsahibliyi etməklə neokolonializmə qarşı ümumi mübarizəyə böyük töhfələr verdi, BTQ-nin məqsəd və amalına daha da yaxınlaşdı. Bütün dünya mövzu ətrafında aparılan müzakirələr zamanı səsləndirilən dəyərli fikirləri eşitdi.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"