Paytaxtımız
daha 5 il planetin sürət paytaxtı olacaq
İdman ölkəsinə
çevrilən Azərbaycanda son illərdə onlarla dünya və Avropa miqyaslı yarış keçirilib.
Beynəlxalq idman federasiyalarının qərarları ilə ölkəmizdə təşkil olunan hər bir
turniri, idman müsabiqəsini layiqincə təşkil edən Azərbaycan hər dəfə tarixini möhtəşəm
nailiyyətlə zənginləşdirib.
Respublikamız
təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb. Həm də sübut olunub ki, iradə,
qətiyyət olan yerdə hər şey mümkündür.
"Formula-1”
yarışlarında yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan daha 3 il, yəni
2023-cü ilədək dünyanın ən güclü pilotlarını qarşılayacaq. Bakı builki yarış da
daxil olmaqla, daha 5 il planetin sürət paytaxtı olacaq.
Yarışların
Azərbaycan standartı
Ümumiyyətlə,
son dörd ilə nəzər yetirdikdə görürük ki, ən böyük idman hadisələrindən biri, sözsüz
ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi
idi. Ölkəmiz 2 ildən çox davam etdirilən yüksək səviyyəli hazırlıq işlərindən sonra
Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını
layiqincə təşkil etməklə tək özünün deyil, "köhnə qitə”nin idman tarixinə də möhürünü
vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm
idman yarışması keçirilməmişdi.
Nümunəvi təşkilatçılığı,
olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları
keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi.
21-i qızıl,
15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının
ikincisi oldu. Bir daha şahidi olduq ki, ölkəmizdə həyata keçirilən idman siyasəti
öz bəhrəsini verir.
Azərbaycan
2017-ci ildə də ənənəsinə sadiq qaldı. Mayın 12-22-də paytaxtımız müsəlman aləminin
idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan "Bakı-2017”
IV İslam Həmrəyliyi Oyunları çox böyük uğurla yekunlaşdı. 54 ölkədən 3000-dən çox
idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş,
37-si bürünc olmaqla 162 medal qazanaraq birinci yeri tutdular. İslam dünyasının
ən nüfuzlu idman yarışında iştirak edən atletlər, qonaqlar Azərbaycanla tanış oldular,
ölkəmizin uğurlu inkişaf modelini növbəti dəfə gördülər.
Planetin bir
nömrəli avtomobil yarışı
"Formula-1”
yarışları isə paytaxtımızda 2016-cı ildən keçirilməyə başlanılıb. Həmin ildə Avropa
Qran-pri yarışlarının Bakı mərhələsi adlandırılan yarış iyunun 17-19-da təşkil olunmuşdu. "Formula-1”in
Bakı mərhələsində tarixdə ilk dəfə 21 mərhələdən ibarət yeni mövsümdə 11 komanda
və 13 fərqli ölkədən dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparıblar.
Möhtəşəm yarışda dünya çempionu adını qazanmış 5 pilot iştirak etmişdi.
"Formula-1”
üzrə dünya çempionatı birnəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək
statusa malik bu yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlanır. İl
ərzində müxtəlif ölkələrdə "F1” üzrə mərhələ yarışları, başqa sözlə, qran-prilər
təşkil olunur. Dünyada geniş tamaşaçı auditoriyasına malik bu turnirlər izlənmə
sayına görə yalnız yay olimpiya oyunlarından və futbol üzrə dünya çempionatından
geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan "Formula-1” qran-priləri
ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanı əhatə edir. Yarışları
FİA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan
federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.
"Formula-1”
üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun
trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə
21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş
xəttinə birinci gələn "Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina "F1”
yarışının ilk qalibi kimi tarixə düşüb. Birincilik uğrunda mübarizədə onun əsas
rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio
bu məğlubiyyətin əvəzini yetərincə çıxıb. Belə ki, o, karyerası ərzində 5 dəfə
(1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla
rəqiblərinə aman verməyib.
68 ölkədən
tamaşaçı yarışı tribunalardan izləyib
2017-ci ilin
ən yaddaqalan idman turnirlərindən biri də iyunun 23-25-də Bakıda dünyanın ən nüfuzlu
avtomobil yarışlarından olan "Formula-1” Azərbaycan Qran-prisinin keçirilməsi idi. Prezident İlham Əliyevin yüksək dəstəyi ilə ikinci
dəfə baş tutan dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisində
ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik
mərhələnin qalibi uğrunda yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük
marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı bu yarışı izlədi. 57 ölkədən çoxlu
sayda azarkeş paytaxtımızda tribunalardan canlı olaraq yarışa baxdı.
Ötən il aprelin
27-29-da Bakı planetin bir nömrəli avtomobil yarışına sayca 3-cü dəfə evsahibliyi
etdi. Bu dəfə Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində
yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu.
500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 68 ölkədən çoxlu sayda azarkeş
paytaxtımızda tribunalardan izlədi.
Bakıdakı yenilik
marağı bir qədər də artırıb
"Formula-1”
yarışlarının cari mövsümdə 4-cü mərhələsinə evsahibliyi edəcək Azərbaycan 3 il öncə
dünya çempionatının Bakı mərhələsində yenilik tətbiq etmişdi.
Bu, sıralama
turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və
15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot
mübarizədən kənarlaşdırılırdı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə
görə yarışa start verirdi.
Yeni qaydalarda
isə seansın sonunda yox, hər 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması
nəzərdə tutulub. "Formula-1” mütəxəssislərinin rəyinə görə, bu yenilik həyəcanı
bir qədər də artırıb.
Elçin CƏFƏROV,
"Azərbaycan”