Problemli
kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar aprelin 22-dən etibarən
"Azərpoçt”un respublika üzrə bütün şöbələrinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini və
onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala biləcəklər.
Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 1-dən
etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış
poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra
biləcəklər.
Qeyd edək
ki, yalnız Bank Olmayan Kredit Təşkilatları (BOKT) və bağlanan bankların problemli
kredit sahibləri "Azərpoçt” MMC-yə müraciət etməlidirlər.
Maliyyə Bazarlarına
Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt” MMC-nin icra
edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunacaq. 44 min 158
nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt”un kartları vasitəsilə,
76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər.
Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar
"Azərpoçt” MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən
ötürülüb.
Bütün məlumatlar
palatanın hazırladığı http://http://www.pk.fimsa.az portalında yerləşdirilib. Bağlanan
banklar və BOKT-ların problemli kredit sahibləri isə məlumatları, eyni zamanda,
"Azərpoçt” MMC-nin rəsmi internet səhifəsində "Problemli kreditinizə düşən kompensasiya
haqqında məlumat” bölməsindən də ala bilərlər.
Bu layihədə
BOKT-ların, eləcə də ləğv prosesində olan bankların müştərisi olan fiziki şəxslərə
500 manatadək məbləğdə kompensasiyaların verilməsi "Azərpoçt” MMC-nin pulköçürmələri
xidməti vasitəsilə ödəniləcək. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin
eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki
məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.
Eyni zamanda,
PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və
şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Plastik kartlar vasitəsilə
ödənişlər vətəndaşların qeydiyyat ünvanları üzrə poçt şöbələrinə plastik kartların
sahiblərinə göndərilməsi ilə baş tutacaq. Vətəndaş "Azərpoçt” MMC-nin rəsmi saytı
vasitəsilə məlumatları qeyd edərkən həmin şöbə göstərilir və vətəndaş orada göstərilən
poçt şöbəsinə yaxınlaşıb zəruri sənədlərə imza atır.
Bu əməliyyatlar
yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Müştərilər
nəinki "Azərpoçt”un bankomatlarında və POS-terminallarla təchiz olunan şöbələrində
plastik kart vasitəsilə, eyni zamanda, "Millikart” MMC tərəfindən şəbəkəyə daxil
olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan nağdlaşdırma əməliyyatı həyata keçirə
biləcəklər. "Millikart” MMC-nin şəbəkəsinə daxil olan ATM-lər ASB ("Azərbaycan Sənaye
Bankı”), "AccessBank”, "Bank Melli İran”, "Bank of Baku”, "ExpressBank”, "Gunay
Bank”, "NaxçıvanBank”, "Unibank”a məxsusdur.
Problemli
kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə,
eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız qanunvericiliklə nəzərdə
tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək.
Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin
həll olunması "Azərpoçt”un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə
qaytarılması işində "Azərpoçt” MMC, sadəcə, icraçı tərəf kimi çıxış edir.
Qeyd edək
ki, "Azərpoçt” MMC tərəfindən problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən
xidmətlər pulsuz həyata keçiriləcək.