Bunu dünya liderlərinin dövlətimizin başçısı haqqında söylədikləri fikirlərin ümumi ifadəsi kimi qəbul etmək olar
Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə uğurla müdafiə edərək onu sayılıb-seçilən qüdrətli ölkəyə çevirib. Bu gün Azərbaycan qlobal siyasi və iqtisadi proseslərin fəal iştirakçısıdır.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, böyük gələcəyə hesablanmış nəhəng layihələr dövlətimizin başçısının təşəbbüskarlığı, səyi və dünyada qazandığı nüfuz sayəsində sayca artıb, onların coğrafiyası genişlənib, əhəmiyyəti və təkcə ölkəmizə deyil, bütün regiona gətirdiyi faydalar artıb. 2020-ci ilin sonunda tam istismara verilən "Cənub qaz dəhlizi" Avropanın enerji xəritəsini yenidən formalaşdırıb. İndi Azərbaycan dünyanın 14 ölkəsinə qaz ixrac edir. Ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş imicini qazanıb.
Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş Azərbaycan bu gün regionu sülh və əməkdaşlıq məkanına çevirir. Bütün bu və digər uğurlarımızın memarı Prezident İlham Əliyevdir.
Azərbaycan Prezidentinin dünya liderləri ilə formalaşmış qarşılıqlı etimada əsaslanan münasibətləri də var. Onlarca uzaq və yaxın ölkə rəhbərləri dövlətimizin başçısı haqqında layiq olduğu ən yüksək fikirlər söyləyiblər. Onlardan yalnız bir neçəsini xatırlatmaq kifayətdir.
"Bizim ailəmiz türk dünyasıdır" deyir Prezidentimiz. Odur ki, ilk olaraq qardaşımız Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərini çatdıraq: "İlham qardaşımın Baş komandanlığı və rəhbərliyi altında Azərbaycan 30 ilə yaxın davam edən işğalı 44 gündə sona çatdıraraq, haqlı mübarizəsində tarixi bir zəfər qazandı. Vətən müharibəsi dövründə müxtəlif təxribatlara rəğmən, İlham qardaşım qətiyyətli liderlik sərgiləyərək, zəfərin baş memarı olub. Bir milyon qaçqın qardaşımızın evə qayıdış yollarını açdı, bu qüruru və sevinci Türkiyə və Azərbaycanda bizim hamımıza yaşatdı...
Ümummilli Lider Heydər Əliyev dövründə başlayan və İlham qardaşımın dövründə davam edən inkişafla Azərbaycan bir cəlbedici mərkəzə çevrildi. Paytaxt Bakı Xəzərin parlayan ulduzuna çevrildi.
İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etməsində böyük səylər göstərib. Ölkələrimiz arasındakı qardaşlığın zirvədə olmasında İlham qardaşımın səmimiyyətinin payı böyükdür. Ümummilli Liderin bizlərə miras qoyduğu "bir millət, iki dövlət" şüarını İlham qardaşımla birlikdə daha irəlilərə aparmaqda qərarlıyıq".
Son illər Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın hərtərəfli inkişafında da dövlətimizin başçısının rolu böyükdür. Ali səviyyədə qarşılıqlı səfərlər, start verilən qlobal layihələr dost və qardaş ölkələri bir-birinə daha yaxın edir. Qarşı tərəflər də bütün bunları layiqincə dəyərləndirir. Məsələn, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev deyir: "İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahədə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir".
Nailiyyətlərimizə sevinənlər sırasında dost və qardaş Özbəkistan da var. Özbəkistan lideri Şavkat Mirziyoyev öz xalqı və ölkəsi adından bunu belə ifadə edib: "Azərbaycan inkişaf edir, böyük dəyişikliklər müşahidə edirəm. İqtisadiyyat artır, investisiyalar artır və bütün bunlar Azərbaycan Prezidenti, dostum və qardaşım İlham Heydər oğlunun gündəlik, yorulmaz əməyinin bəhrəsidir. Azərbaycanda həyata keçirilən bir çox işləri öyrənir, təhlil edir və bu təcrübəni mənimsəyirik. İlham Heydər oğlu bizə başqa cür yanaşır və biz bunları qiymətləndiririk. Özbəkistan və Özbəkistan Prezidenti də eyni münasibət bəsləyir".
Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə dostluğa əsaslanan münasibətləri ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin formalaşmasında müstəsna rol oynayıb. Bu əməkdaşlıq ölkəmizin yerləşdiyi region üçün də yeni fürsətlər yaradır. Təsadüfi deyil ki, Si Cinpin dövlətimizin başçısına "əziz dostum" deyə müraciət edir. Bu günlərdə Prezidentimizi doğum günü münasibətilə ilk təbrik edənlərdən biri də məhz Asiya nəhənginin sədri olub. Təbrikdə deyilir: "Məqsədyönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır. Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük, əldə etdiyimiz mühüm razılaşmalar səmərəli və hərtərəfli şəkildə həyata keçirilir.
Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Hər iki ölkənin xalqlarının rifahı naminə hərtərəfli əməkdaşlıqda yeni nəticələr əldə etmək üçün Sizinlə birlikdə çalışmağa hazıram".
ABŞ-nin Prezidenti Donald Tramp demişdi ki, İlham Əliyev haqqında çox xoş sözlər eşidib. Bu il avqust ayında ABŞ-yə işgüzar səfəri zamanı isə dövlətmizin başçısını daha yaxından tanıyıb. Azərbaycan və ABŞ prezidentlərinin səmimi dialoqları, dostluq ab-havasında keçirilən görüşləri, tarixi sənədlərin imzalanması dünyanın lider ölkəsinin Azərbaycana, onun Prezidentinə olan hörmətinin əyani təzahürüdür.
Prezident İlham Əliyevin ABŞ-yə sentyabr ayındakı növbəti səfəri zamanı Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar tədbirdə Ağ evin sahibi üzünü Prezidentimizə tutaraq deyib: "Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız".
Şərhə ehtiyacı olmayan sözlərdir.
Ölkəmizə rəğbəti, Prezidentimizə ehtiramı olan dövlət başçılarından biri də Belarusun rəhbəri Aleksandr Lukaşenkodur. Onun bir cümləsi sanki Prezident İlham Əliyevin geniş fəaliyyətinə bir möhür vurub: "İlham Əliyev o qədər çox iş görüb ki, hansısa prezident bunu təkrarlaya bilməz"
Lukaşenko həmçinin deyib: "Heydər Əliyev çox uzaqgörən insan idi. İlham Əliyev atasının işlərinin layiqli davamçısıdır".
"Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımızdır. O, hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil".
Bu sözlər isə Serbiya Prezidenti Aleksandar Vuçiçə məxsusdur. O deyib ki, Azərbaycan Prezidenti Serbiyada təkcə tanınmış lider deyil, həm də Serbiya xalqının sevdiyi şəxsdir.
Qeyd edək ki, Serbiya Azərbaycandan qaz alan 10 Avropa ölkəsindən biridir. Bu ölkə də Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. Odur ki, Vuçiç bunu müxtəlif çıxışlarında belə ifadə edib: "Azərbaycan Prezidenti, böyük dostumuz İlham Əliyev qərar verdi, Serbiyaya hər zaman qaz nəql olunacaq. Bu, ölkəmiz və xalqımız üçün böyük və mühüm qərardır. Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm".
"Mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik", - deyə Serbiya Prezidenti bildirib.
Vurğulayaq ki, bunlar dövlətimizin başçısı haqqında səsləndirilən fikirlərdən yalnız bir neçəsidir. Yüksək dəyər ifadə edən belə çoxsaylı fikirləri eşitdikcə qürur duymamaq mümkün deyil. Xalqın təbirincə desək, insanın ürəyi dağa dönür - Vətəni, dövləti, Prezidenti üçün!
Flora SADIQLI,
"Azərbaycan"