Prezident İlham ƏLİYEV: "Neft Azərbaycana rifah, inkişaf, sabitlik, güc gətirir"
20 Sentyabr günü xalqımız və dövlətimiz üçün bir neçə səbəbdən əlamətdar və dəyərlidir. Azərbaycan neftçiləri həmin gün öz peşə bayramlarını qeyd edirlər. Bu barədə 2001-ci il avqustun 16-da Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək qərar vermişdir.
"Neftçilər günü"nün məhz sentyabrın 20-sində qeyd edilməsi təsadüfi deyil. Çünki 1994-cü ilin həmin günü Azərbaycanın yeni neft strategiyasına start verən, ölkəmizi tənəzzüldən inkişaf yoluna çıxaran "Əsrin müqaviləsi" imzalanmışdır. "Əsrin müqaviləsi"nin 20 illiyinin qeyd edildiyi 2014-cü ilin 20 sentyabr günü tariximizi daha bir mühüm səhifə ilə zənginləşdirmişdir. Bu dəfə Prezident İlham Əliyevin meqalayihəsinin, Avropanın enerji xəritəsini dəyişdirən "Cənub qaz dəhlizi"nin təməli qoyulmuşdur.
Azərbaycanın adı dünya tarixinə neftin vətəni kimi həkk olunub. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurub və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə düşüb. Zəngin neft-qaz sərvətlərinə malik olduğuna görə ölkəmizi "Odlar diyarı" adlandırıblar.
Əlbəttə, o zamanlar belə böyük bir sərvət xaricin iri kapitalistlərinin diqqətini çəkməyə bilməzdi. Odur ki, həmin dövrlərdə neft maqnatları Azərbaycana axışıblar. Nobellər, Mantaşevlər, Rotşildlər torpağımızın "qara qızıl"ını qan kimi sorub aparmaq üçün özlərini oda-közə vurublar.
Azərbaycan neftinin böyük bir hissəsi də Xəzərin dərinliklərində "uyuyurdu". Xoşbəxtlikdən dənizin "qara qızıl" sərvətini üzə çıxarmaq keçən əsrin ortalarında Azərbaycan neftçilərinin özünə qismət oldu. 1949-cu ildə "Neft Daşları"nda ilk quyu fontan vurdu. Başqa sözlə, dünyada dəniz neftinin erası da Azərbaycandan, Xəzərdən başlandı.
Sovet dönəmində Azərbaycanda həm qurudakı, həm də dənizdəki yataqlardan böyük həcmdə neft çıxarılırdı. Lakin keçmiş SSRİ-nin planlı təsərrüfatı təbiətin bəxş etdiyi bu zənginlikdən xalqımızın lazımınca bəhrələnməsinə imkan vermirdi.
Müstəqilliyin ilk illəri isə Azərbaycan üçün çətin keçdi. Ölkəni idarə edənlərin məsuliyyətsizliyi və səriştəsizliyi ucbatından neft-qaz sənayesi də tənəzzülə uğradı. Dönüş isə yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra baş verdi. 1994-cü ildə dünyanın ən tanınmış neft şirkətləri ilə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının birgə işlənməsi üçün saziş imzalandı. Azərbaycan iqtisadiyyatının "qəddini düzəldən", ölkənin gələcək inkişafına təkan verən bu möhtəşəm kontrakt "Əsrin müqaviləsi" adını aldı. "Əsrin müqaviləsi" ölkəmizin yeni neft-qaz strategiyasının əsasını qoydu və təsdiqlədi ki, müstəqil Azərbaycanın xalqı suveren hüquqlara malikdir və öz sərvətinin sahibidir.
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə gerçəkləşdi. "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Buna görə də AÇG-nin işlənməsi, əslində, əsrlərə hesablanmış bir layihədir. Onun reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.
Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.
Prezident İlham Əliyevin dediyi kimi: "Əsrin kontraktı"nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz "qara qızıl"ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".
"Əsrin müqaviləsi" çərçivəsində artıq 26 ildir neft hasil olunur. Bu gün AÇG müqavilə sahəsində 8 platforma fəaliyyət göstərir. Cari ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Bu yataqlar blokundan ümumi hasilat 68 milyon barel, yəni 9 milyon ton olub.
AÇG-dən neftlə bərabər, səmt qazı da hasil edilir ki, onun da bir hissəsi təzyiqi saxlamaq üçün yenidən laylara vurulur. Mavi yanacağın böyük hissəsi isə təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir, yəni Səngəçaldan SOCAR-ın "Azəriqaz" sisteminə ötürülür.
Azərbaycanın yeni neft strategiyası düzgün və böyük uzaqgörənliklə müəyyən olunmuş bir xətt olduğu üçün getdikcə inkişaf edir, yeni bəhrələr verir. 2017-ci il sentyabrın 14-də AÇG üzrə yeni müqavilənin imzalanması bunu bir daha təsdiq etdi. Əvvəlki tərəfdaşlarla razılaşdırılmış şərtlər əsasında layihənin müddəti əsrin ortasınadək uzadıldı. Beləliklə, sözügedən dövr ərzində AÇG blokunun Azərbaycana gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri
29 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.
Prezident İlham Əliyev Azərbaycanın bu və digər layihələrdə yaratdığı əməkdaşlıq və tərəfdaşlıq platformasının əhəmiyyətini dəfələrlə vurğulamışdır. Dövlət başçısı çıxışlarının birində bu barədə belə demişdir: "Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə bp şirkətini qeyd etmək istərdim. Çünki bp şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur...Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var".
"Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü ildən bəri Azərbaycanda həmçinin ən müasir və zəngin neft-qaz infrastrukturu yaradılıb. Çoxsaylı tikinti-quraşdırma sahələri, terminal və ixrac kəmərləri, digər obyektlər "Əsrin müqaviləsi"nin və ondan sonrakı sazişlərin reallığa çevrilməsində mühüm rol oynayıb. Bu infrastruktur hələ uzun illər Azərbaycana xidmət edəcək. Mövcud layihələr bitəndən sonra isə həmin obyektlərin hamısı mülkiyyət kimi dövlətimizə, sərvət kimi xalqımıza qalacaq.
"Əsrin müqaviləsi" böyük sabaha hesablanmış bir saziş olduğunu təsdiqləyərək yeni qlobal layihələrə yol açdı. 9 il əvvəl - 2014-cü il sentyabrın 20-də Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin təməlinin qoyulması bu həqiqətin daha bir sübutu oldu.
"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacaqdır. "Şahdəniz"dən 17 ildən çoxdur qaz hasil edilir. Bu yataq Azərbaycanı dünyada qaz ixrac edən ölkə kimi tanıtdı. Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin ortalarında istifadəyə veriləndən bəri "Şahdəniz-1" qazını Gürcüstana çatdırır. 2007-ci ilin iyul ayından isə bu kəmərlə mavi yanacaq həm də Türkiyəyə nəql olunur. Belə ki, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya əlavə kəmər birləşdirilir və o, Azərbaycan qazını Ərzurumadək aparır. İndi artıq fəaliyyətdə olan "Cənub qaz dəhlizi"nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz Bakı-Tbilisi-Ərzurum kəməridir. Beləliklə, bu dəhliz möhkəm təmələ əsaslanır və onun birinci hissəsi, əslində, 2007-ci ildə istifadəyə verilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Başqa sözlə, Azərbaycan hələ 100 il bundan sonra özünü və bir sıra digər ölkələri qazla təmin etmək imkanına malikdir.
Genişləndirilmiş CQBK "Cənub qaz dəhlizi"nin birinci hissəsidir. Dəhlizin ikinci kəməri TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də istifadəyə verilib. Sonuncu seqment - TAP (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci il dekabrın 31-də istismara daxil olub.
Beləliklə, 3500 kilometrlik "Cənub qaz dəhlizi" üç boru kəmərindən ibarət inteqrasiya edilmiş ixrac xətləri sistemidir. Bu dəhliz Azərbaycandan və Gürcüstandan keçən genişləndirilmiş CQBK, Türkiyənin ərazisi boyu 1850 kilometr yol qət edən TANAP və sonuncu seqment olan TAP-ın birləşməsindən yaranıb.
Zaman "Cənub qaz dəhlizi"nin də nə qədər dəyərli bir layihə olduğunu sübuta yetirdi. Xüsusilə son dövrlər Azərbaycanın Avropaya nəql etdiyi qaza tələbatın artmasından tez-tez söhbət gedir. Bu məsələ Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunda da öz əksini tapıb, həmçinin Prezident İlham Əliyevin bir sıra beynəlxalq forumlarda çıxışlarında və xarici KİV-ə verdiyi müsahibələrində başlıca mövzulardan olub. Builki çıxışlarının birində dövlət başçısı demişdir: "2021-ci ildə biz Avropaya
8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq. Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki "Cənub qaz dəhlizi" Albaniyanın ərazisindən keçir. Eyni zamanda Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq".
"Cənub qaz dəhlizi" Azərbaycanın təşəbbüsü və liderliyi ilə, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində gerçəkləşən layihədir. Təsadüfi deyil ki, 2015-ci ildən başlayaraq ölkəmiz "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantılarının hamısına (2021-ci ildə koronavirus səbəbindən onlayn keçirilən müşavirədən başqa) evsahibliyi edib. Bu toplantılar layihənin irəliləməsində mühüm rol oynayıb, burada görülmüş işlər barədə geniş söhbət açılıb, qarşıda duran vəzifələr müzakirə edilib, layihə ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev artan ehtiyacı təmin etmək üçün sıx əməkdaşlığın və əlaqələndirmənin lazım olduğunu dəfələrlə vurğulayıb. Tərəfdaşlarının etibar və inamını qazanmış ölkəmizin onların ehtiyaclarını qarşılamaq üçün əlindən gələni əsirgəməyəcəyi bildirilib.
Azərbaycan neftinin Bibiheybətdən, Balaxanıdan, Ramanadan, Pirallahıdan başlanan salnaməsi illər keçdikcə yeni səhifələrlə zənginləşib. Azərbaycan neftçisi isə "Azəri-Çıraq-Günəşli" platformalarına qədər uzun və şərəfli yol keçib. Bu gün təbiət ona daha bir şans verib, ehtiyatları onilliklərə hesablanmış təbii qaz da hasil edir. "Şahdəniz" bütün dünyaya səs salıb. Sırada isə növbəti karbohidrogen yataqlarının kəşfi və işlənməsi dayanır.
Bununla yanaşı, dövlətimiz köhnə sahələrdə də hasilatın sabit saxlanılmasını, onilliklərdir istismar edilən yataqların imkanlarından səmərəli istifadə olunmasını qarşıya məqsəd qoyub. Neftçilərimiz bu vəzifənin də öhdəsindən layiqincə gəlirlər.
Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. Bu gün onların - qurudakı mədənlərdə, dənizdəki estakada və meydançalarda, özül və platformalarda çalışan fədakar insanların bayramıdır.
Prezident İlham Əliyev neftin və qazın ölkə iqtisadiyyatının əsas potensialı olduğunu vurğulayır. Azərbaycan neftçisi də bu potensialı üzə çıxararaq gücümüzü, sərvətimizi artırır. Dövlət başçısı bu çətin və şərəfli peşə sahiblərinin əməyini həmişə yüksək qiymətləndirir: "Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər".
Flora SADIQLI,
"Azərbaycan"