18 İyun 2026 08:55
191
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "yaşıl" hədəfi

Azərbaycanın "yaşıl" hədəfi


Bu sahədə görülən işlərin dinamikası tezliklə ona çatacağımızı göstərir


Ölkəmizin "yaşıl enerji" mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavat təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident 

İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Çünki bu regionlar da bərpaolunan enerji mənbələri ilə zəngindir. Qarabağ və Şərqi Zəngəzurda həmin resursların texniki potensialı 10 qiqavat, Naxçıvanda isə 5 qiqavat həcmində qiymətləndirilir. Təbiətin yurdumuza  günəş işığından verdiyi bol payı indi  insan zəkası elektrik enerjisinə çevirir. Xəzər dənizinin külək enerjisi işığımızı daha da artırır. Dağlıq bölgələrimizin küləyi də elektrik enerjisi mənbəyidir. Azərbaycan bu enerji mənbələrinə xüsusi önəm verir və həmin istiqamətdə genişmiqyaslı işlər aparır. Bu isə deməyə əsas verir ki, ölkəmizin gələcək inkişaf modelində bərpaolunan enerji mənbələrinin rolu böyük olacaq. Ona görə də indi əsas məqsəd həmin təbii imkanlarımızdan maksimum istifadə etməkdir.

Məlum olduğu kimi, 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması nəzərdə tutulmuşdu. Lakin hazırkı inkişaf dinamikası göstərir ki, bu rəqəm 34-38 faizə qədər yüksələ bilər. Bu barədə  SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) vitse-prezidenti Əfqan İsayev İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən "Azərbaycanın "yaşıl keçid"inin sürətləndirilməsi: Bərpaolunan enerji investisiya üçün cəlbedici imkan kimi" adlı sessiyada çıxış edərkən bildirib.

Qeyd edildiyi kimi, sözügedən istiqamətdə aparılan işlər və qazanılan uğurlar belə proqnoz səsləndirməyə əsas verir. Həmin işlərə bir daha nəzər salaq.     

2023-cü il oktyabrın 26-da Bakıda 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salınıb. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Birləşmiş Ərəb Əmirliklərinin "Qaradağ"ı tikən "Masdar" şirkəti ilə sıx əməkdaşlıq əlaqələrimiz yaranıb. Hazırda bir sıra yeni layihələr də gerçəkləşməkdədir. Məsələn, 2024-cü il iyunun 4-də "Bakı Enerji Həftəsi" çərçivəsində Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və "Abşeron-Qaradağ" Külək-Elektrik Stansiyasının təməlini qoymuşlar. İndi bu layihələr öz icrasının müxtəlif mərhələlərindədir.

Bu il yanvarın 8-də isə Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi.

Bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon  dollar xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin "Power China Group"un törəmə şirkəti olan "Power China Huadong Engineering Co., Ltd."dir.

Beləliklə, artıq Çin şirkətləri də Azərbaycanın  bərpaolunan enerji layihələrinə qoşulublar. Prezident İlham Əliyevin keçən  ilin aprel ayında Çin Xalq Respublikasına  dövlət səfəri çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən çoxsaylı sənədlər imzalanıb. Təkcə "yaşıl enerji"yə aid  imzalanan sənədlərin sayı 6 idi. O cümlədən Energetika Nazirliyi, "Power China Resources Limited" və "SOCAR Green" arasında 160 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış icra müqaviləsi mübadilə edilib. Stansiyanın 2028-ci ildə istismara verilməsi planlaşdırılır və  obyektdə illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu, ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.  

Ölkəmizdə ən böyük günəş-elektrik stansiyasını isə  30 ildən çoxdur qlobal neft, qaz və ixrac layihələrinin  əməliyyatçısı olan BP şirkəti tikir.  Bu, 240 meqavat gücündə olan "Şəfəq" Günəş-Elektrik Stansiyasıdır. Şəfəq" layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək. "Şəfəq"in bir özəlliyi də ondadır ki, o, işğaldan azad edilmiş Cəbrayıl rayonunda tikilir.

İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən qeyd edək ki, Prezident İlham Əliyev cari il yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su-Elektrik Stansiyasının açılışını etdi və beləliklə, Qarabağ və Şərqi Zəngəzurda bu cür enerji obyektlərinin sayı ümumilikdə 40-a çatdı.

Məhz  bütün bunlara  əsaslanaraq SOCAR 2030-cu ilədək ölkənin enerji balansında  bərpaolunan enerjinin payının 38 faizə çata biləcəyini bəyan edir. Bildirilir ki, Azərbaycanın enerji gələcəyini xarakterizə edən əsas anlayış diversifikasiyadır. Biz neft və qaz ixracını davam etdirməklə yanaşı, enerji portfelimizi bərpaolunan enerji mənbələri hesabına genişləndiririk.


Flora  SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

09:23
18 İyun

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

09:07
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!