Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubu iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Məktub Azərbaycan-ABŞ münasibətlərinin bugünkü mərhələsinin mahiyyətini dolğun əks etdirir. Burada strateji tərəfdaşlıq, regional sülh, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad kimi vacib istiqamətlər ön plana çıxarılır.
Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyev Donald Trampın Bakı-Vaşinqton əlaqələrinin inkişafındakı rolunu xüsusi vurğulayıb və məktubda Azərbaycan-ABŞ əlaqələrinin artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini aşaraq daha geniş strateji məzmun qazanması önə çəkilir: "Cənab Prezident qeyd edir ki, Ağ Evdə keçirilmiş görüş zamanı əsası qoyulan Strateji Tərəfdaşlıq Xartiyasının ABŞ-nin Vitse-prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanması münasibətləri keyfiyyətcə yeni pilləyə qaldırıb. Bu isə onu deməyə əsas verir ki, tərəflər əməkdaşlığı iqtisadi və enerji sahələri ilə məhdudlaşdırmaq niyyətində deyil. Təhlükəsizlik, nəqliyyat-logistika, texnologiyalar və investisiyalar da artıq ikitərəfli gündəliyin mühüm elementlərinə çevrilib".
Deputat qeyd edib ki, məktubda regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev ABŞ rəhbərliyinin Azərbaycan-Ermənistan normallaşma prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib. "Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq", - deyən dövlətimizin başçısı Vaşinqtonun regionda daha fəal vasitəçi və tərəfdaş rolunu xüsusi qeyd edib. Məktubda üçtərəfli bəyannamənin və sülh sazişi üzrə əldə olunmuş razılaşmaların Donald Trampın "ardıcıl səylərinin nəticəsi" kimi təqdim edilməsi də diqqət çəkir.
N.Məmmədova bildirib ki, xüsusi yer ayrılan məsələlərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin olunması və onun Orta dəhlizin tərkib hissəsinə çevrilməsidir: "Prezident İlham Əliyev bu layihəni regionda sülh və əməkdaşlığa xidmət edən təşəbbüs kimi təqdim edir. Bu yanaşma Azərbaycanın son illər həyata keçirdiyi nəqliyyat və logistika siyasətinin beynəlxalq dəstək qazandığını göstərir. Bu, həm də o deməkdir ki, Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən biri kimi rəsmi Bakının mövqeyi daha da möhkəmlənməkdədir. ABŞ ilə əməkdaşlıq isə bu prosesə töhfə verir. Məktubda dövlət başçıları arasındakı şəxsi münasibətlərə də xüsusi toxunulur. Məlum olduğu kimi, müasir beynəlxalq münasibətlər sistemində liderlər arasında şəxsi etimadın dövlətlərarası əlaqələrin inkişafına böyük təsiri var. Bu məqamın vurğulanması Bakı ilə Vaşinqton arasında siyasi dialoqun həm də liderlərin münasibəti nöqteyi-nəzərindən yüksək səviyyədə olduğunu göstərir".
Deputat vurğulayıb ki, Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir: "Eyni zamanda Vaşinqton da Cənubi Qafqazda sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya layihələri baxımından Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Bu əməkdaşlığın eyni templə davam etməsi hər iki tərəfin marağındadır".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"