06 Fevral 2026 08:45
313
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik kontekstində

Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik kontekstində


XXI əsrin gəlişi ilə dünya dövlətləri milli təhlükəsizlik məsələsinə yeni çağırışları nəzərə alaraq yanaşmağa başladılar. Xüsusilə böyük dövlətlər bununla bağlı konseptual yeniliklərə baş vurmaqdadırlar. ABŞ-nin 2025-ci ilin noyabrında milli təhlükəsizlik strategiyasını yeniləməsi də məhz bu kontekstdə diqqət çəkir. Görünür, bu, əsasən ABŞ-nin dünyanın ən qüdrətli dövləti olması ilə bağlıdır. Çünki Amerika bu statusda qlobal miqyasda təhlükəsizliyə təsir edə biləcək potensiala malikdir.

Bununla yanaşı, ABŞ-nin yeni təhlükəsizlik strategiyasını ayrı-ayrı müstəqil dövlətlərin milli təhlükəsizlik konsepsiyası rakursundan qiymətləndirmək də aktualdır. Əgər söhbət dünyanın yeni geosiyasi düzəninin formalaşmasından gedirsə, bir çox istiqamətdə milli təhlükəsizlik konsepsiyalarının müqayisəsi daha da aktuallaşır.

Digər tərəfdən dünyanın müxtəlif regionlarında yerləşən və xarici siyasəti ilə regional və qlobal miqyaslarda təsiri olan dövlətlərin milli təhlükəsizlik strategiyaları arasında müəyyən nisbətlərin olması da geosiyasi zərurətdir. Çünki son nəticədə söhbət çox sayda dövlətlərin dinc yanaşı yaşaması formatının axtarışından gedir.

Bu müqayisələr, əlbəttə, xarici siyasətlə bağlılıqda aparılmalıdır. Ona görə ki, dövlətlərin milli təhlükəsizliyinin ilk "təmas sferası" məhz xarici siyasətdir. Dövlətin yeritdiyi xarici siyasətin mahiyyəti, məzmunu, prioritetləri və məqsədlərində milli təhlükəsizliyin mühüm aspektləri ifadə olunur. Bu tezisin işığında ABŞ ilə Azərbaycanın milli təhlükəsizliyə yanaşmalarının əsas məqamlarını müqayisə etmək mümkündür.


Milli təhlükəsizlik və milli maraqlar


2004-cü il iyunun 29-da qəbul edilmiş "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində yazılmışdır: "Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir".

Həmin qanunun 5-ci maddəsi "Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri" adlanır. Onun 5.0.5. və 5.0.6. altbəndlərində milli təhlükəsizliyin təmin olunmasının əsas prinsipləri kimi aşağıdakılar vurğulanır: "beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya; insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti".

Qanunun 6-cı maddəsində Azərbaycanın milli maraqları izah edilir. Orada göstərilir ki, "Azərbaycan Respublikasının milli maraqları - Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur".

Həmin bəndin bir neçə altbəndində isə siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində milli maraqların anlamları verilir.

Beləliklə, aydın olur ki, Azərbaycanın milli təhlükəsizliyi milli maraqların təmin edilməsini ciddi şəkildə nəzərə alır. Bu zaman milli maraqlar insan, cəmiyyət və dövlət kimi faktorların qarşılıqlı əlaqəsi fonunda nəzərdən keçirilir. Azərbaycanın milli təhlükəsizliyinin milli maraqlar üzərində qurulması müasir dövrün tələbləri baxımından prinsipial məqamdır.

Azərbaycan Prezidenti tərəfindən 23 may 2007-ci ildə təsdiq edilən "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"nda 2004-cü ildə qəbul edilmiş qanunun əsas müddəaları əsaslı şəkildə nəzərə alınmışdır. Konsepsiyada Azərbaycanın dövlət kimi ümumi strategiyasının başlıca məqsədi belə ifadə edilmişdir: "...Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin rifahının təmin edilməsi, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir".

Bu əsasda konsepsiya aşağıdakı kimi xarakterizə edilir: "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avro-Atlantik məkana inteqrasiyasını, bununla yanaşı, tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur".

Vurğuladığımız bu iki müddəa əsasında konsepsiyanın 1-ci bəndində "təhlükəsizlik mühiti" anlayışı aşağıdakı kimi müəyyən edilmişdir: "Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur".

Nəhayət, 2-ci bənddə "milli maraqlar" anlayışı bir neçə altbənddə izah edilmişdir.

Beləliklə, Azərbaycanın milli təhlükəsizlik strategiyasının hüquqi əsaslarını "Milli təhlükəsizlik haqqında" qanun və "Milli təhlükəsizlik konsepsiyası" sənədləri təşkil edir və məhz onlarla tənzimlənir. Hər iki sənəddə milli maraqların milli təhlükəsizliyin təməl faktorlarından birini təşkil etdiyini görürük. Yəni müasir Azərbaycan dövlətinin təhlükəsizliyinin təmininin fəlsəfəsində və praktiki reallaşmasında milli maraqlar prioritet xarakter daşıyır və aparıcı rollardan birini oynayır. Bütövlükdə həmin özəlliyin müasir tarixi mərhələdə Azərbaycanın milli təhlükəsizliyinin təminində və onun xarici siyasətdə nəzərə alınması baxımından həlledici rol oynaması XXI əsrin çağırışlarına cavab kimi böyük əhəmiyyət kəsb edir. Bu həqiqətin işığında ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasının bir sıra müddəalarına nəzər salaq.


Strategiyanın ümumi xarakteristikası


Əlbəttə, bir paraqrafda 29 səhifədən ibarət ABŞ-nin milli təhlükəsizlik strategiyasının hərtərəfli xarakteristikasını vermək imkansızdır. Ancaq sənədin bir sıra mühüm məqamları üzərində dayanmaq mümkündür.

Sənəddə strategiya "konkret, realistik plan" kimi təqdim edilir. O, "məqsədlərlə vasitələr arasında əsas əlaqələri" izah edir. Bu kontekstdə strategiya arzuolunan nəticəyə nail olmaq üçün alətlərdən istifadəni dəqiq müəyyən etməlidir. O cümlədən "strategiya prioritetləri qiymətləndirməli, çeşidləməli və punktlaşdırmalıdır".

Bunlar əsasında milli təhlükəsizlik strategiyasının başlıca məqsədi aşağıdakı kimi müəyyən edilir: "Xarici siyasətin məqsədi əsas milli maraqları qorumaqdır ki, bu da strategiyanın əsas məqsədidir".

Deməli, ABŞ-nin milli təhlükəsizlik strategiyasında başlıca məqsəd milli maraqları qorumaq kimi müəyyən edilmişdir və onun reallaşma mexanizmi xarici siyasətdir. Dövlətin xarici siyasətinin əsas məqsədi milli maraqları təmin etməkdir.

Bu müddəanın Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında qarşıya qoyulan məqsədlə eyni olduğunu görürük. Yəni strateji məqsəd baxımından ABŞ ilə Azərbaycanın milli təhlükəsizlik sahəsində qarşıya qoyduqları məqsədlər fərqlənmir. Bu baxımdan sənəddə təqdim edilən aşağıdakı əsas məqsədlər də diqqət çəkir.

Sənədin "biz nəyi istəyirik" bölümündə vurğulanır: Hər şeydən öncə, ABŞ-nin müstəqil, suveren respublika kimi bundan sonra da həyatda qalmasını və təhlükəsizliyini istəyirlər. Ölkəni, onun xalqını, ərazisini, iqtisadiyyatını və həyat tərzini düşmən xarici dairələrdən qorumaq əzmindədirlər. O cümlədən dağıdıcı kənar təsirlərdən qorumağı, pozucu təbliğatı və yad təsirləri neytrallaşdırmaq istəyi vardır. Mədəniyyətə qarşı neqativ təsirləri rədd etməyə üstünlük verilir.

Amerikanın sərhədləri və nəqliyyat şəbəkəsi üzərində tam nəzarəti əsas götürürlər. Elə dayanıqlı infrastruktur nəzərdə tutulur ki, xaricdən xalqa və iqtisadiyyata olan dağıdıcı təsirləri tam aradan qaldıra bilsin.

Vurğulanan bu mühüm məqamlar Azərbaycanın da xarici siyasətində xüsusi yer tutur. Ölkənin suverenliyi, sərhədlərinin toxunulmazlığı, nəqliyyat şəbəkəsinin tam nəzarətdə saxlanması, xalqın və mədəniyyətin təhlükəsizliyinin təmini və dayanıqlı milli infrastrukturun yaradılması dövlət başçısının müəyyən etdiyi xarici siyasətin başlıca məqamlarıdır.

Beləliklə, ABŞ kimi qüdrətli dövlətin milli təhlükəsizliyinin təmin edilməsinin strateji məqamları ilə Cənubi Qafqazın lideri olan Azərbaycanın xarici siyasət prioritetləri arasında uyğunluq vardır. Bu da tərəflər arasında xarici siyasət sferasında bir çox mühüm məsələnin uzlaşdırılmasına geniş imkanlar açır. Onun nümunələrindən biri kimi, 2025-ci ilin avqust ayında Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişinin təməl şərtlərini Azərbaycanın təklif etdiyi beş əsas prinsipin təşkil etməsini göstərə bilərik.


Milli təhlükəsizlik və yenilikçi ruh


Maraqlıdır ki, sənəddə "Amerikan novator (yenilikçi) ruhu" xüsusi qeyd edilmişdir. Yəni novatorluğu milli təhlükəsizlik strategiyası səviyyəsində prioritet olaraq qəbul etmək adi hadisə deyildir. Bu o deməkdir ki, ABŞ rəsmi olaraq cəmiyyətin yaradıcı, innovativ, yenilikçi olmasını bütövlükdə XXI əsrdə tərəqqinin təməl şərtlərindən biri kimi təsəvvür edir. Onu "açar sütunlardan biri" olaraq qiymətləndirir.

Digər tərəfdən, həmin kontekstdə ABŞ-nin "yumşaq güc"ünə, ölkənin keçmişini obyektiv öyrənməyə və gələcəyə pozitiv yanaşmaya, müxtəlif dini dəyərlərə, mədəniyyətlərə hörmət etməyə ciddi əhəmiyyət verilir. Bunların fonunda çox maraqlı olan digər məqam "başqa ölkələrin idarəetmə sistemlərinə hörmət"lə bağlıdır.

Bunlardan başqa, sənəddə vurğulanır ki, "Amerikanın mənəvi və mədəni intibahı" olmadan uzunmüddətli təhlükəsizlik xəyaldır. Bütün bunlar "nikbinliklə zəngin xalq" formalaşdıracaq.

Bütün bu özəllikləri ümumiləşdirsək, belə bir mənzərə yaranır: ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasında xalqın mənəvi, əxlaqi, mədəni və tarixi dəyərlərinin önəmi çox ciddi yer tutur. Bu kontekstdə, ümumiyyətlə, Amerika cəmiyyətinin yaradıcı və innovativ olması mühüm şərt hesab edilir. ABŞ gələcəyə nikbin baxa bilən toplum formalaşdırmağa böyük əhəmiyyət verir. Cəmiyyətin keçmişi və onun mənəvi dəyərləri strateji aspektdə dəyər kimi qəbul edilir. O cümlədən ailə institutunun möhkəmləndirilməsi də başlıca hədəflərdən biri kimi müəyyənləşdirilir.

Dünyanın ən nüfuzlu dövlətinin vurğulanan strateji məqsədlərinin fonunda Azərbaycanda həyata keçirilən siyasətin əsas məqamlarını müqayisə etdikdə, çox maraqlı qənaətlərə gəlmək mümkündür. Cəmiyyətin yaradıcı və ya kreativ keyfiyyətə malik olması elmi olaraq da ciddi şəkildə araşdırılan mövzudur. ABŞ sosioloqu R.Floridanın bununla bağlı ciddi araşdırmalarından bəhs edilir. O yazır ki, müasir dörvdə hər bir cəmiyyətin yaradıcı (kreativ) kəsimi olmalıdır ki, birgə fəaliyyətləri "yeni, vacib sosial-mədəni formalar yarada bilsin".

Bununla yanaşı, toplumun yaradıcılığını milli təhlükəsizliyin strateji hədəflərindən biri kimi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirmək bir qədər fərqli yanaşmadır. Bu yanaşmanın təməlində məhz milli maraqların dayanması mütləq şərtdir. Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetlərinin birinci sırasında "Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi" müddəasının yerləşdirilməsi bu baxımdan heç də təsadüfi deyildir. Məsələyə həmin həqiqət prizmasından baxdıqda düşündürücü mənzərə alınır.

Nümunə kimi Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından bir fraqmenti xatırlayaq. Orada dövlət başçısı xüsusi vurğulamışdır ki, "Yeri gəlmişkən, kiçik bir aydınlıq gətirmək istərdim. Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı".

Fikirlərinin sonrakı hissəsində də Azərbaycan Prezidenti dövlət siyasəti kontekstində müqayisələr aparmışdır. Ölkə rəhbəri demişdir: "Beləliklə, indi biz hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialı görürük. Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var". Və fikirlərinə Azərbaycan lideri aşağıdakı məzmunda davam edir: "…ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələ bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq".

Bütün bunların əsasında ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası ilə Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müqayisəli təhlilinə xarici siyasət kursu kontekstində aidiyyəti olan bir sıra ümumiləşdirici müddəalar irəli sürmək olar.

Birincisi, Prezident İlham Əliyevin və Prezident Donald Trampın fikirləri göstərir ki, dünyada sülhün qorunması, müharibələrin qarşısının alınması və ailə institutunun təməllərinin sarsıdılmasına qarşı səylərin birləşdirilməsi istiqamətində hər iki dövlət ciddi səviyyədə əməkdaşlıq edə bilərlər. Daha konkret desək, milli təhlükəsizlik məsələsində Azərbaycan rəhbərliyinin mövqeyi ilə Donald Trampın müdafiə etdiyi əsas prinsiplər tam uyğunluq təşkil edir.

İkincisi, Azərbaycan və ABŞ üçün beynəlxalq geosiyasi, geoiqtisadi və siyasi balansın sülh yolu ilə əldə edilməsi prioritetdir.

Üçüncüsü, Azərbaycan və ABŞ ailə dəyərləri ilə yanaşı, milli təhlükəsizlik, əməkdaşlıq platformaları, regionlararası münasibətlərin qurulması, milli suverenlik, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə ortaq mövqeyə malikdirlər. Əlbəttə, bütün bunlar ailə institutunun möhkəmləndirilməsi və bütövlükdə dəyərlərin qorunması sferalarında mühüm əməkdaşlıq faktorudur. Eyni zamanda münaqişələrin qarşısının alınması baxımından da onlar əhəmiyyətli rol oynayır.

Dördüncüsü, müasir mərhələdə milli təhlükəsizliyi təmin edən faktorlar sırasında, ümumiyyətlə, siyasətdə insanı, ailə institutunu və sülhü mərkəzə alan liderlik modeli böyük önəm kəsb edir və hətta həlledici təsirə malikdir. Hər iki dövlətin xarici siyasətində bu liderlik xüsusiyyəti əhatəli şəkildə öz əksini tapmışdır.

Beşincisi, ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasında dünyanın müxtəlif regionlarına olan baxışların təhlili göstərir ki, Vaşinqton hər regionun liderləri ilə birgə fəaliyyət göstərməyə üstünlük verir. Nümunə kimi strateji sənəddə Avropa, Yaxın Şərq, Afrika, Asiya, Uzaq Şərq istiqamətlərində ABŞ-nin önəm verdiyi geosiyasi faktorlar sırasında regional liderlərin xüsusi əhəmiyyəti vurğulanır.

Buradan belə bir məntiqi nəticə çıxır ki, Cənubi Qafqazda Amerikanın milli maraqları və təhlükəsizliyi üçün vacib olan faktor Azərbaycanın liderliyini qəbul edib, onunla daha yaxından əməkdaşlıq etməkdir. Azərbaycanın xarici siyasət prioritetləri sırasında "Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması" müddəasının vurğulanması da qeyd edilən məqama tam uyğundur.

Bundan başqa, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının 4-cü bəndi olan "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri"nin 4.1.2-ci altbəndində qeyd edilir: "Azərbaycan Respublikası Avropa və Avro-Atlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür. Azərbaycan Respublikası Avro-Atlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür".

Beləliklə, Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri ilə qlobal miqyasda formalaşmış ümumi səmərəli əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi xətti arasında uyğunluqlar var. Hətta dünyanın ən qüdrətli dövlətinin milli təhlükəsizliyinin xarici siyasətdə yeri və rolu baxımından Azərbaycanın hələ 2007-ci ildə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının başlıca xüsusiyyətləri, məzmunu və məqsədləri bir çox məqamda oxşarlıq təşkil edir. Əlbəttə, nəzərə almaq lazımdır ki, ABŞ dünyanın ən güclü dövlətidir və onun strateji geosiyasi vizyonu digər dövlətlərdən fərqlənir. Ancaq müstəqil Azərbaycanın regional lider kimi təhlükəsizlik məsələsində qarşısına qoyduğu məqsədlərlə ABŞ-nin yanaşması arasında prinsipial mövqe fərqi yoxdur.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti xarici siyasət kursunu XXI əsrin yeni çağırışlarına tam cavab verən məzmun və məqsədlər əsasında müəyyən etmişdir və bunun səmərəsindən Azərbaycan dövlətçiliyi faydalanır. Dövlət başçısı İlham Əliyev davamlı olaraq müxtəlif ölkələrə səfərlər edir, siyasi-diplomatik təşəbbüsləri ilə geniş bir geosiyasi məkanda əməkdaşlıq, təhlükəsizlik, dinc yanaşı yaşama, regionlararası əlaqələrin qarşılıqlı faydalılıq prinsipi üzrə inkişaf etdirilməsinə əvəzsiz töhfələrini verir.

Bu kimi məqamlar təsdiq edir ki, Azərbaycanın xarici siyasəti yeni mərhələdə daha da inkişaf edir və müstəqil dövlətçiliyə milli maraqlar əsasında böyük fayda verir.

Burada yeni liderlik faktorunu da mütləq vurğulamaq lazımdır. Çünki XXI əsrdə məhz liderlərin qüdrəti ümumən milli dövlətlərin beynəlxalq nüfuzunun artmasının təməlində dayanır. Bu baxımdan Azərbaycan kifayət qədər ümidverici bir statusdadır. Həmin kontekstdə Azərbaycan Prezidentinin nüfuzlu bir sülhyaratma prosesinə - ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasına dəvət edilməsi xüsusi əhəmiyyət kəsb edir. Sülh Şurasının təsisçilərindən biri kimi Azərbaycan beynəlxalq platformalarda fəal iştirak etməklə sülh gündəliyinin formalaşmasına və qlobal etimadın güclənməsinə töhfə verəcəkdir. 


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əsrin fəlakəti”: Türkiyədə 2023-cü il zəlzələlərinin 53 mindən çox qurbanı anılır  

10:08
06 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:06
06 Fevral

Tənhalıq geniş yayılmış problemə çevrilib

09:35
06 Fevral

Bakıda 78 ağac sınıb 

09:30
06 Fevral

Stiv UİTKOFF: "Davamlı diplomatik əlaqələr müharibənin sona çatmasına töhfə verir"

09:25
06 Fevral

"Gənclər Paytaxtı"nın rəmzi açarı Goranboya təhvil verildi

09:20
06 Fevral

Amalı gənc nəslin milli ruhda yetişməsinə töhfə verməkdir

09:15
06 Fevral

Qubada milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

09:10
06 Fevral

Xaqani Şirvaninin adını daşıyan köhnə "Molokan bağı"

09:05
06 Fevral

Bənzərsiz ifası ilə sevilirdi

09:00
06 Fevral

Dünya təcrübəsi, Azərbaycan nümunəsi 

08:55
06 Fevral

İşğaldan azad olunan təkcə torpağımız yox, həm də suyumuzdur

08:50
06 Fevral

Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik kontekstində

08:45
06 Fevral

Fransa yenə təəccübləndirmədi

08:40
06 Fevral

Azərbaycan və Ermənistan iqtisadi inteqrasiyaya əsaslanan sülh modelini təşviq edir

08:35
06 Fevral

Ədalətin qələbəsi

08:30
06 Fevral

Yeni metro stansiyaları, tramvay və genişləndiriləcək şəhərətrafı dəmir yolu şəbəkəsi

08:25
06 Fevral

Xalqımızın zəngin dövlətçilik təcrübəsi var

08:20
06 Fevral

Azərbaycanın prinsipial sülh siyasətinə verilən yüksək dəyər

08:15
06 Fevral

Barış və əməkdaşlıq siyasəti

08:10
06 Fevral

Əmin-amanlığın və sabitliyin qətiyyətli təminatçısı

08:05
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!