08 Noyabr 2025 09:03
346
SİYASƏT
A- A+
Azərbaycanın təkrarolunmaz Zəfər imzası

Azərbaycanın təkrarolunmaz Zəfər imzası


Bu gün Azərbaycan xalqını qürur, şərəf, qalibiyyət zirvəsinə yetirən Zəfərin beşinci ildönümüdür. Vətən tariximizin ən parlaq səhifəsinin yazıldığı böyük Zəfər bütün dünyada üzümüzü ağ, başımızı uca edib. Məğlubiyyət damğasından qurtararaq qalib xalqa çevirib. Son beş ildə ölkəmizin həyatında elə bir hadisə yaşanmayıb ki, orada şanlı Zəfərimizin  toxunuşunu, ruhunu hiss etməyək. Siyasətdən diplomatiyaya, iqtisadiyyatdan sosial həyata, mədəniyyətdən idmana bütün istiqamətlərdə Qarabağ Zəfərinin qürurlu ab-havasını duyuruq. Qələbədən doğan güc, qüvvət, inam və əminliklə istənilən sahədə parlaq nəticələrə nail oluruq. Qalib adının gətirdiyi məsuliyyət hissi ilə Azərbaycanın 8 noyabr 2020-ci ildə Şuşada qazandığı qələbəyə yaraşan uğurlar əldə edirik. 


Zəfərdən sülhə


Azərbaycanın beş il əvvəl qazandığı parlaq Zəfəri təkcə ölkəmizin yox, dünya tarixində özünəməxsusluğu, təkrarolunmazlığı ilə seçilir. Dünyada elə bir ölkə yoxdur ki, son onilliklər ərzində Azərbaycanın Zəfərinə bərabər tutulacaq hansısa bir qələbə qazanmış olsun. Qaynar qazan kimi qaynayan dünyada gedən münaqişələr, müharibələr səngimək bilmir. Bəzi hallarda bu münaqişələrə son qoyulsa da nəticələrinin ikiyə parçalanan, ərazi bütövlüyü, daxili sabitliyi sual altında qalan neçə-neçə ölkələrin timsalında elə də ürəkaçan olmadığını görürük. 

Ərazilərini işğaldan qurtarması, suverenliyini tam bərpa etməsi, torpaqlarında separatizmə son qoyması, bir sözlə, bütün milli maraqlarını qətiyyətlə təmin etməsi isə Azərbaycanı mübaliğəsiz dünyanın qaliblər zirvəsinin şəriksiz lideri edir.

Dünyanın geostrateji mövqelər uğrunda siyasi, hərbi çəkişmələrin getdiyi indiki dövründə beynəlxalq hüququn heçə sayılması, onun tapdanması da təəssüf ki, ən geniş yayılmış haldır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsinin üç onilliyə yaxın müddətdə kağız parçasından fərqi olmaması hər kəsə məlumdur. Azərbaycan Vətən müharibəsində qazandığı parlaq Zəfər sayəsində həm də BMT TŞ-nin qətnamələrini yerinə yetirərək beynəlxalq hüququ öz gücünə təmin etdi. Eyni zamanda ATƏT-in keçmiş Minsk qrupunun öz üzərinə götürdüyü və düz 28 il ərzində həll edə bilmədiyi Qarabağ münaqişəsinə birdəfəlik son qoyaraq Cənubi Qafqazda sülhün üzərinə örtülmüş qara pərdəni götürdü. Regionda normallaşma, inkişaf, tərəqqi üçün geniş imkan yaratdı.     

Bəli, ölkələr arasında Azərbaycanı qalib, öndər edən əsas məqamlardan biri də məhz elə pozulan beynəlxalq hüququ öz gücünə həll etməsi oldu. 

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı zamanı Prezident İlham Əliyev hazırda dünyada baş verən prosesləri belə qiymətləndirdi: "...Son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir". 


Yeni və parlaq dövr 


İkinci Qarabağ müharibəsində tam qələbə çalması sayəsində bölgədə yeni reallıqlar diktə edən ölkəmizin özünün həyatında da tamamilə fərqli və parlaq səhifələr açıldı. Suverenliyimiz tam təmin edildi, Konstitusiyamız bütün ərazilərimizdə bərqərar oldu, bayrağımız bütün sərhədlərimiz boyu dalğalandırıldı. Suveren ölkəmizin ərazisində heç bir kənar ölkəyə məxsus hərbi birləşmə qalmadı. Beləliklə, milli maraqlarını qətiyyətlə təmin edən Azərbaycan tam gücü ilə qarşısında duran növbəti hədəflərə istiqamətləndi.  

İşğaldan azad edilən ərazilərin bərpasına başlanılması və bu yerlərə yenidən həyatın qaytarılması ölkəmiz adına qazanılan və dünyada da böyük əks-səda yaradan mühüm  müvəffəqiyyət oldu. Necə ki Vətən müharibəsində xalqımız istər ön, istər arxa cəbhədə bir yumruğa, bir orduya çevrilərək torpaqlarını işğaldan azad etdi, indi də bu ərazilərin quruculuğu və bərpasını ümummilli məsələsi  kimi layiqincə həyata keçirir. 

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda əzəmətli layihələr gerçəkləşdirir. Prezident İlham Əliyevin şəxsi diqqəti altında müasir standartlara uyğun quruculuq işlərinin görüldüyü, yolların, körpülərin, tunellərin, beynəlxalq hava limanlarının, elektrik stansiyalarının tikilərək istifadəyə verildiyi bu ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd"lər salınır.

"Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür. Yəni Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə məlumatlandırılır və bir çox vətəndaşmız artıq azad edilmiş torpaqlara gediblər. Dəfələrlə orada olublar və gedən inkişafı öz gözləri ilə görürlər. Bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir", - AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda ölkəmizin rəhbəri diqqətə çatdırdı. 

Görülən işlərin nəticəsidir ki, 30 il ərzində viran qoyulan, talanan Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəldilir, Böyük qayıdış köçləri ilə yurdlarına dönən keçmiş məcburi köçkünlər isti od-ocaqlarına qovuşurlar. İndi bu ərazilərdən top-tüfəng səsi deyil, doğulan azərbaycanlı körpələrin qığıltısı, həyatın səsi gəlir.   

AMEA-nın 80 illik yubileyində Azərbaycanın qısa vaxt kəsimində keçdiyi sürətli inkişaf yolundan və Şuşa Zəfəri sayəsində əldə olunan parlaq uğurlarından qürurla bəhs edən Prezident İlham Əliyev onu da vurğuladı ki, son 10 il Azərbaycan üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur: "Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq".

"Konstitusiya və Suverenlik İli"ni qeyd etdiyimiz bu il həm də parlaq zəfərimizin beşinci ili tamam olur. Bütün ölkədə Qarabağ qələbəsi təntənə ilə qeyd edilir. 8 Noyabrda Bakıda Azadlıq meydanında Vətən müharibəsində qazanılan qələbənin beşinci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Sözügedən çıxışında bütün bu qürurlu məsələlərdən bəhs edən Qarabağın xilaskarı İlham Əliyev qeyd etdi ki, bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik: "Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır".

Bütün bu qürurlu və tariximizə qızıl hərflərlə həkk olunan hadisələri bizə 44 günlük savaşın parlaq nəticəsi olan Qarabağ Zəfəri bəxş edib. O Zəfər ki əsrlərdən sonra belə dünyanın harasında olmasından asılı olmayaraq, Azərbaycan xalqı hər zaman onunla öyünəcək, fəxr edəcək, qürur duyacaq. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tailandın Kralı əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

01:29
06 Dekabr

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:29
06 Dekabr

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:27
06 Dekabr

"Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:26
06 Dekabr

Etibarlı Tərəfdaş Konsepsiyas

01:26
06 Dekabr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

01:24
06 Dekabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

01:22
06 Dekabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı təkrar müsabiqə keçirir

01:22
06 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:21
06 Dekabr

Tramp 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb  

23:44
05 Dekabr

Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub VİDEO  

23:43
05 Dekabr

Futbol üzrə dünya çempionatının püşkü atılıb – YENİLƏNİB 2  

23:34
05 Dekabr

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

21:31
05 Dekabr

Moldova səfiri: Azərbaycanla əməkdaşlıq dinamik və səmərəli şəkildə inkişaf edir  

20:58
05 Dekabr

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

20:28
05 Dekabr

Ədliyyə naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib  

20:27
05 Dekabr

“Equinor” Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib  

20:11
05 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  

19:51
05 Dekabr

Azərbaycan və Gürcüstanın hakim partiyaları gənclər sahəsində əməkdaşlığı gücləndiriblər  

19:41
05 Dekabr

Avropada təbii qaz qiymətinin ucuzlaşmasına təsir edən faktorlar açıqlanıb

19:32
05 Dekabr

Koreya Respublikasının ölkəmizdəki səfiri Şəkidə olub  

19:21
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!