Azərbaycanın da təmsil olunduğu Sülh Şurasının
ilk iclası keçirildi və bu təsisatın hədəfləri bir daha dünyaya bəyan olundu.
ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, Şura bütün ölkələrə açıqdır və Şura
sülh, dialoq, humanitar təşəbbüslərlə məşğul olan bir platforma olacaq. Bu
platforma çərçivəsində fəaliyyət qarşıdurmanın azalması və qarşılıqlı
anlaşmanın artmasına yönələcək. Yeri gəlmişkən, toplantıda 30 ildən çox davam
edən Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması təqdir olundu. 44 günlük
Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatlarından sonra yaranmış sülh
mühiti məhz 2025-ci ilin avqustunda Vaşinqtonda rəsmiləşdi və möhkəmləndi.
Bu xüsusda “otuz il müharibə gedib və biz onun
öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. 24 saatın içərisində
işi yerinə yetirdik. Çox yaxşı sülh alındı” deyən ABŞ Prezidenti əslində Azərbaycanın
böyük qələbəsinin regionda yaratdığı yeni reallıqları nümunə kimi təqdim etdi.
Azərbaycanın Sülh Şurasında təmsil olunması təsadüfi
deyil. Ölkəmizin növbəti dəfə sülhyaratma missiyasına töhfəsi, eyni zamanda
beynəlxalq nüfuzun göstəricisidir. Beləliklə, Azərbaycanın regional və qlobal
miqyasda sülh və sabitliyin təşviqində rolu artır. Sülh Şurasına qoşulan ölkəmiz
Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən
bütün tərəflərə daha təhlükəsiz, rifahlı gələcək qurulması kimi nəcib
missiyasını paylaşacaq.
Bu, cənab Prezidentin beynəlxalq nüfuzu,
liderliyi, dövlət başçımızın təhlükəsizlik və sülh istiqamətində təşəbbüsləri,
həyata keçirdiyi siyasətin nəticəsidir. Ötən ilin oktyabrında da Azərbaycan
Prezidenti Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak edib. Ölkəmiz uzun
müddət işğaldan, münaqişədən, humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi
bütün regionlarda sabitliyi, dayanıqlı təhlükəsizliyi dəstəkləyir. Beləliklə,
suverenlik və ərazi bütövlüyü prinsipini ön planda saxlayan Azərbaycan qlobal təhlükəsizlik
məsələlərinə töhfə vermiş olur. Bu vacib platformada təmsilçilik post-münaqişə
dövründə regional sabitliyə də töhfə verir.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı