Avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı. Bayden-Blinken administrasiyası dövründə Azərbaycana qarşı qərəzli yanaşma ölkələr arasında münasibətlərdə böyük çat yaratmışdı. Belə ki, sözügedən administrasiyanın sifarişi ilə Nümayəndələr Palatasında və Senatda ölkəmiz əleyhinə böhtan xarakterli qətnamələrin qəbul edilməsi adi hal almışdı. Erməni lobbisinin sifarişi ilə Senatın və Nümayəndələr Palatasının komitə və plenar iclaslarında keçmiş qondarma Dağlıq Qarabağda yaşayan ermənilərin guya blokadaya alınması və etnik təmizlənmə kimi saxta fikirlər müzakirələrə çıxarılaraq Azərbaycana təzyiq göstərməyə çalışırdılar.
Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, 2022-ci ilin sentyabrında ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfəri çərçivəsində Azərbaycanı suveren ərazilərini işğaldan azad etdiyinə görə ittiham edərək separatçılara dəstəyini bildirmişdi. Halbuki Bayden hakimiyyəti ölkələrin suveren ərazilərinin bütövlüyünü və sərhədlərin dəyişilməzliyini vacib bilərək Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Ukraynaya milyardlarla dollar yardım göndərirdi. Amma Azərbaycana gələndə bu prinsiplər işləmirdi. "Təbii ki, belə ikili standartlar üzərindən yanaşma ABŞ kimi dövlətin imicinə zərbə vururdu. Bayden-Blinken administrasiyası yürütdüyü siyasətlə ABŞ-nin milli maraqlarını ayaq altına ataraq ölkəni uçuruma aparırdı. Donald Trampın hakimiyyətə qayıdışı isə Amerikanı yenidən özünə qaytardı. Tramp prezident seçkilərinə qatıldığı ilk gündən dünyada müharibələrin dayandırılmasına və ABŞ-ni güclü ölkəyə çevirəcəyinə vəd verdi. Donald Trampın yenidən prezident seçildiyi qısa zaman kəsiyində dünyada 8 müharibənin dayandırılmasına müvəffəq olduğu bildirilir. Amma bu sonlandırılan müharibələrin ən ədalətli yolla həll olunanı Azərbaycan-Ermənistan münaqişəsidir. Belə ki, ötən ilin 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalarla münaqişə tarixin arxivinə göndərildi", - deyə o bildirib.
Deputat qeyd edib ki, Vaşinqton sammiti həm də ABŞ-Azərbaycan münasibətlərinin yenidən normallaşmaya doğru irəliləməsi baxımından tarixi bir hadisə oldu. Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi yüksək səviyyədə qarşılaması, ikitərəfli görüşün keçirilməsi, "Azadlığa Dəstək Aktı"na qəbul olunmuş 907-ci düzəlişin fəaliyyətinin dayandırılması və hökumətlərə iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə tapşırıqların verilməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına yeni nəfəsin verilməsi demək idi. Yeri gəlmişkən, artıq bu xartiya da imzalanıb. Eyni zamanda Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına da şahidlik etdik.
A.Badamov vurğulayıb ki, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh sammitində Prezident Donald Trampın Prezident İlham Əliyevin çox güclü lider olduğunu bildirməsi dövlət başçımızın şəxsiyyətinə və Azərbaycanla münasibətlərin inkişafına verilən yüksək dəyərin təzahürü idi: "Fevralın 10-11-də ABŞ vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfər etməsi ölkələrimiz arasında münasibətlərin inkişafının yeni mərhələsində konturların müəyyən edilməsi oldu. Ümumiyyətlə, Cey.Di.Vensin Cənubi Qafqaza səfərinin məqsədi əsasən ABŞ-nin regionda yaranmış sülh və sabitliyə, o cümlədən TRIPP layihəsinin icrasına dəstəyin nümayişi idi. Bakıda Prezident İlham Əliyev və vitse-prezident Cey.Di.Vens arasında imzalanmış sənədlə Azərbaycanla ABŞ strateji tərəfdaş oldular. Artıq iki ölkə arasında münasibətlərin və əməkdaşlığın istiqamətləri müəyyən olunub. ABŞ vitse-prezidentinin Azərbaycana səfəri ərəfəsində 31 şirkətdən 60-dan çox nümayəndə heyətinin təmsil etdiyi Ticarət Palatasının üzvlərinin Bakıya gəlməsi, dövlət başçımızla görüşməsi və biznes-forumun keçirilməsi ABŞ-nin Azərbaycanla münasibətlərin sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu bir daha təsdiq etdi".
Donald Trampın təşəbbüsü ilə təsis olunmuş Sülh Şurasının ilk sammitinin keçirildiyini xatırladan deputat bildirib ki, bu tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana verilən böyük dəyər olmaqla yanaşı, yeni dünya nizamının formalaşmasında ölkəmizin iştirakı deməkdir. Yeni dünya nizamının formalaşmasında Sülh Şurasına üzv ölkələrin iştirakı qlobal qərarların daha ədalətli qəbul olunmasına yol açacaq. "Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə ədalətsizliklərlə çox rastlaşıb, BMT TŞ-nin 4 qətnaməsi qəbul edilsə də, icra olunmayıb. Keçmiş Minsk qrupu Azərbaycanın torpaqlarının işğal faktı ilə barışmasına çalışıb, beynəlxalq platformalarda qəbul edilmiş qərarlar icra olunmayıb. Amma Azərbaycan öz gücü ilə haqqını bərpa edib. Bu gün beynəlxalq hüquq kim güclüdür, o da haqlıdır prinsipi ilə işləyir. Amma ədalətli qərarlar qəbul ediləndə beynəlxalq hüquq və normalar da işləyər və münaqişələrin həll olunmasında yanaşmalar da dəyişilər. Bu baxımdan Azərbaycan beynəlxalq hüququn pozulmasından ən çox əziyyət çəkən ölkə olsa da, indi ABŞ ilə birlikdə dünyada ədalətin bərpa olunması prosesində iştirak edəcək. Bu, həm də Azərbaycanın dünyada artan nüfuzunun və şəxsən Prezident İlham Əliyevin apardığı beynəlxalq siyasətin qazandırdığı uğurdur", - deyə A.Badamov qeyd edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"