Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda ənənəvi informasiya-kommunikasiya texnologiyaları (İKT) konfransı keçirildi.
“Azərbaycanda rabitə və yüksək texnologiyalar sektoru üzrə yaradılmış işgüzar mühit” mövzusuna həsr olunmuş tədbirdə Rabitə və Yüksək Texnologiyalar və Vergilər nazirliklərinin, Mərkəzi Bankın, özəl sektorun nümayəndələri iştirak edirdilər.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tədbirin əhəmiyyətini qeyd edərək bildirdi ki, konfransın məqsədi Azərbaycan hökumətinin yüksək texnologiyalar sahəsində həyata keçirdiyi işlərə töhfə vermək və özəl sektorla hökumət nümayəndələri arasında qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsidir.
Nazir Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlardan, İKT sektorunda əldə olunan nailiyyətlərdən danışdı, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verdi.
İnteraktiv formatda keçirilən konfransda yüksək texnologiyalar sahəsinin inkişaf perspektivləri müzakirə edildi, Azərbaycanda həyata keçirilən layihələrlə bağlı təqdimatlar oldu.
Konfrans öz işini sessiyalarda davam etdirdi. Sessiyalarda “Rabitə, yüksək texnologiyalar və “Elektron hökumət”in ölkənin inkişafında rolu”, “Yüksək texnologiyalarda Azərbaycanın insan resurslarının potensialı”, “Yüksək texnologiyalara dair məhsulların stimullaşdırılması”, “Yüksək texnologiya və maliyyə qrupları arasında imkanlar və dilemmalar” mövzuları müzakirə olundu.
Sonda “Microsoft Azərbaycan” MMC ilə və “Yüksək Texnologiyalar Parkı” MMC arasında Anlaşma Memorandumu imzalandı.