12 Yanvar 2022 00:24
1220
SİYASƏT
A- A+

Azərbaycanın qlobal siyasi nüfuzunu yüksəldən QƏLƏBƏ

 

Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq ötən il respublikamızın beynəlxalq mövqelərini daha da möhkəmləndirdi

 

2021-ci il Azərbaycan üçün təkcə sosial-iqtisadi və hərbi sahələrdə deyil, siyasətdə də uğurlu, qarşıya qoyulan bütün məqsədlərə çatılan dövr kimi yadda qaldı.

Ötən ilin respublikamız üçün siyasi baxımdan çox uğurlu il olmasını şərtləndirən əsas amil Vətən müharibəsinin nəticələrinin bütün dünya ölkələri tərəfindən qəbul edilməsi oldu. Qazandığımız zəfər, Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb oldu. 

Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsində beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurla davam etdirilməsi də mühüm rol oynayıb. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzv ölkəsi olan Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadılması respublikamıza yüksək etimadın təsdiqidir. Beynəlxalq müstəvidəki fəaliyyətini çoxşaxəli istiqamətlər üzrə quran Azərbaycan 2021-ci ildə Türk Şurasına sədrliyini də uğurla başa vurdu. Ötən ilin noyabr ayında yaradılan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri, eləcə də  İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsi üçün apardığı haqq savaşına, onun nəticələrinə dəstəklərini daim nümayiş etdiriblər. Uğurlu beynəlxalq siyasətin nəticəsi olaraq, keçən il NATO tərəfindən ölkəmizin  ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənib.

 

2021-ci il ölkəmiz üçün uğurlu oldu

 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu deyir ki, Vətən müharibəsində qazanılan qələbə sonrakı mərhələdə də ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət etdi: “2021-ci ildə Azərbaycan cəyəran edən müxtəlif xarakterli proseslərə öz milli maraqlarına xidmət edəcək elementlər qatdı, bu proseslərin ümumi istiqamətlərinə təsir etdi.

Müharibədə ağır məğlubiyyətə uğramış Ermənistan bir müddət vəziyyətin dəyişəcəyinə ümid edirdi. Yəni kənardan gələn təlimatlar əsasında revanşçı meyillərini gücləndirirdi. Azərbaycan tərəfi təcavüzkar Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı, hərbi qələbəmizin siyasi elementlərini daha da gücləndirməyə nail olurdu. Ötən il yanvar ayının 11-də baş tutmuş Moskva görüşü Ermənistanın vəziyyəti dəyişmək istiqamətindəki cəhdlərinin fiaskosunun başlanğıcı oldu. 10 noyabr birgə bəyanatının imzalanmasından iki ay sonra Moskvada da mahiyyət etibarilə həmin sənədin davamı olan növbəti sənədin imzalanması proseslərin inkişaf prinsiplərini müəyyən etməyə imkan verdi. Ermənistanın baş naziri N.Paşinyan ölkəsinin və özünün mövqelərinin yaxşılaşmasını şərtləndirə biləcək heç bir element yarada bilmədi. Moskva sənədində yer alan məqamlar postmünaqişə mərhələsində Azərbaycanın baxışlarına uyğun idi. Moskva sənədində status, hərbi əsirlər məsələsinə ümumiyyətlə toxunulmur. Artıq olmayan münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində tənzimlənməsi məsələsi müzakirə predmeti olmadı”.

Elşad Mirbəşir oğlu 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə dəfə  yerli və nüfuzlu xarici media təmsilçilərinə verdiyi müsahibələrin, fevralın 26-da keçirilmiş mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, Xocalı soyqırımının 29-cu ildönümünə təsadüf edən həmin mətbuat konfransında dövlət başçısı Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət haqqında bir daha dünya ictimaiyyətini məlumatlandırdı, Ermənistanın terrorçu dövlət mahiyyətini növbəti dəfə açdı. Prezident mətbuat konfransı zamanı Ermənistanla sülhün əldə olunmasının şərtlərini bəyan etdi. Birgə bəyanatın şərtlərinə əməl olunmasının sonrakı addımların atılması üçün əsas prinsip olduğu diqqətə çatdırıldı: “Görünən reallıq həm də ondan ibarətdir ki, Azərbaycanın mövqeləri dünya tərəfindən qəbul olunur. Çünki ölkəmiz ədalətli mövqeyə malik idi və ölkə Prezidenti də istənilən təsirli tribunadan, istənilən platformada  bu ədalətli mövqelərimizi ciddi arqumentlərlə əsaslandırırdı. Azərbaycanın dostları güc mövqeyimizi, qələbəmizi alqışladılar. Məsələn, ötən il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısı keçirildi. Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri Vətən müharibəsində qələbə qazanaraq, torpaqlarını işğalçılardan təmizləyən Azərbaycanı təbrik etdi. Hesab edirəm ki, bu, kifayət qədər əhəmiyyətli hadisə idi. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təsirli bir platforma çərçivəsində belə bir mövqenin sərgilənməsi ölkəmizin ədalətli mövqeyinin qəbul olunmasına, dəstəklənməsinə dəlalət edirdi. Təbii ki, müvafiq olaraq, Ermənistanın da işğalçı dövlət obrazı bir daha qabardıldı. Bu, beynəlxalq informasiya mübarizəsində ölkəmizin öz mövqelərini gücləndirməsi baxımından da olduqca təsirli idi. Zirvə toplantısında videoformatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dost ölkələrə öz təşəkkürünü bildirməklə yanaşı, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdən də geniş bəhs etdi. Bu da dünyanın növbəti dəfə məlumatlandırılması və yaddaşların yenilənməsi baxımından olduqca əhəmiyyətli idi”.

Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu ötən ilin ən yaddaqalan hadisələrindən biri  kimi iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti tərəfindən işğaldan azad edilmiş Füzuli rayonunda qarşılanmasını qeyd etdi. Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq Qarabağda qardaş ölkənin rəhbərinin qarşılanması baş tutdu. Bu, tarixi hadisə idi. Belə ki, bütün dünyanın diqqəti vaxtilə Ermənistanın işğalı altında olmuş ərazilərə yönəldi. Digər tərəfdən dünya ictimaiyyəti erməni vandalizminin izlərini gördü. Bu həm də işğaldan azad etdiyimiz ərazilərdə tam suverenliyimizin bərpa olunduğunun əyani nümayişi idi. Prezident İlham Əliyev Qarabağda reallaşdırılan və həyata keçiriləcək tikinti-quruculuq işləri ilə bağlı Rəcəb Tayyib Ərdoğanı məlumatlandırmaqla ərazilərdə effektiv məskunlaşdırmanın aparılacağı günün uzaqda olmadığı mesajını verdi. “Bu baxımdan ötən il iyun ayının 15-i tarixi həm də Azərbaycan və Türkiyə münasibətlərində yeni siyasi hadisə səhifəsi kimi yadda qaldı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu bəyannamənin imzalanması həm ayrı-ayrılıqda Azərbaycan və Türkiyə əməkdaşlığının yeni mərhələyə yüksəlməsi, həm də bütövlükdə regionda sülhün və təhlükəsizliyin etibarlı təmin olunması baxımından çox əhəmiyyətlidir”. 

2021-ci il noyabrın 26-da Soçidə, dekabrın ortalarında isə Brüsseldə baş tutmuş üçtərəfli görüşlər də Azərbaycanın maraqlarına uyğun nəticələndi. Azərbaycan postmünaqişə mərhələsində atılacaq addımlarla bağlı növbəti dəfə Rusiyadan və ilk dəfə olaraq Avropadan açıq dəstək aldı. Belə ki, Avropada da əvvəlki sənədlərə istinad olundu və Azərbaycanla Ermənistan sərhədlərinin müəyyənləşdirilməsinin, kommunikasiyaların açılmasının və digər addımların atılmasının prioritet olduğu təsdiqləndi.

“Ümumiyyətlə, 2021-ci il ölkəmiz üçün bütün mənalarda uğurlu oldu. Milli maraqlarımıza uyğun olaraq, bütün zəruri addımların atılması təmin edildi. Azərbaycan Prezidenti İlham Əliyev bütün istiqamətlərdə dövlətin maraqlarının qorunması və mövqeyimizin daha da möhkəmləndirilməsi istiqamətində kifayət qədər effektiv addımlar atdı. Ən başlıcası isə, növbəti mərhələdə daha səmərəli fəaliyyət göstərmək üçün unikal platforma yaratdı”, - deyə Elşad Mirbəşir oğlu bildirir.

 

Azərbaycan regionda aktiv rol oynayan dövlətdir

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin fikrincə, bütün dünyanın ölkəmizin İkinci Qarabağ savaşında qazandığı möhtəşəm qələbə sayəsində yaratdığı yeni reallıqları qəbul etməsi siyasi baxımdan çox önəmli bir məsələdir. 2021-ci ilin siyasi təqvimi yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş və 10 noyabr bəyanatının regionda mövcud kommunikasiyaların, həmçinin Azərbaycan və Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəaları özündə ehtiva edən müqavilənin imzalanması ilə başladı. Moskvada imzalanmış müqavilə ilə Ermənistanın üzərinə qəti öhdəlik qoyuldu, eləcə də tərəflər arasında bəzi erməni diversantlarının qaytarılması müqabilində Ermənistanın Azərbaycan ərazilərində basdırdığı  minaların xəritələrini verməsi barədə razılıq əldə edildi.

AMİP sədri ötən il ərzində işğaldan azad olunmuş torpaqlarda müharibədən dərhal sonra başlanmış geniş bərpa-quruculuq işlərinin sürətlə aparılmasını təsdiq etdi. O, bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il yanvarın 19-da imzaladığı “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərmanını xüsusi dəyərləndirdi: “Bu fərman Qarabağda geniş quruculuq-bərpa işlərinin ölkəmiz üçün prioritet təşkil etdiyini bir daha nümayiş etdirir. Təbii ki, ilk növbədə yol və digər zəruri infrastrukturların bərpası istiqamətində əhəmiyyətli işlər görülür. 2021-ci il iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalamaqla dövlət başçısı tarixi bir hadisəyə imza atdı. Bu fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı ki, bu amil öz növbəsində gələcəkdə tarixi torpaqlarımıza qayıdış baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Deyilənlərlə yanaşı, Füzulidə beynəlxalq hava limanının istifadəyə verilməsi, regionda digər hava limanlarının tikintisinin davam etdirilməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaradacaq. Məqsəd erməni vandalları tərəfindən viran qoyulmuş əraziləri yenidən canlandırmaqla yanaşı, 30 ilə yaxın dövr ərzində öz doğma yurdlarından didərgin düşmüş  köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır. Ərazilərin minalardan təmizlənməsi işi bu prosesi ləngitsə də, ümid edirik ki, ən qısa zamanda bu işin öhdəsindən gəlinəcək”.

AMİP sədri ötən il Zəngəzur dəhlizinin Azərbaycan hissəsində təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətini, bu dəhlizin regionun gələcəyi üçün olduqca vacib olduğunu da qeyd edir. O, yola saldığımız il mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı, avqustun 30-da Vaqif Poeziya Günlərinin təşkilini olduqca mühüm hadisə kimi qiymətləndirir. AMİP sədrinin fikrincə, Vaqif Poeziya Günlərinin işğal dönəmində erməni vandalları tərəfindən dağıdılan, amma qısa müddət ərzində əvvəlki görkəminə qaytarılan məqbərənin önündə keçirilməsi önəmli faktlardandır. Bu tədbir həm də işğaldan azad edildikdən sonra Şuşada təşkil olunan ilk poeziya günləri kimi yaddaşlara yazıldı.

Türk Şurasının noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının yaradılmasını xüsusi olaraq qeyd edən partiya sədrinin dediyinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Şurasının Ali Ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etməsi ilin ən mühüm hadisələrindən oldu. Ötən il yanvarın 21-də Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanması da öz əhəmiyyətinə görə önəmli hadisələrdən biridir. Bu memorandum tərəflər arasında münasibətlərin daha da isinməsinə və əlaqələrin inkişafına səbəb oldu. Arzuxan Əlizadə dedi: “Azərbaycan regionun gələcəyi ilə bağlı müxtəlif təşəbbüslər irəli sürüb. “3+3” platforması da məhz bu qəbildəndir. Dekabrın 10-da bu təşəbbüsün reallaşması istiqamətində ilk addımlar atılaraq Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk iclas keçirilib. Qürurverici haldır ki, Azərbaycan artıq regionda aktiv rol oynayan önəmli bir dövlətə çevrilib. Ölkəmiz həm qonşu, həm region, həm də dünya dövlətləri ilə normal və qarşılıqlı etimada söykənən münasibətlər qurmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu mənada 2021-ci ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi xarakterizə etmək olar”.

 

Diplomatik qalibiyyət ili

 

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ölkəmizin 2021-ci ildə regionda sabitliyin, sülhün bərqərar olması üçün bir sıra önəmli addımlar atdığını deyir. Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması tariximizin ən əlamətdar günlərindən biri  kimi yadda qalacaq: “Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən Şuşa Bəyannaməsi Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasına start verilmə kimi dəyərləndirilməlidir. Bu saziş 2021-ci ildə  regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılmasına vəsilə oldu. Bu isə birmənalı olaraq, regional vəziyyətin bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcəyini zəruri edir. Ona görə də iki qardaş ölkə arasında qəbul edilmiş və imzalanmış Şuşa Bəyannaməsi kimi önəmli hadisədən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası liderlərinin VIII zirvə görüşündə Türk Dövlətləri Təşkilatının yaradılması barədə qərarın verilməsi ilin əlamətdar hadisəsinə çevrildi”.

Əsli Kazımova ötən ilin əhəmiyyətli hadisələri kimi, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin üçtərəfli formatda keçirilən görüşlərinə də diqqət çəkir. Qeyd edir ki, tərəflər danışıqlar masasında regionun dirçəldilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi üçün şəraitin yaradılması, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiyası kimi postmüharibə dövrünə aid önəmli məsələləri  müzakirə ediblər. Bu görüşlər Azərbaycanın diplomatik uğuru kimi qəbul olunmalıdır. Bu gün artıq danışıqlar masasında illərdir müzakirə mövzusu olan münaqişə yoxdur və buna Azərbaycanın sayəsində nail olunub. Hazırda Azərbaycan danışıqlar masasında regionu dirçəltmək üçün gərəkli olan məsələləri müzakirə edir. Ona görə də 2021-ci il Azərbaycanın diplomatik qalibiyyəti ili sayıla bilər. 2021-ci ili “Zəngəzur ili” də adlandıra bilərik və bu il “Azərbaycanın Zəngəzur zəfəri” kimi yadda qalmalıdır. Ə.Kazımova 2022-ci ilin “Böyük qayıdış ili” olacağına da ümid edir.

2021-ci ilin Azərbaycanın xarici siyasətində uğurları ilə yanaşı, ölkə daxili nailiyyətlərlə də yadda qaldığını söyləyən Əsli Kazımovanin fikrincə, bunların arasında Milli Məclisdə “Media haqqında” qanunun qəbul olunmasını xüsusi qeyd etmək olar: “Yeni qanun media ilə bağlı məsələləri yüksək səviyyədə tənzimləyəcək. Bu qanun ictimai institutların vahid mövqedə birləşməsinə və cəmiyyətin aparıcı qüvvəsi olan medianın fəaliyyətinə böyük töhfə verəcək. Bütövlükdə 2021-ci il həm də Azərbaycan mətbuatında aparılan genişmiqyaslı islahatlarla yadda qaldı”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyədək bütün istiqamətlər üzrə atılmış addımlar, keçirilmiş görüşlər ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, onun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsinə imkan verdi. 2022-ci ildə davam etdiriləcək effektiv siyasət sayəsində bu ilin də həm daxili, həm də xarici siyasət baxımından ölkəmiz üçün uğurlu olacağını indidən böyük inamla söyləmək olar.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video