26 Aprel 2024 09:20
284
Mədəniyyət
A- A+

Bəşəri dəyər

 

Hər il aprelin 26-sı bütün dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Bu tarixin daşıdığı missiya haqqında geniş danışmaq olar. Lakin hər kəsə məlumdur ki, əqli fəaliyyət və onun keçdiyi tarixi yol bəşəriyyət üçün xüsusi önəm kəsb edir. 
Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə ölkəmizdə keçirilən tədbirlərdə elmimizin, mədəniyyətimizin nailiyyətləri təhlil olunur, görüləcək işlər planlaşdırılır və yeni hədəflər seçilir. Bu il "Əqli mülkiyyət müasir mərhələdə" mövzusunda keçirilən "dəyirmi masa"da da innovasiya və yaradıcılıq naminə müəllifliyin dəstəklənməsi, əqli mülkiyyət sahəsində həyata keçirilən tədbirlər, o cümlədən "internet cəmiyyətində" müəllif-hüquq qanunvericiliyinin tətbiqi məsələlərinə dair geniş müzakirələr aparılacaq. 
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov söhbət əsnasında bildirdi ki, 2001-ci ildən  başlayaraq, hər il ölkəmizdə qeyd olunan Əqli Mülkiyyət Günü bu il xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu əlamətdar tarix artıq öz suverenliyini və bütövlüyünü tam bərpa edən doğma Vətənimizin bütün ərazisində qeyd olunur, bu isə hər bir azərbaycanlı üçün qürurvericidir. 
Dövlətimizin başçısının 2024-cü il 14 fevral tarixində andiçmə mərasimindəki nitqində böyük inamla söylədiyi "İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi" sözlərini xatırladan agentliyin sədri qeyd etdi ki, yeni dövrdə əqli mülkiyyət sisteminin qarşısında da mühüm vəzifələr durur və Prezident İlham Əliyevin rəhbərliyi altında biz bu vəzifələri layiqincə yerinə yetirəcəyik.
"Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin böyük təsiri kreativliyin, innovativliyin və təəssübkeşliyin inkişafında öz əksini tapır və gözəl bəhrələr verir. Çünki millətin ən dəyərli varidatı, onun intellekt böyüklüyünü təşkil edən keyfiyyətlər xalqın nümayəndələrinin yaradıcılığı və yenilikçiliyi ilə bağlıdır" deyən  K.İmanov sübut kimi konkret misallar gətirdi. Bildirdi ki, 2023-cü ildə 386 müəllifə (hüquq sahibinə) məxsus 713 əsər qeydiyyatdan keçirilərək 717 şəhadətnamə verilmişdir ki, bu da 2022-ci illə müqayisədə 20 faiz çoxdur. O cümlədən "elektron xidmət" bölməsi vasitəsilə 324 müəllif (hüquq sahibi) tərəfindən 626 əsər qeydiyyatdan keçirilmişdir. Bu da 2022-ci illə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınmışdır. 
Sənaye mülkiyyəti sahəsində 2023-cü ildə ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsinə dair agentliyə 302 iddia sənədi (2022-ci ildə 271 iddia sənədi) daxil olmuşdur. Bu isə ixtira fəallığının 11 faiz artması deməkdir. Nəticədə ixtiraya aid 103, faydalı modelə aid 36 və sənaye nümunələrinə aid 12 patent qeydiyyata alınmışdır. 
Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddiaların sayı 3862 olmuşdur, o cümlədən ekspertizanın sürətli aparılması üçün 1474 vəsatət (2022-ci ildə 931) daxil olmuşdur.
Gətirilən faktoloji statistika suverenliyimiz tam bərpa olunduğundan kreativ ruhun yüksəlməsindən irəli gələn müəllif-hüquq, ixtira və iqtisadi təəssübkeşliyin müsbət nəticələrinə dəlalət edir. 
Üstəlik, agentliyin tətbiq etdiyi innovativ üsulların da əhəmiyyəti danılmazdır. Belə ki, müəllif-hüquq obyektlərinin qeydiyyatı tam elektronlaşdırılmış, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı 24/7 rejimində PƏNAH rəqəmli sistemin tətbiqi nəticəsində iddiaçı ilə ekspertizanın və bu sahədə xidmət göstərən digər şəxslərin canlı təması aradan qaldırılmış, vahid pəncərə və istənilən yerdən xidmətə əlçatanlıq prinsipi əsasında operativlik və şəffaflıq təmin edilmişdir.
İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda olaraq 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay müddətində aparılmış və məlumatlara əlçatanlığı təmin edən "açıq reyestr" prinsipinin tətbiqinə başlanılmışdır. 

 

Əqli mülkiyyətin hüquqi bazası

 

Böyük məmnunluq hissi ilə qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əsas hüquqlar kimi təsbit olunan əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi məsələsinə hər zaman böyük əhəmiyyət verirdi. 1993-cü ildə Ulu Öndərin təşəbbüsü ilə mərkəzi icra hakimiyyəti orqanı statusunda Müəllif Hüquqları Agentliyi yaradılmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində əqli mülkiyyət hüquqları əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit olunmuşdur: "Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur". 
Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycan dövlətinin yeni inkişaf reallıqlarına uyğun olaraq əqli mülkiyyətin qorunması və inkişafı istiqamətində mühüm işlər görülmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə müstəqil Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsində ilk dəfə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanun qəbul edilmiş, bunun ardınca 1997-ci ildə "Patent haqqında", 1998-ci ildə "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilərək qüvvəyə minmişdir. 
2003-cü ildə Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyən "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanunun qəbulu da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın mədəni irsinə və əqli mülkiyyətinə verdiyi böyük dəyərin göstəricilərindən biridir. Bu qanun MDB məkanında və Şərqi Avropa ölkələrində folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi  hüquqi qorunmasını təmin edən ilk sənəddir.
Ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvüdür və əqli mülkiyyət sahəsində beynəlxalq konvensiyalara və müqavilələrə qoşulmuşdur.  

 

Kreativlik, müasirlik, şəffaflıq və yaradıcılığın dəstəklənməsi

 

2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. Ölkə Prezidentinin 2018-ci il 20 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.  Bununla da ilk dəfə olaraq ölkəmizdə əqli mülkiyyətin bütün qolları vahid "çətir" altında birləşmiş və sahənin inkişafında yeni dövr başlamışdır.
ÜƏMT müasir çağırışlara cavab verən milli əqli mülkiyyət ofislərinin yaradılmasına aid təlimatların hazırlanması məqsədilə dünya üzrə 204 ofis arasından seçilmiş mükəmməl idarəetmə strukturuna və inzibatçılıq mexanizmlərinə malik olan 15 ölkənin ofisləri sırasına Azərbaycan Əqli Mülkiyyət Agentliyini də daxil etmişdir. 
MDB məkanında fəaliyyət göstərən Avrasiya Patent Təşkilatı (APT) əqli mülkiyyət sahəsində Azərbaycanın müsbət təcrübəsini nəzərə alaraq "Müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyəti" mövzusunda geniş prezentasiya və məqalə sifariş edərək, onu Moskvada nəşr olunan "Əqli mülkiyyət: Sənaye mülkiyyəti" jurnalının xüsusi buraxılışında (2023, №5) dərc etdirmişdir. Avrasiya Patent Təşkilatının rəhbəri tərəfindən üzv dövlətlərin patent ofislərinə Azərbaycan təcrübəsindən geniş istifadə etmək tövsiyə olunmuşdur.
Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin səyləri nəticəsində əqli mülkiyyət sahəsində ölkəmizdə uğurla həyata keçirilən islahatlar Rusiya Hüquqşünaslar Assosiasiyasının təşəbbüsü ilə bir nümunə kimi qəbul edilərək, bu nümunə əsasında Rusiya Federasiyası Hökumətinə müvafiq təkliflərin verilməsi  qərara alınmışdır. 
Həyata keçirilən tədbirlər çərçivəsində "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidenti 2022-ci il 15 iyun tarixli fərman imzalamışdır. Bu fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr tarixli qərarı ilə "İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası" təsdiq edilmişdir. Bu qaydaya uyğun olaraq, PCT beynəlxalq sistemi vasitəsilə ixtiranın və faydalı modelin patentləşdirilməsi və patentin ilk üç il müddətində qüvvədə saxlanılması üçün hüquq sahibi tərəfindən ödənilmiş vəsaitin 50 faizinin dövlət büdcəsindən agentliyə bu məqsəd üçün ayrılmış vəsait hesabına maliyyələşdirilməsinə başlanılmışdır. 
Cəmiyyətdə əqli mülkiyyət sahəsində məlumatlılığın artırılması məqsədilə agentlik tərəfindən 2024-cü ilin aprel ayı "Əqli Mülkiyyət Aylığı" elan edilmişdir.
Hazırda "Əqli Mülkiyyət Aylığı" çərçivəsində maarifləndirici xarakterli silsilə tədbirlər keçirilir. İştirakçılar Azərbaycanda müəllif-hüquq sisteminin yaradılması və inkişaf mərhələləri barədə dolğun bilgi əldə edirlər. Agentliyin təcrübəli mütəxəssisləri tərəfindən ixtiranın qeydiyyatı və patentləşdirilməsi prosedurları, Azərbaycanda ixtiraçılıq və patent analitikası, patent ailələri, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin ekspertizası və qeydiyyatı barədə suallar dolğun şəkildə cavablandırılır. Universitetlərin və elmi-tədqiqat institutlarının mütəxəssisləri, tələbələr, ixtiraçılar, o cümlədən gənc ixtiraçılar və digər maraqlı şəxslər, habelə müəlliflərin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatlarının əməkdaşlarının iştirakı ilə geniş müzakirələr aparılır. Bu sahədə işlər davam etdiriləcəkdir.

 

Gəncliyin yaradıcı gücü

 

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara daim dəstək verir. Gənclik hər zaman yeniliklərin, inkişaf meyillərinin hərəkətverici qüvvəsi rolunda çıxış edir. Müasir gənclər xüsusilə ixtiraçılıq istedadları, innovasiyalara olan böyük maraqları ilə fərqlənirlər. Onların yeni baxışları, enerjisi, marağı və çətinlikləri dəf etməyə hazır olmaları, eləcə də daha firavan gələcəyə can atmaları artıq mövcud yanaşmaları dəyişdirir, innovasiyalara və yeniliyə stimul verir, kreativliyə gətirib çıxarır.
Bir neçə gün əvvəl "Əqli Mülkiyyət Aylığı" çərçivəsində gənc ixtiraçılara dəstək məqsədilə agentlik tərəfindən "Rəqəmsal dövrdə əqli mülkiyyət" mövzusunda seminar keçirilib. Tədbirdə gənclərin yaradıcılığının daha da inkişaf etdirilməsi və onların həvəsləndirilməsi sahəsində qarşıda duran vəzifələr geniş müzakirə olunub. Gənc ixtiraçılar maraqlı təqdimatlar ediblər. 
Qeyd edək ki, gənc ixtiraçılar tərəfindən nümayiş olunan ixtiraların patentləşdirilməsi üçün iddia sənədləri artıq Əqli Mülkiyyət Agentliyinə təqdim olunub və onlara lazımi dəstək göstərilir. 
Agentliyin təşəbbüsü və dəstəyi ilə ölkəmizin gənc ixtiraçılarının beynəlxalq səviyyədə qazandıqları nailiyyətlər xüsusi vurğulanmalıdır. 2023-cü ildə İstanbul şəhərində Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin, Türkiyə Patent və Əmtəə Nişanları Qurumunun (TÜRKPATENT), həmçinin Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) təşkilatçılığı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və "Türkiyə Texnologiya Komandası"nın dəstəyi ilə keçirilən "ISIF 23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi"ndə 5 azərbaycanlı ixtiraçı ölkəmizi layiqincə təmsil etmiş, 1 qızıl, 2 gümüş, 2 bürünc medala və 1 "Ən yaxşı xarici ixtira" sertifikatına layiq görülmüşlər. 
Beləliklə, bir daha vurğulamaq istərdik ki, sahə üzrə davamlı olaraq həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə copyright, patent və digər əqli mülkiyyət sahələrini vahid "çətir" altında birləşdirən mükəmməl və müasir bir sistem formalaşdırılmışdır. Sistem zamanın çağırışlarına uyğun şəkildə daim təkmilləşdiriləcək, bəşəri dəyər olan əqli mülkiyyətin qorunmasını təmin edəcək və ölkəmizin sosial-iqtisadi inkişafına layiqli töhfələr verəcəkdir.

İradə ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video