26 Aprel 2024 09:25
211
İQTİSADİYYAT
A- A+

Çiyid səpini sürətlənir

 

"MKT-İK" MMC-nin Neftçala filialı üzrə hər gün 250-300 hektarda əkin aparılır

 

Bu günlər kəndlinin üzü gülür. Hər kəs hava sarıdan ilin uğurlu gəlişindən razılıq edir. Yanvar ayında yağan qar, fevral-mart aylarındakı yağışlar torpağın iliyinə işləyib. Qar altında qalan taxıl, yonca sahələri "qış yorğanı"nın altında  küləkdən, şaxtadan özlərini qoruyublar.
Bu yağıntılar eyni zamanda həm çöldə-düzdə mal-qara üçün bol yem ehtiyatı yaranacağına zəmin, həm də yazda torpağın sinəsinə səpiləcək çiyid və digər toxumlar üçün məlhəm olub. Qarın, yağışın, şaxtanın təsirindən şum yumşalıb, əkinçi dili ilə desək, torpaq quzulayıb. Fermerlər həmin yerləri təzədən şumlayıb yaz aratına qoyublar. Bu il əkin suyunda hələlik bir problem olmadığından hər kəs yaz aratını vaxtında və keyfiyyətlə aparıb. Havaların istiləşməsi suvarılan sahələrin arata düşməsini əvvəlki illərlə müqayisədə xeyli sürətləndirib. Aprel ayının birinci ongünlüyündən səpinə başlanılıb. İndi hamı aratı ötürməmək, səpini vaxtında və keyfiyyətli aparmaq üçün gün çıxandan gün batanadək tarladadır. 
Bu günlər "MKT-İK" MMC-nin Neftçala filialında olub çiyid səpininin gedişi ilə maraqlandıq. Məlumat üçün bildirək ki, cari il filial üzrə 4 min 866 hektarda pambıq yetişdirilməsi nəzərdə tutulub. Bunun üçün hələ yanvar ayında 931 nəfər torpaq mülkiyyətçisi və fermerlə müqavilə bağlanıb. İndiyədək  3 min hektarda səpin aparılıb. Hər gün 250 hektarda səpin həyata keçirilməklə may ayının 5-nə kimi əkin başa çatdırılacaq. Bundan ötrü səpin kampaniyasına 11 "Conder" və "Holland" markalı ağır traktor, 40 "MTZ-80" traktoru, 40 "Cansa" səpin aqreqatı, 16 mala və digər texnika cəlb edilib. Fermerlər əsasən "May-505", "Ceyhan", "Lazer" pambıq sortlarına üstünlük verirlər. 
Filialın aqronomu Vüqar Həsənovla birlikdə əvvəlcə Kür çayının Şirvan tayında yerləşən Tatarməhlə kəndinə yollanırıq. Yanından keçib getdiyimiz yaşayış məntəqələri, taxıl sahələri, yoncalıqlar bir-bir arxada qalır. Yol yoldaşım bu yerlər haqqında məlumat verərək yola bir növ körpü salır. "Tatarməhlə" toponimi haqqında söz açır, mühüm tarixi faktlardan danışır: "Bu kənddə 1918-ci il erməni soyqırımına qədər həyat qaynamışdır: burada azərbaycanlılarla bərabər, tatar və ruslar da yaşamışlar. 20 minə qədər əhalisi varmış ovaxtlar Tatarməhlənin. Yerli əhali ilə birlikdə yerli olmayanlar da Kür sahilindəki balıq vətəgəsində işləyirmişlər. Sonralar vətəgə Bankə qəsəbəsinə köçürülüb. İndi isə çayda balıq, demək olar ki, tükənib. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur". Müsahibim tatar və rusların qəbiristanlığının bu günə kimi qaldığını da deyir. 
Köhnə Ələt-Astara magistralından ayrılıb Salyanın Babazanan yaşayış məntəqəsi ərazisindən keçib gedən və Neftçala rayonunun Bankə qəsəbəsinədək çəkilən yeni asfalt yolla irəliləyirik. V.Həsənov yolboyu yerləşən kəndlərin çoxuna təbii qaz, içməli su çəkildiyini, kəndlərdə məktəb, tibb məntəqəsi, iaşə obyektləri, poçt məntəqəsi və s. olduğunu deyir. Burula-burula baş alıb gedən şose ilə təxminən 10 kilometr gedib sol tərəfə dönürük. Şor kollektor-drenaj xəttinin üstü ilə yolumuza davam edirik. Uzaqda işləyən texnikalar diqqəti cəlb edir. Çox çəkmir, onların yanına çatırıq. Sahənin bir tərəfində "Conder" mala çəkir, o biri tərəfində isə başqa bir texnika ilə səpin aparılır. Sahənin baş tərəfində içərisi çiyid və ammafos gübrəsi ilə dolu olan lafetdə bir neçə adam dayanıb. "İşiniz abad, məhsulunuz bol olsun!" deyirik. Sonra Vüqar Həsənov bizi tanış edir: "Gördüyünüz sahə bu cavan oğlanın, mənim adaşım Vüqar İmanovundur. Məsuliyyətli, işgüzar fermerlərimizdəndir. Hər il "MKT-İK" MMC Neftçala filialı ilə müqavilə bağlayır. Keçən il havaların pambıqçılıq üçün o qədər də əlverişli olmadığına baxmayaraq, hər hektardan 35 sentner məhsul yığdı". 
Söhbətə sahə rəisi Rüfət Məmmədov qoşulur: "Vüqar həqiqətən yaxşı pambıqçıdır. Yaz aratını vaxtında və keyfiyyətlə aparıb. Sahənin hər tərəfi bərabər səviyyədə sulandığı üçün eyni vaxtda da arata düşüb. Bu isə pambıqçılıq üçün mühüm şərtlərdəndir. Belə olanda səpini də eyni vaxtda apara bilirsən. Bu isə bitkilərin sahənin hər tərəfində eyni səviyyədə boy atmasına, becərmə işlərinin eyni vaxtda aparılmasına, məhsulun eyni vaxtda yetişməsinə və eyni vaxtda yığılmasına şərait yaradır. Eyni sahənin bir hissəsinin bu gün, bir hissəsinin 2-3 gün sonra əkilməsi yaxşı nəticə vermir. Bu həm əlavə xərcə, həm əlavə vaxt itkisinə yol açır, həm də məhsuldarlığa mənfi təsir edir. Vüqar bunları yaxşı bildiyindən öhdəsində olan sahələrin hamısında "Lazer" adlanan texnika ilə hamarlama işi gördürmüşdür". 
Sakitcə dayanıb söhbətə qulaq asan fermerin özündən işlərin gedişi barədə danışmağı xahiş edirik. Sifəti, əlləri, qolları yağışın, qarın, küləyin, istinin, soyuğun təsiri altında tunc rəngini almış Vüqar sakit səslə dillənir: "Vallah, nə deyim, yoldaşlar demək olar hamısını dedilər. Onu əlavə edə bilərəm ki, 26 hektar sahədə pambıq yetişdirməyi qərara almışam. Hamı kimi mən də istəyirəm ki, daha çox məhsul əldə edim, qazancım yaxşı olsun, ailəm, balalarım korluq görməsin.  Yüksək məhsul götürmək üçün aqronom Vüqar Həsənov, sahə rəisi Rüfət Məmmədov mənə lazım olan bütün məsləhətləri verirlər. Səpin zamanı sahəyə çiyidlə birlikdə ammofos gübrəsi veririk. Əkdiyim çiyid lifsiz "Lazer" sortudur. Becərmə zamanı da çalışıram aqronomun, sahə rəisinin hər bir göstərişinə əməl edim". Sonra o, anidən fikrə gedib, yenidən sözünün axırını gətirir: "Bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Müqavilə bağladığım təşkilatın mütəxəssislərinin, xüsusən onun rəhbəri Bahəddin Leysanovun biz fermerlərə olan diqqət və qayğısını sizə çatdırmaq istəyirəm. Texnika, toxum, gübrə sarıdan heç bir çətinliyimiz olmur. Digər probemlərimizin həllində də Bahəddin müəllim əlindən gələni əsirgəmir. Belə dəstəyin, qayğının qarşısında biz də borcumuzu verməliyik". 
Arxasında "Cansa" səpin aqreqatı olan "MTZ-80" markalı traktor lafetə yan alır. Fermer V.İmanov, sahə rəisi və traktorçu - üçü birlikdə çiyid dolu kisələri və ammofos gübrəsini səpin aqreqatına boşaldırlar. Sahə rəisi bu vaxt: "Sağ ol, ay Rəşad, Allah səni bizə çox görməsin" deyə traktorçuya minnətdarlıq edir. Yüklənmiş aqreqat traktorun yedəyində yenidən səpinə başlayır. 
Geri qayıdarkən aqronom Vüqar Həsənovla Yuxarı Qaramanlı kəndi ərazisindəki pay torpağında çiyid səpini aparan fermer Hüseynalı Süleymanovun sahəsinə də baş çəkirik. H.Süleymanov təcrübəli fermerdir. Üstəlik orta ixtisas təhsilli aqronomdur, nəzəriyyəni bilir. Ona görədir ki, hər il əkib-becərdiyi sahədən yüksək məhsul əldə edir. O, bu il 6 hektarda pambıq yetişdirməyi qərara alıb. Çiyid səpinini aqrotexniki qaydalara uyğun optimal müddətdə başa çatdırıb. 
Bax belə, "MKT-İK" MMC Neftçala filialında indi qızğın iş gedir. MMC-nin mütəxəssisləri fermerlərlə əl-ələ verib gələcək məhsulun müqəddəratını həll edən səpin kampaniyasını vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün yorulmaq bilmədən çalışırlar. 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video