Prezident İlham ƏLİYEV: “Yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa zənginləşdirmə və emal zənciri yaradılmalıdır”
Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ başlayır. 2030-cu ilədək bu sahənin illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri ilə hesablandıqda təxminən 2 milyard dollara çatdırılması planlaşdırılır. “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” bu hədəfə gedən yolu yeni istehsal və emal gücləri ilə cızır.
Bu sahənin inkişafında əsas diqqət mineral resursların daha yüksək keyfiyyətli məhsullara çevrilməsi, emal imkanlarının genişləndirilməsi və xammaldan son məhsula qədər dəyər zəncirinin formalaşdırılmasına yönəldilir. Məsələyə bu cür yanaşma metallurgiya məhsullarının istehsalının və ixrac imkanlarının artırılması baxımından da əhəmiyyət daşıyır. Çünki dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların iqtisadi fəallığına təsir göstərən faktordur.
Məhz bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramının hazırlanması sektorun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm mərhələdir. Əslində proqramın hazırlanması ilə bağlı qərar 2026-cı il aprelin 1-də qəbul edilib. İki gün öncə isə Prezident İlham Əliyevin sədrliyi ilə bu məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə aparılan müzakirələr dövlətin dağ-mədən və metallurgiya sahəsinə yanaşmasının yalnız mövcud potensialın qorunması ilə məhdudlaşmadığını göstərir. Əsas diqqət resurslardan daha səmərəli istifadə, istehsal imkanlarının genişləndirilməsi və sahənin iqtisadi inkişafdakı rolunun artırılmasına yönəlib. Ona görə də yeni Dövlət Proqramı qarşıdakı mərhələdə görüləcək işlərin sistemli şəkildə həyata keçirilməsi üçün əsas sənədlərdən biri kimi çıxış edir.
Prezident İlham Əliyev müşavirədə proqramın maliyyə təminatının dövlət tərəfindən artıq müəyyənləşdirildiyini vurğulayaraq, sahəyə yerli və xarici investorların cəlb olunması üçün ortaya açıq mövqe qoyub: “ Bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma, eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür. Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyətutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır”. Dövlət başçısının bu fikirlərində əsas mesaj proqramın icrasını investorların marağından asılı vəziyyətə gətirməməkdir. Onun “qapılar açıqdır” ifadəsi isə xüsusilə yerli və xarici investorların bu sahəyə cəlb olunmasına verilən önəmi göstərir. Digər tərəfdən, qiymətli metalların dünya bazarındakı yüksək qiymətləri fonunda sektorun investisiya baxımından cəlbediciliyinə diqqət çəkilir.
Metallurgiya və dağ-mədən sənayesi bir çox şirkətin inkişafında mühüm rol oynayan sahədir. Dəmir və polad, alüminium, dəyərli metallar, minerallar və xam metal mədən sənayesini təşkil edir. Sektor dağ-mədən layihələrinin intensiv inkişafı, risklərin idarə edilməsi və yataqların kəşfi kimi müxtəlif məqsədlər üçün fond bazarlarında kapital tələb edir. Bu deyilənlərin nümunəsi kimi “AzerGold” QSC-nin fəaliyyətini göstərmək olar. Şirkət geoloji kəşfiyyatdan filiz hasilatına, emaldan qiymətli metalların satışına qədər dəyər zəncirinin müxtəlif mərhələlərini özündə birləşdirir. Son illər fəaliyyətini qızıl və gümüşlə məhdudlaşdırmayan “AzerGold” qara metal filizləri istiqamətində də layihələr həyata keçirir və “Daşkəsən Dəmir Filiz” layihəsi ilə metallurgiya sənayesinin inkişafında yerini genişləndirir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müşavirədə şirkətlə bağlı səsləndirdiyi fikirlər də “AzerGold”un qarşıdakı mərhələdə üzərinə düşən rolun miqyasını göstərir. Söhbət mövcud yataqların istismarından, yeni qızıl, mis və molibden ehtiyatlarının müəyyənləşdirilməsindən və onların hasilatla məhdudlaşmayıb zənginləşdirmə və emal mərhələlərindən keçirilməsindən gedir: “Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”.
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu prosesdə nəqliyyat xərclərinin optimallaşdırılması ilə yanaşı, ekoloji tələblərin və müasir standartların qorunması da əsas şərtlərdən biri kimi müəyyənləşdirilir. “Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir”, - deyə dövlət başçısı müşavirədə vurğulayıb.
Beləliklə, qarşıdakı üç il yeni yataqların istismara cəlb edilməsi, mineral resursların emalından son məhsulun istehsalına qədər geniş və dayanıqlı dəyər zəncirinin qurulması olacaq. Dövlət proqramının icrası bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin yeni mərhələyə çıxarılması ilə yanaşı, regionların inkişafına, məşğulluğun artmasına və ölkənin sənaye-ixrac potensialının gücləndirilməsinə xidmət edə bilər.
Züleyxa ƏLİYEVA.
“Azərbaycan”